
Məlum həqiqətdir ki, müasir beynəlxalq münasibətlərdə dövlətlərin təsir imkanları təkcə hərbi və iqtisadi güclə ölçülmür. Bu gün informasiya texnologiyalarının sürətli inkişafı, qloballaşma proseslərinin dərinləşməsi və ölkələr arasında qarşılıqlı asılılığın artması “yumşaq güc” siyasətini daha da aktuallaşdırıb. “Yumşaq güc” anlayışı ilk dəfə amerikalı politoloq Cozef Nay tərəfindən irəli sürülüb və dövlətlərin zor tətbiq etmədən, cəlbedici ideyalar, mədəniyyət, diplomatiya, informasiya vasitələri ilə nüfuz qazanmaq bacarığını ifadə edir. Rusiya Federasiyası da beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün “yumşaq güc” alətlərindən aktiv şəkildə istifadə etməyə çalışır. Amma bu zaman digər məqsədlərin güdülməsi də nəticə etibarı ilə fiaskonu şərtləndirir. Bunun bariz nümunəsini şimal qonşumuzun postsovet ölkələrinə, o cümlədən də Azərbaycana münasibətdə yürütdüyü siyasət, nəticədə yaşanan iflas kontekstində bir daha görmək mümkündür.
Məsələ ilə bağlı Rusiyanın “The Insider” nəşri tərəfindən maraqlı araşdırma aparılıb. Nəşr xatırladır ki, Rusiya prezidenti Vladimir Putin cari ilin avqust ayında Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə Prezident İdarəsini ləğv edib. Burada başlıca məqsəd Prezident Administrasiyasının işini optimallaşdırmaq olub. Əvəzində Prezident Administrasiyasında strateji tərəfdaşlıq və əməkdaşlıq üzrə yeni idarə yaradılıb. “The Insider” nəşri yazır ki, bunlar ondan qaynaqlanıb ki, Moskva keçmiş SSRİ ölkələrində “yumşaq güc”ü irəlilətməyə nail olmayıb və bu da təəccüb doğurmayıb. Sözügedən məqsədlə ayrılan pullar barəsində bəs olunan idarədə çalışan əməkdaşların qonşularının və qohumlarının yeməyə getdiyi mənasız tədbirlərə xərclənib, rəhbərlik isə daim dəyişib.
Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə Prezident İdarəsi 2005-ci ildə, Ukraynada “narıncı inqilab”dan bir il sonra yaradılıb. Bununla bağlı “The Insider” yazır ki, həmin hadisələr Rusiyanı o dərəcədə qorxudub ki, Prezident Administrasiyasında belə bir idarə yaradılmasına qərar verilib. İdarənin fəaliyyət dairəsinə Ukrayna ilə yanaşı, Azərbaycan, Ermənistan, Gürcüstan, eləcə də digər postsovet respublikaları da daxil olub: “Bu strukturun ilk rəhbəri iqtidaryönlü siyasi strateq Modest Kolerov idi, lakin iki ildən sonra o deyildiyi kimi, “qonşu dövlətlərlə münasibətlərdə həddindən artıq radikallığa görə” işdən çıxarılıb. Qonşulara təsir və nüfuzun daha incə üsullarına ehtiyac var idi və Putin həmişəki kimi xüsusi xidmət orqanlarının adamlarına arxalanırdı. Direktorluq kürsüsünə əvvəllər “Komsomolskaya Pravda”nın jurnalist vəsiqəsi ilə Yaponiyada casusluq etmiş və Yaponiyanın ən böyük qəzeti olan “Yomiuri Şimbun”da yarımştat işləyən xarici kəşfiyyatçı Nikolay Tsvetkov əyləşdirlib. İki il sonra Tsvetkovu Xarici Kəşfiyyat Xidmətinin polkovniki Sergey Vinokurov əvəz edib. 2012-ci ilin iyununda Cənubi Osetiya və Dnestryanıda qalmaqallı prezident seçkilərindən sonra Vinokurov tutduğu vəzifədən uzaqlaşdırılaraq Xarici Kəşfiyyat Xidmətinə qayıdıb. Sonra başqa bir karyera kəşfiyyatçısı yaxın xariclə “mədəni əlaqələri”inkişaf etdirmək üçün təyin edilib – Putinin dostu Sergey İvanovun dairəsindən olan Vladimir Çernov.
Çernov casusluq karyerasına Londonda Beynəlxalq Buğda Şurasının himayəsi altında başlayıb. Uğursuzluq təhlükəsi səbəbindən Xarici Kəşfiyyat Xidmətinin Finlandiya rezidenturasına köçürülüb və burada İvanovla tanış olub. Çernov çoxsaylı çıxışlarında Amerika və NATO təhdidləri ilə qonşu ölkələri qorxudub, özü də tətilini Avropanın kurortlarında keçirib, nəvəsini ABŞ-a oxumağa göndərib. Administrasiyanın planlaşdırma şöbəsinə FTX-nin keçmiş zabiti Valeri Maksimov rəhbərlik edib. Polkovnik Maksimov hazırda Vladimir Solovyovun tok-şousunda davamlı olaraq çıxış edən Kremlpərəst təbliğatçı Sergey Mixeyevə nəzarət edirdi. Redaksiyada Mixeyevin Qazaxıstan, Qırğızıstan və Baltikyanı ölkələrdəki vəziyyətlə bağlı çoxsaylı hesabatları var. O cümlədən, Prezident Administrasiyasının ona valyutadəyişmə məntəqələrinə qəbul edilməyən cırılmış dollarlar verməsi ilə bağlı şikayətlər. Keçmiş SSRİ ölkələrində Mixeyev Moskvanın himayədarları üçün seçki kampaniyalarının təşkilində iştirak edirdi və açıq-aydın onların qalib gəlməsi mümkün deyildi”.
Buna misal kimi nəşr xatırladır ki, 2020-ci ildə Gürcüstanda parlament seçkiləri ərəfəsində Çernov və Maksimov şöbənin kuratoru Dmitri Kozakı ən yaxşı vaxtlarda belə ən çox 5 faiz səs toplayan Gürcüstan Vətənpərvərlər Alyansına “stavka” etməyə inandırdılar: “Yarandığı gündən Gürcüstan Vətənpərvərlər Alyansı Moskva ilə yaxınlaşmağa, ABŞ və Aİ ölkələri ilə əməkdaşlıqdan imtinaya doğru istiqamət götürüb və partiya liderləri İrma Anaşvili və David Tarxan-Mouravi Dövlət Dumasında tez-tez qonaq olublar və burada onlar nüfuzlu müxalifətçi kimi təqdim olunublar. Sənədlərdən göründüyü kimi, Gürcüstan Vətənpərvərlər Alyansının təbliği üçün Rusiya büdcəsindən 10 milyon dollardan çox vəsait xərclənib və Mixeyev Moskvadan gizli şəkildə onun seçki kampaniyası qərargahına rəhbərlik edib. Lakin sonda “müxalifətçilər” cəmi 3,14 faizsəs topladılar – çekist Maksimov, Mixeyev və Gürcüstan Vətənpərvərlər Alyansının rəhbərliyi bu puldan nə qədər ciblərinə atdığını ancaq təxmin etmək olar.
İdarədəki “Baltik” şöbəsinə kəşfiyyat polkovniki Yevgeni Umerenkov rəhbərlik edirdi… Xarici Kəşfiyyat İdarəsinin digər zabiti Dmitri Avanesov Ermənistandakı vəziyyəti izləyib. “The İnsayder”in ixtiyarında Ermənistan hökumətindəki “köstəbək”dən xəbərlər var, o, Avanesova baş nazir Nikol Paşinyanın bütün hərəkətləri barədə məlumat verib. Paşinyanın adı bu məlumatlarda “Saqqal” ləqəbi ilə qeyd edilirdi… İdarədə Azərbaycana Xarici Kəşfiyyat İdarəsinin əməkdaşı Valeri Çernışev baxıb. Ona ölkənin tanınmış şəxsləri, məmurları, hərbçiləri barədə operativ məlumatlar daxil olurmuş. Kreml Azərbaycanda Türkiyəyə qarşı Rusiyanın maraqlarını təbliğ edəcək təşkilatın olmamasından çox narahat idi. İdarənin kuratoru Dmitri Kozaka “Azərbaycan” şöbəsinin məruzəsində deyilirdi: “Kremli Azərbaycanda Türkiyədən fərqli olaraq Rusiyanın maraqlarına xidmət edəcək təşkilatların demək olar ki, tamamilə olmamasından çox narahat idi. “Azərbaycan” şöbəsinin Kozaka verdiyi məxfi hesabatdan bir parçanı təqdim edirik: “Rusiya QHT-lərinin Azərbaycanda mövcudluğunun gücləndirilməsi məqsədəuyğundur. Rusiyanın mövqeyini təşviq edəcək real ictimai təşkilatların olmaması açıq-aşkar görünür. Azərbaycanda mövcud QHT-lərin canlanması və ya yenilərinin yaradılması uzunmüddətli perspektivdə Rusiya təsirinin həyata keçirilməsi üçün “yumşaq güc” alətinin yaradılmasına töhfə verərdi. QHT işinin əsas istiqaməti sərhədyanı ərazilərə, gənclərə, tələbə təşkilatlarına, təhsilə, rus dilinə, mədəni layihələrə və jurnalist forumlarına yönəldilə bilər. QHT layihələri təkcə böyük tədbirlərlə bitməməli, daim Azərbaycan cəmiyyətinə daxildən “nüfuz etməli”, kütləvi informasiya vasitələrində səslənməlidir. Həmvətənlərin təşkilatları ilə işi optimallaşdırmaq və sistemləşdirmək, lazım gələrsə, onların rəhbərlərini dəyişmək lazımdır”.
Nəşr qeyd edir ki, bunlar fonunda emissarlar Azərbaycana tez-tez gəlməyə başladılar, çoxsaylı seminarlar, dəyirmi masalar, konfranslar, jurnalistika məktəbləri təşkil olundu. İdarənin keçmiş əməkdaşı “The Insider”ə bildirib: “Mənim hesablamalarıma görə, Azərbaycanla dostluğa yüz milyon dollardan çox pul töküldü, amma hər şey boş yerə getdi. Yenə də şou üçün və ya balalayka diplomatiyası ruhunda çox işlər görüldü. Və onlar hər zaman içdilər, içdilər və içdilər”. Nəşr daha sonra yazır: “Moskva ilə Bakı arasında gərginlik 2025-ci ilin əvvəlində bitib. Rusiya hakimiyyəti əvvəlcə “Azərbaycan Hava Yolları”nın təyyarəsi ilə faciənin təfərrüatlarını inadla gizlədib, sonra isə Yekaterinburqda qətl edilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının dindirilmələr zamanı faktiki işgəncələrə məruz qalması barədə yalan danışıb. Azərbaycan hakimiyyətinin reaksiyası özünü çox gözlətməyib”. Bütün bunlar həm də Azərbaycanın kənar təhlükələri vaxtında neytralalşdırmaq qüdrətindən irəli gəlir. Rusiyadan əlavə, Fransanın və digərlərinin ölkəmizlə bağlı məxfi əməliyyatlarının iflasa uğraması da bunun təsdiqidir.
“The Insider” yazır ki, digər istiqamətlərdə də Rusiya sözügedən müstəvidə uğursuzluqla üzləşib və indi ləğv edilmiş xarici ölkələrlə mədəni əlaqələr idarəsinin bazasında strateji tərəfdaşlıq və əməkdaşlıq departamenti yaradılacaq ki, onun tərkibinə əlavə olaraq daha bir ləğv edilmiş struktur – transsərhəd əməkdaşlıq departamenti də daxil olacaq: “Putin təşkilati tədbirlər üçün üç ay vaxt verib, Kozakın əvəzinə yeni bölməyə Sergey Kiriyenko rəhbərlik edəcək… Lakin Rusiyanın Ukraynaya hücumundan sonra vəziyyət kəskin şəkildə dəyişib və qonşu dövlətlər Kremlin səmimi dostluq və əməkdaşlığı inkişaf etdirmək niyyətinə inanmırlar. Məsələn, Qazaxıstan, Türkmənistan və Özbəkistan müdafiə xərclərini 2,6 faiz artırıb və Moskva ilə hərbi əməkdaşlığı tədricən məhdudlaşdırır”.
Beləliklə, Rusiyanın “yumşaq güc” siyasəti ciddi problemlərlə üzləşir. Ukrayna ilə müharibə, Gürcüstan və Moldovada yaşanan böhranlar, Qərb dövlətlərinin sanksiyaları Rusiyanın beynəlxalq imicinə mənfi təsir göstərib. Bir çox dövlətlər Moskvanın mədəni və humanitar təşəbbüslərini təbliğat aləti kimi qəbul edir. Beləliklə, hərbi müdaxilələr və siyasi təzyiqlər “yumşaq güc”ün effektivliyini zəiflədir. Bununla belə, Rusiya “yumşaq güc”dən imtina etmir və onu öz xarici siyasətinin mühüm elementi hesab edir.
MTM Analitik Qrup