ZƏNGƏZUR DƏHLİZİ: YENİ BLOKLAŞMA, YOXSA ƏMƏKDAŞLIQ?

Cənubi Qafqazda uzun illərdir müzakirə olunan Zəngəzur dəhlizi məsələsi Azərbaycan və Ermənistan liderlərinin süllə bağlı 8 avqust Vaşinqton razılaşmasından sonra yenidən beynəlxalq gündəmə çevrilib. Bu çərçivədə Amerikanın Ermənistana ilkin mərhələdə 145 milyon dollar yardım ayırması barədə razılığın əldə olunması həm də ciddi geosiyasi hadisə kimi qiymətləndirilməlidir. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın Mehri və Qafanda yol çəkilişləri ilə bağlı açıqlamaları isə bu prosesin artıq praktiki mərhələyə keçdiyini göstərir.

Amerikanın bu layihəyə vəsait ayırması bir neçə səbəblə izah oluna bilər. Birincisi Vaşinqton regionda geosiyasi balans yaratmağa, ABŞ, Rusiya və Çinin bölgədə artan təsirini zəiflətməyə çalışır. Zəngəzur dəhlizinə investisiya bölgədə Qərbin mövqelərini gücləndirmək üçün bir alət kimi görünür. İkincisi, bu, enerji və nəqliyyat təhlükəsizliyidir. Belə ki, ABŞ Mərkəzi Asiya və Xəzər hövzəsi resurslarının Qərbə çıxışını təmin edən marşrutların inkişafında maraqlıdır. Ermənistan üzərindən keçəcək yol isə alternativ enerji və ticarət xəttinin yaradılması deməkdir. Üçüncüsü, Vaşinqton İrəvanı Moskvanın təsir dairəsindən çıxarmaq üçün iqtisadi stimullar verir. ABŞ yardımı Ermənistanın infrastrukturunu gücləndirməklə yanaşı, onu Qərbə daha da yaxınlaşdırır.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın da Mehri və Qafanda yol tikintisi barədə açıqlamaları Ermənistan hökumətinin bu məsələdə qərarlı olduğunu göstərir. Lakin Ermənistan qarşısında ikiqat dilemma var. Bir tərəfdən, Rusiya və İran məsələyə etiraz edir. Moskva Zəngəzur dəhlizini öz nəzarəti altında görmək istəyir, Tehran isə bu yolun bölgədə Türkiyə və Azərbaycanın təsirini artıracağından narahatdır. Digər tərəfdən, Qərbin təzyiqi və yardımıdır ki, ABŞ və Avropa İttifaqı Ermənistana dəstək verməklə onu Rusiyadan uzaqlaşdırmağa çalışır.

Paşinyan hökuməti son illərdə açıq şəkildə Qərbə inteqrasiya kursu götürdüyündən, bu yardımı qəbul etməklə öz siyasi kursunu daha da möhkəmləndirmiş olur. Azərbaycan da Zəngəzur dəhlizinin açılmasını öz milli maraqlarına uyğun hesab edir. Lakin Bakı üçün əsas məsələ dəhlizin nəzarət mexanizmi və təhlükəsizlik təminatıdır. ABŞ və Avropa İttifaqının da iştirakı layihənin beynəlxalq xarakterini artırır. Bu da Azərbaycanın regiondakı tranzit rolunu gücləndirəcək.

145 milyon dollarlıq yardım sadəcə infrastruktur sərmayəsi deyil, həm də siyasi mesajdır. Bu addım göstərir ki, Qərb Zəngəzur dəhlizinə sadəcə regional layihə kimi deyil, geosiyasi təsir vasitəsi kimi baxır. Nəticə etibarilə qeyd edə bilərik ki, bu vasitə ilə Ermənistan Qərbə daha da yaxınlaşacaq. Rusiya və İran sərt reaksiya göstərəcək. Azərbaycan isə dəhlizin öz maraqlarına uyğun açılması üçün diplomatik fəaliyyətini artıracaq. Bununla da qarşıdakı illərdə Zəngəzur dəhlizi təkcə iqtisadi layihə deyil, həm də regionun geosiyasi xəritəsini dəyişdirəcək əsas faktor kimi çıxış edəcək.

MTM Analitik Qrup