
Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammiti bir sıra mühüm məqamlarla yanaşı, Azərbaycanın bu ölkə ilə münasibətlərinin strateji tərəfdaşlıq istiqamətində inkşaf etdiyini və mühüm perspektivlərə malik olduğunu göstərir.
Qlobal çağırışlar fonunda qeyd etmək lazımdır ki, bu əlaqələr təkcə iqtisadi deyil, regional və qlobal təhlükəsizlik maraqları, humanitar əməkdaşlıq, beynəlxalq hüququn aliliyinə sadiqlik prinsipləri üzərində qurulur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qətər Dövlətinin paytaxtı Dohada keçirilən Fövqəladə Ərəb-İslam Sammitində çıxışı zamanı səsləndirdiyi fikirlər ikitərəfli münasibətlərin real siyasi məzmununu ifadə edir. Sammitdə çıxışı zamanı Ceyhun Bayramov Qətərə edilən son hava hücumunun dərin narahatlıq doğurduğunu vurğulayıb, bu ölkənin suverenliyi və ərazi bütövlüyünə Azərbaycanın prinsipial mövqeyini ifadə edib. O, həmçinin bütün mübahisəli məsələlərin həllində, mövcud gərginliyin aradan qaldırılmasında beynəlxalq hüquq və BMT Nizamnaməsinin prinsiplərinin əsas götürülməsi vacibliyini vurğulayıb.
Rəsmi Bakı həmçinin, Qəzza bölgəsində mövcud humanitar böhranın aradan qaldırılmasında Qətərin səylərini yüksək qiymətləndirir. Azərbaycan və Qətər Dövlətinin Fələstin probleminin həllinə yanaşmaları üst-üstə düşür. Azərbaycanın Fələstin münaqişəsi ilə bağlı mövqeyi beynəlxalq hüquqa əsaslanmaqla, “iki dövlət” prinsipi üzərində qurulub və MT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Azərbaycanın dəstəklədiyi həll modeli Fələstin xalqının müstəqil dövlət qurmaq haqqını tanımaqla yanaşı, İsrail Dövlətinin təhlükəsizliyini də vacib şərt kimi önə çəkir. Bu mövqe balanslı, ədalətli və davamlı sülhün bərqərar olmasına xidmət edən rasional yanaşmadır.
Ölkəmizin bu mövqeyini gücləndirən əsas amillərdən biri də beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyidir. Azərbaycan üzləşdiyi ədalətsiz münaqişəni, işğal faktını məhz bu prinsiplərə əsaslanaraq aradan qaldırıb. Ölkəmiz Fələstin məsələsində də beynəlxalq hüquqa zidd hərbi təcavüz siyasətinə qarşı çıxır, münaqişələrin yalnız diplomatik danışıqlar yolu ilə həlli tərəfdarı kimi çıxış edir.
Həm Dətər Dövlətinin, həm də Azərbaycanın Fələstin xalqına dəstəyi konkret humanitar və sosial layihələrdə təzahür edir. Rəsmi Bakı ötən il Fələstin xalqına humanitar yardım məqsədilə 2 milyon ABŞ dolları ayırıb. Bundan əlavə, ölkəmiz Fələstinin Nablus regionunda 600 şagirdlik məktəbin inşasını üzərinə götürüb. Bu təşəbbüslər rəsmi Bakının münaqişənin ədalətli həllinə real töhfə verdiyini sübut etməklə yanaşı, onun beynəlxalq humanitar proseslərdə fəal iştirakçı rolunu möhkəmləndirir. Rəsmi Bakı Qətər Dövləti, Suriya və digər Yaxın Şəqr ölkələri ilə münasibətlərinin inkişaf etdirməklə, bu regionda sabitliyin təmin olunmasına, qorunmasına töhfələr verir.
Hərbi qarşıdurmaların ağır fəsadlarını, humanitar böhranlar doğurduğunu öz təcrübəsində görmüş bir dövlət kimi Azərbaycan yalnız siyasi dialoqa və beynəlxalq hüquqa əsaslanan mexanizmlərin real nəticə verə biləcəyi qənaətindədir. Ölkəmiz İsraillə yaxşı münasibətlərə malik olsa da, bu ölkənin Qətərə hücümunu narahatlıqla qarşılayır və rəsmi Tel-Əvivin beynəlxalq hüquqa hörmətlə yanaşmasını istəyir.
Rəsmi Bakının bu ədalətli yanaşması beynəlxalq hüquqa sadiqliyin və İslam həmrəyliyi prinsipinə bağlılığın real təzahürləridir. Qətərə edilən hücumla bağlı seyrçi olmayan münasibəti Azərbaycanın yalnız öz maraqlarını deyil, tərəfdaş ölkələrin təhlükəsizliyini də nəzərə aldığını göstərir. Bu, rəsmi Bakının İsraillə yaxın əlaqələrə malik olmasına rəğmən, beynəlxalq hüquq normalarını üstün tutduğunu bir daha sübut edir. Ölkəmiz bu balanslı mövqeyi ilə həm Qətərin, həm də bütövlükdə regionun təhlükəsizlik maraqlarını önə çəkir. Eyni zamanda, Azərbaycan həm İsraillə, həm də Qətərlə yaxşı münasibətlərə malik olması ölkəmizin vasitəşilik təşəbbüslərini də kifayər qədər real əsaslara söykəndiyini göstərir.
Qətər Dövləti ilə münasibətlərin mühüm istiqamətlərindən biri də Suriyanın enerji təchizatı məsələsində birgə əməkdaşlıqdır. Vətəndaş müharibəsindən çıxmış Suriyanın infrastrukturunun bərpası və qazla təminatında hər iki ölkənin enerji resursları və təcrübəsi böyük rol oynayır. Qətər Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Suriyaya nəqli layihəsinin maliuuəyləşdirilməsində yaxından iştirak etmiş ölkədir. Bu əməkdaşlıq həm də İslam həmrəyliyinin praktik təzahürü kimi diqqəti cəlb edir.
İqtisadi əlaqələrin inkişafı da ikitərəfli münasibətlərin dərinləşməsinə zəmin yaradır. Qətər Dövlətinin nüfuzlu biznes qurumlarının və sərmayə fondlarının ölkəmizə marağı getdikcə artır. Azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma işləri, yaşıl enerji istehsalı layihələri Qətər sərmayədarları üçün cəlbedici görünür. Enerji, investisiya, logistika və digər sahələrdə geniş əməkdaşlıq perspektivləri mövcuddur.
Azərbaycan və Qətər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər qurumlarda nümayiş etdirilən həmrəylik iki ölkənin mövqelərinin yaxınlığını göstərir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə irəli sürdüyü təşəbbüsləri rəsmi Doha tərəfindən dəstəklənib. Bu əməkdaşlıq modeli müsəlman dünyasının parçalanmasının qarşısını almaq, həmrəyliyi gücləndirmək və qlobal diplomatiyada daha təsirli mövqe sərgiləmək üçün mühüm əhəmiyyət daşıyır.
MTM Analitik Qrup