
Bəlli olduğu kimi Azərbaycan dövləti üçün son illərdə ən prioritet istiqamətlərdən biri işğaldan azad edilmiş Qarabağ və Zəngəzur bölgələrinin bərpası və yenidən qurulmasıdır. 2020-ci ildə başa çatan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, uzun illər işğal və dağıntılar altında qalmış torpaqların dirçəldilməsi üçün də geniş imkanlar yaradıb. Hazırda dövlətin əsas hədəfi bu ərazilərin sürətli inkişafı, infrastrukturun bərpası, insanların doğma yurdlarına qayıtması və bölgənin ümumilikdə ölkənin iqtisadi-sosial həyatına inteqrasiyasıdır. Artıq ötən müddətdə Azərbaycan bu müstəvidə dünya üçün ən yaxşı nümunələrdən biri olacaq işlərə imza atıb.
İşğaldan azad edilən ərazilərdə görülən işlər keçmiş məcburi köçkünlərin qayıdış prosesinin da sürətli xarakter almasını şərtləndirir. Elə bu kontekstdə Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə bir daha görülən işlərin möhtəşəmliyini diqqətə çatdıırb: “Biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq. Yəni, burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın”.
Qeyd edilməlidir ki, Qarabağ və Zəngəzurda aparılan quruculuq işlərinin əsasında müasir infrastrukturun yaradılması dayanır. İlk növbədə yolların, körpülərin və tunellərin çəkilişi həyata keçirilir və onlaın böyük bir qismi artıq başa çatıb. Bundan başqa, dəmir yollarının bərpası və yenilərinin çəkilişi də diqqət mərkəzindədir. Horadiz-Ağbənd dəmir yolu və digər magistrallar regionun nəqliyyat şəbəkəsini daha da gücləndirəcək. Zəngəzur dəhlizinin əsas bndlərindən biri hesab olunan Horadiz–Ağbənd dəmir yolunun tikintisinin 2026-cı ildə tam başa çatdırılması planlaşdırılır. Dəmir yolu xəttinin layihələndirilməsi işləri 84 faizi, tikinti-quraşdırma işlərinin 67 faizi başa çatdırılıb. Layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. Xatırlatmaq lazım gəlir ki, Zəngəzur dəhlizi çərçivəsində ölkədə dəmir yolu xətlərinin tikintisi ilə paralel olaraq avtomobil yolları da inşa olunur.
Bununla yanaşı, azad olunan ərazilərdə enerji təminatı sahəsində də böyük işlər görülür. Qarabağ və Zəngəzurda yaşıl enerji zonası konsepsiyası tətbiq olunur. Günəş, külək və hidroenerji potensialı yüksək olan bu bölgədə yeni elektrik stansiyaları inşa edilir. Zəngilan və Cəbrayılda günəş stansiyaları, Laçında isə külək enerjisi layihələri reallaşdırılır. Bununla həm ekoloji dayanıqlılıq təmin olunur, həm də bölgənin enerji tələbatı tam şəkildə ödənilir. O da faktdır ki, qarabağ və Zəngəzur bölgələri zəngin təbii sərvətləri ilə seçilir. Burada kənd təsərrüfatının inkişafı üçün münbit torpaqlar, su ehtiyatları və əlverişli iqlim şəraiti mövcuddur. Dövlət tərəfindən bölgədə kənd təsərrüfatı klasterləri yaradılır, üzümçülük, taxılçılıq, heyvandarlıq və arıçılıq kimi sahələr dəstəklənir. Bundan başqa, azad edilmiş ərazilərin böyük turizm potensialı da var. Xüsusilə Şuşa, Hadrut, Kəlbəcər və Laçın bölgələrinin təbii gözəllikləri, tarixi abidələri beynəlxalq turistlərin diqqətini cəlb edir. Burada dağ-xizək kurortları, sanatoriyalar, ekoturizm marşrutları yaradılır. İnvestisiya baxımından da Qarabağ və Zəngəzur xarici şirkətlər üçün cəlbedici məkana çevrilib. Artıq Türkiyə, İtaliya, İsrail və digər ölkələrin şirkətləri burada enerji, tikinti və aqrar layihələrdə iştirak edir. Bu, bölgənin dünya iqtisadiyyatına inteqrasiyasına mühüm töhfə verir.
Quruculuq işlərinin əsas məqsədi insanların doğma yurdlarına qayıtmasını təmin etməkdir. 30 ilə yaxın müddətdə yurd həsrəti çəkmiş məcburi köçkünlər üçün yeni evlər tikilir, sosial şərait yaradılır. Atbaba yurdlarına qayıdan ailələrin təcrübəsi göstərir ki, bu proses təkcə infrastrukturla bağlı deyil, həm də böyük mənəvi məna daşıyır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələriniyerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır. Amma onların sayı indi daha sürətlə artır. Buna səbəb azad olunan ərazilərdə qayıdış üçün görülən işlərin miqyasının genişliyi, qayıdış üçün əlverişli zəmin yaradılmasıdır. Eyni zamanda, bölgədə mina təmizlənməsi işləri də davam edir. Bu, insanların təhlükəsiz şəkildə öz torpaqlarına dönməsi üçün zəruri şərtdir. Dövlət və beynəlxalq təşkilatlar bu prosesə ciddi dəstək verir.
Azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası həm Azərbaycan iqtisadiyyatını gücləndirir, həm də bu yerlərin özünün tərəqqisini daha dinamik hala gətirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri yalnız Azərbaycanın daxili inkişafı üçün deyil, həm də regionun geosiyasi mənzərəsi üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Zəngəzur dəhlizi layihəsi Asiya ilə Avropanı birləşdirəcək yeni nəqliyyat arteriyası kimi nəzərdə tutulur. Bu dəhliz açıldıqda Azərbaycan regional logistik mərkəzə çevriləcək, Ermənistan isə əməkdaşlıqdan faydalana biləcək. Beynəlxalq ictimaiyyət də bu prosesə maraq göstərir. Çünki Qarabağda və Zəngəzurda sülhün və inkişafın bərqərar olması bütövlükdə Cənubi Qafqazda sabitliyi möhkəmləndirəcək, yeni əməkdaşlıq imkanları yaradacaq.
Qarabağ və Zəngəzurda gedən quruculuq işləri bir daha Azərbaycanın gücünü, iradəsini və gələcəyə baxışını nümayiş etdirir. Bu bölgələrin bərpası təkcə dağıdılmış şəhərlərin yenidən qurulması deyil, həm də ədalətin bərpası, milli qürurun təcəssümüdür. Yeni yollar, hava limanları, müasir kəndlər və şəhərlər, enerji layihələri və turizm obyektləri bu torpaqları qısa müddətdə dirçəldir. Ən əsası isə yüz minlərlə insanın doğma yurduna qayıdışı təmin olunur. Beləliklə, Qarabağ və Zəngəzurda aparılan quruculuq işləri təkcə Azərbaycanın deyil, bütün regionun gələcəyinə sabitlik, inkişaf və rifah gətirir.
MTM Analitik Qrup