ABŞ ZƏNGƏZUR DƏHLİZİ İLƏ BAĞLI HƏRƏKƏTƏ KEÇİB – ERMƏNİSTAN ÖZÜNÜTƏCRİDDƏN XİLAS OLUR

8 avqust tarixində ABŞ-nin paytaxtı Vaşinqton şəhərində ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib. Vaşinqton görüşündə razılıq edilən əldə məsələlərdən biri də “Zəngəzur dəhlizi” olub. Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanacaq.

Prezident Donald Tramp bildirib ki, yol 99 illiyinə icarəyə veriləcək, amma sonradan daha 99 il uzadılacaq.

Artıq görüşdən bir ay vaxt keçib və rəsmi Vaşinqton layihəni sürətləndirmək üçün hərəkətə keçib. 8 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib. Görüş zamanı, cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb. Bakı ümid etdiyini bildirib ki, saziş Ermənistan vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan, eləcə də Türkiyə ilə maneəsiz əlaqəni təmin edəcək. ABŞ nümayəndə heyəti Bakıdan sonra İrəvana səfər edəcək. Ermənistan “42 kilometrlik Tramp dəhlizi”nin təfərrüatlarını müzakirə etmək üçün tezliklə Amerika nümayəndə heyətinin İrəvana gələcəyi barədə məlumatı artıq təsdiqləyib. Söhbət Zəngəzur dəhlizinin çəkilməsindən gedir. Maraqlıdır ki, İrəvanda amerikalılar bağlı qapılar arxasında danışıqlar aparacaqlar.

Ehtimal etmək olar ki, Baş nazir Nikol Paşinyanın Pekinə səfəri zamanı Rusiya lideri Vladimir Putinlə görüşü və sonradan İrəvan-Moskva münasibətlərinə dair açıqlama verməsi Vaşinqtonda müəyyən narahatlıq yaradıb. Bu səbəbdən də bağlı qapılar arxasında amerikalı heyətin Putin-Paşinyan görüşü barədə təfərrüat əldə edəcəyini ehtimal etmək olar. Paralel olaraq isə ABŞ heyətinin işləri sürətləndirmək, dəhlizlə bağlı cari məsələləri qısa müddətdə həll etməklə bağlı erməni hökumətinə tapşırıq verəcəyini gözləmək olar. Çünki Ermənistan verdiyi sözə əməl etmək məsələsində pis təcrübəyə malikdir. Bunu isə Bakı ilə yanaşı, Vaşinqtonda da gözəl anlayırlar. Bu səbəbdən də ABŞ heyətinin İrəvana səfərinə bu prizmadan da yanaşmaq olar.

Amerika nümayəndə heyətinin beynəlxalq layihəni işə salmaq üçün iki paytaxtda sinxron işləməsi əlamətdardır. Çünki belə bir layihənin reallaşması Cənubi Qafqaz regionuna sülh gətirməklə yanaşı, iqtisadi əməkdaşlıq perspektivlərini də genişləndirir. Bununla yanaşı, Ermənistan özünütəcrid siyasətinə son verərək, geosiyasi layihələrə, beynəlxalq logistika layihələrinə qoşulma imkanı əldə edəcək. Bu, rəsmi İrəvan üçün Moskvanın boyunduruğundan qurtulmaq üçün əla fürsətdir.

MTM Analitik Qrup