AVROPA İTTİFAQI CƏNUBİ QAFQAZDA SÜLHYARATMA PROSESİNƏ DAHA RASİONAL YANAŞMAĞA BAŞLAYIR

Qlobal miqyasda baş verən hərbi-siyasi qarşıdurmalar, enerji təhlükəsizliyi məsələlərinin xüsusi aktuallığı, yeni nəqliyyat-logistika marşrutlarının formalaşdırılması zərurəti dünyanın aparıcı güclərini yeni əməkdaşlıq formatları axtarmağa vadar edir. Bu kontekstdə Cənubi Qafqazın lokomotivinə çevrilmiş Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərən, ölkəmizin potensialını düzgün dəyərləndirən ölkələrin və beynəlxalq təşkilatların sayı getdikcə artır.

Azərbaycan son illərdə yürütdüyü diplomatiya ilə həm regional, həm də qlobal səviyyədə strateji tərəfdaş statusunu möhkəmləndirib. Enerji resurslarının şaxələndirilmiş şəkildə dünya bazarına çıxarılması, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşdırılması, eləcə də sülh və əməkdaşlıq gündəliyinin təşviqi ölkəmizi beynəlxalq təşkilatların və fövqəlgüc dövlətlərin maraq dairəsinə çevirib. Son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Bakıya ardıcıl səfərləri, qarşılıqlı dialoqun intensivləşməsi, müştərək maraqlara əsaslanan əməkdaşlıq modellərinin müzakirəsi buna əyani sübutdur.

Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun sentyabrın 18-də ölkəmizə səfəri və Bakıda keçirdiyi müxtəlif səviyyəli görüşlər təşkilatın Cənubi Qafqaz regionundakı proseslərə qərəzli və qeyri-adekvat yanaşmalardan xilas olduğunu göstərir. Bu həm də 2025-ci il 8 avqust tarixdə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların yaratdığı yeni geosiyasi reallığın nəticəsi kimi dəyərləndirilə bilər. Qarabağdakı xunta rejiminin devrilməsindən sonra Fransanın siyasi təsiri altında Azərbaycanla münasibətlərini süni şəkildə gərginləşdirən Avropa İttifaqı artıq Cənubi Qafqazda ölkəmizin formalaşdırdığı sülh və əməkdaşlıq gündəmini qəbul edir.

Prezident İlham Əliyevin Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edərkən, ölkəmizin təşkilatla əməkdaşlığın genişlənməsində maraqlı olduğunu bir daha bəyan edib. Dövlət başçısı Azərbaycanın Avropanın enerji təchizatında oynadığı əhəmiyyətli rola xüsusi toxunaraq bildirib ki, ölkəmiz qitənin 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Qaz təchizatının coğrafi şaxələndirilməsi baxımından da ölkəmiz öncüllər sırasındadır.

Öz növbəsində Marta Kosun qəbul zamanı səsləndirdiyi fikirlər göstərir ki, Avropa İttifaqı artıq Azərbaycanla münasibətlərində daha praqmatik mövqe tutur. Onun Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəliləməsi istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik etməsi, təşkilatın sülh prosesinə və ölkəmizin həyata keçirdiyi humanitar minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirəcəyini bildirməsi deyilənlərin əyani təsdiqidir.

Rusiya-Qərb münasibətlərinin yüksək gərginlik nöqtəsinə çatması, qlobal enerji bazarındakı qeyri-sabitlik fonunda karbohidrogen ehtiyatları dünyada siyasi sabotaj alətinə çevrilib. Bu mənada, Azərbaycanın enerji resursları üzərində qurduğu praqmatik siyasət ölkəmizin milli maraqları ilə yanaşı, qlobal enerji təhlükəsizliyinin də möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi və digər enerji layihələri ölkəmizi Avropa üçün etibarlı enerji tərəfdaşına çevirib.

Enerji sahəsində əməkdaşlıq təkcə karbohidrogen resurslarının Avropaya ixracı layihələri ilə məhdudlaşmır. Azərbaycan son illərdə yaşıl enerji layihələrinə böyük diqqət yetirərək Avropa İttifaqı ilə əməkdaşlıqda yeni istiqamət açıb. 2030-cu ilədək ölkədə 7 QVt gücündə bərpaolunan enerji potensialının yaradılması planlaşdırılır və bu gücün ən azı 70 faizinin ixraca yönəldilməsi nəzərdə tutulur. Bundan əlavə, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Azərbaycan üzərindən Avropaya çatdırılmasına xidmət edən layihələrin icrasına başlanılıb. Bu isə Azərbaycanın yalnız qaz bazarında deyil, elektrik enerjisi bazarında da strateji rolunu artırır.

Avropa İttifaqı Azərbaycanla nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığı da genişləndirmək niyyətindədir. Təşkilatın Genişlənmə üzrə komissarı Marta Kos keçirdiyi müxtəlif səviyyəli görüşlərdə ölkəmizin regionda artan tranzit rolunu yüksək qiymətləndirərək, nəqliyyat-kommunikasiya sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirib. Bu açıqlama xüsusən də Zəngəzur dəhlizi – yeni terminlə ifadə etsək, “Trampın sülh və rifah marşrutu” kontekstində aktualdır.

Prezident İlham Əliyev qəbul zamanı qeyd edib ki, azad olunmuş ərazilərdə geniş yol-nəqliyyat infrastrukturunun qurulması intensiv şəkildə davam etdirilir və Zəngilana gedən avtomobil və dəmir yolu strateji əhəmiyyətə malikdir. Azərbaycanın Avropa İttifaqı üçün geosiyasi əhəmiyyətini artıran mühüm amillərdən biri də Orta Dəhlizin inkişafıdır. Görüşdə vurğulandığı kimi, bu dəhliz vasitəsilə Mərkəzi Asiyadan Avropaya daşınan yüklərin həcmi sürətlə artır. Bu, Azərbaycanın Şərq-Qərb nəqliyyat marşrutunun əsas həlqəsinə, Avropa üçün əhəmiyyətli tranzit məkana çevrildiyini deməyə əsas verir.

Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünün nəticələri ilə bağlı rəsmi sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, sülh prosesinin irəliləməsi Cənubi Qafqazda ticarət və investisiyalar üçün yeni imkanlar açır. Və tərəflər bu imkanlardan səmərəli yararlanmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupunun yaradılması barədə razılığa gəliblər.

Göründüyü kimi, Azərbaycanın təşkilatla münasibətləri təkcə enerji sahəsində deyil, bütün iqtisadi sferalar üzrə dinamik edir. Hazırda Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkə iqtisadiyyatına qoyulan xarici sərmayələrin böyük hissəsi məhz təşkilata üzv dövlətlərinin payına düşür.

MTM Analitik Qrup