
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin qarşılıqlı əməkdaşlığı qlobal siyasətin əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Qeyd edilən kontekstdə son onilliklərdə Çinin dünya miqyasında artan iqtisadi, siyasi və geosiyasi gücü onun müxtəlif regionlarda maraqlarının genişlənməsinə səbəb olub. Cənubi Qafqaz regionunda Azərbaycanla münasibətlər isə bu siyasətin mühüm tərkib hissəsinə çevrilib. Çinin Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərməsinin arxasında konkret iqtisadi, enerji, nəqliyyat-logistika, siyasi və strateji səbəblər dayanır.
Proseslər göstərir ki, bundan sonra da Çin Azərbaycanla əməkdaşlığının dərinləşməsində maraqlı tərəf olaraq qalacaq. Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey də təsdiq edir. Onun sözlərinə görə, Pekin və Bakı əməkdaşlıq üçün böyük perspektivlərə və potensiala malikdir. Xanım səfir Azərbaycan Prezidenti İlham Əliyevin Çinə son səfərinin praqmatik əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini də diqqətə çatdırıb: “Çin Sədri Si Cinpin qeyd edib ki, milli inkişaf strategiyalarının uyğunlaşdırılmasını aktivləşdirmək, “Bir kəmər, bir yol” çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığı inkişaf etdirmək, ticarət və investisiyaların sadələşdirilməsinə töhfə vermək, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun buraxılış qabiliyyətini daim artırmaq, infrastruktur, kənd təsərrüfatı və energetika kimi ənənəvi sahələrdə əməkdaşlığı genişləndirmək, eyni zamanda rəqəmsal iqtisadiyyat, “yaşıl inkişaf” və süni intellekt kimi yeni sahələrdə qarşılıqlı fəaliyyət göstərmək vacibdir”. Bundan əlavə səfir təhsil, elmi-texniki, mədəni, turizm, gənclər və regionlararası əməkdaşlığın ikitərəfli münasibətlər üçün möhkəm təməl yaratmaq məqsədilə gücləndirilməsinin vacibliyini vurğulayıb: “Gələcəyə baxdıqda, Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının geniş perspektivlərə və böyük ümidlərə malik olduğunu söyləmək olar. Çin tərəfi Azərbaycan tərəfi ilə birgə işləməyə və ikitərəfli münasibətlərin daha da inkişafına töhfə vermək üçün bütün mövcud razılaşmaların uğurla həyata keçirilməsi üçün bütün səylərini göstərməyə hazırdır”. Elə eyni yanaşma Azərbaycan tərəfindən də sərgilənir.
Bütün bunlardan irəli gəlir ki, ölkələr arasında münasibətlərin inkişafı getdikcə daha dinamik xarakter alır. Bu, müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi müstəvidə qabarıq şəkildə özünü büruzə verir. Səfir Lu Mey də qeyd edir ki, Azərbaycan və Çin bu ilin sonuna qədər illik ticarət həcmini rekord səviyyəyə çatdırmağı planlaşdırır: “Çin və Azərbaycan iqtisadiyyatı bir-birini tamamlayır və sənaye, investisiya əməkdaşlığı üçün böyük potensiala malikdir. Bu ilin iyun ayında Çin və Azərbaycan bazarlara giriş üzrə danışıqları başa çatdırıb. Bu da Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü üçün əhəmiyyətli təkan verib. Azərbaycanın statistik məlumatlarına görə, bu ilin ilk yeddi ayında Çin və Azərbaycan arasında ticarət həcmi 2,45 milyard dollar təşkil edib. Bu isə illik müqayisədə 26 faiz artım deməkdir. İllik ticarət həcminin rekord yüksək səviyyəyə çatacağı gözlənilir”.
Azərbaycanın coğrafi mövqeyi, Asiya ilə Avropa arasında təbii körpü olması, malik olduğu nəqliyyat-logistika imkanları Çinin ölkəmizlə əməkdaşlığı dərinləşdirməsinə xüsusi təkan verən faktorlardan birihesab olunur. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin öz məhsullarını daha sürətli və təhlükəsiz şəkildə Avropaya çatdırmağın yollarını axtarır. Bu mənada Azərbaycan ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz xüsusi əhəmiyyət kəsb edir. Bakı-Tiflis-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və digər infrastruktur layihələri Çinə Avropaya çıxış üçün alternativ, həm də səmərəli marşrut təqdim edir. Çin üçün bu yol həm məsafəni qısaldır, həm də nəqliyyat xərclərini azaldır. Çinin Azərbaycandakı səfiri də qeyd edir ki, ölkəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun roluna böyük əhəmiyyət verir: “Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk dövlətlərdən biri olub. Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun regional əlaqələrin artırılmasında, regional iqtisadi inkişafın təşviqində və qlobal istehsal və təchizat zəncirinin sabitliyinin təmin edilməsində mühüm roluna böyük əhəmiyyət verir”. Xanım Lu Meyin sözlərinə görə, 2025-ci ilin yeddi ayı ərzində Çindən Azərbaycana 225 blok-qatar qəbul edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur: “İlin sonuna qədər 400-dən çox blok-qatarın qəbul ediləcəyi gözlənilir”.
O da məlumdur ki, Azərbaycan iqtisadiyyatı enerji sektoru ilə yanaşı, kənd təsərrüfatı, informasiya texnologiyaları, nəqliyyat və sənaye sahələrində də sürətlə inkişaf edir. Çin isə həm investisiya qoymaq, həm də məhsul ixracını artırmaq baxımından bu imkanlara böyük maraq göstərir. Çinin böyük şirkətləri artıq Azərbaycanda müxtəlif sahələrdə fəaliyyətə başlayıb. Bununla yanaşı, Çin məhsullarının Azərbaycan bazarında rəqabət qabiliyyəti yüksəkdir. Azərbaycanın da Çin bazarına kənd təsərrüfatı məhsullarını və digər malları ixrac etmək imkanı mövcuddur. Ümumiyyətlə, Çin bazarının genişliyi Azərbaycan üçün yeni ixrac imkanları açır. Kənd təsərrüfatı məhsulları, neft-kimya və qeyri-neft sənayesi məhsulları üçün Çində böyük tələb mövcuddur. Bu, Azərbaycanın qeyri-neft sektorunun inkişafı və iqtisadi şaxələndirmə siyasəti üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Çin şirkətlərinin Azərbaycana sərmayə yatırması iqtisadiyyatın modernləşdirilməsi və yeni iş yerlərinin yaradılması baxımından faydalıdır. exnologiya transferi və sənaye sahəsində əməkdaşlıq Azərbaycanın uzunmüddətli inkişafına müsbət təsir göstərir. Beləliklə, qarşılıqlı maraqlar iqtisadi əlaqələrin daha da genişlənməsinə zəmin yaradır.
Digər mühüm məqam odur ki, Çin dünyanın ən böyük enerji istehlakçılarından biridir. Artmaqda olan sənaye potensialı və əhalinin sürətlə böyüməsi nəticəsində ölkə hər il daha çox neft və qaz idxalına ehtiyac duyur. Azərbaycan isə zəngin enerji resurslarınasahibdir. Pekin enerji mənbələrinin şaxələndirilməsi və tədarük marşrutlarının genişləndirilməsi baxımından Azərbaycanı strateji tərəfdaş kimi görür. Azərbaycanın etibarlı enerji ixracatçısı kimi nüfuzu Çinin enerji təhlükəsizliyi siyasətinə mühüm töhfə vermək iqtidarındadır. Bu, xüsusən də “yaşıl enerji” sektoruna aiddir. Bundan əlavə, Çin üçün Azərbaycan yalnız iqtisadi tərəfdaş deyil, həm də strateji mövqeyə sahib dövlətdir. Azərbaycan həm Rusiya, həm İran, həm də Türkiyə ilə sərhəd və qarşılıqlı münasibətlərə malikdir. Bu faktor Çinə bölgədə balanslaşdırılmış siyasət yürütmək, regional güclərlə münasibətlərdə əlavə imkanlar əldə etmək imkanı yaradır. Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatında fəallığı, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə diqqət çəkir. Çin üçün Azərbaycanın bu beynəlxalq nüfuzu, onunla birgə fəaliyyət platforması yaratmaq baxımından əhəmiyyətlidir. Digər tərəfdən Çin və Azərbaycan artıq qlobal idarəetmədə islahatların aparılmasında və onun təkmilləşdirilməsi istiqamətində addım atan əsas qüvvələr sırasında yer alırlar. Səfir Lu Mey də qeyd edir ki, Sədr Si Cinpin tərəfindən irəli sürülən Qlobal İdarəetmə Təşəbbüsü müasir dünyanın ümumbəşəri istəklərinə və təxirəsalınmaz ehtiyaclarına cavab verir: “Prezident İlham Əliyev “ŞƏT plyus” formatdakı çıxışında qeyd edib ki, Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülən Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüslərini fəal dəstəkləyib…Hər iki dövlət – Çin və Azərbaycan – Qlobal Cənub ölkələridir və qlobal idarəetmədə islahatların aparılması və onun təkmilləşdirilməsinin əsas qüvvəsidir”.
Çin onu da nəzərə alır ki, Cənubi Qafqaz regionu mürəkkəb geosiyasi, geoiqtisadi proseslərin yaşandığı bir məkandır. Buna baxmayaraq, Azərbaycan sabitliyini qoruyub saxlaya bilir və müstəqil xarici siyasət kursu ilə seçilir. Çin üçün bu sabitlik xüsusi əhəmiyyət kəsb edir. Çünki xarici sərmayə yatırımlarının təhlükəsizliyi və uzunmüddətli iqtisadi əməkdaşlığın təmin olunması üçün sabit mühit vacibdir. Azərbaycan dövlətinin xarici sərmayədarlara yaratdığı əlverişli şərait də Çinin burada öz layihələrini reallaşdırmaq marağını artırır. Çin ölkəmizlə yalnız siyasi, iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan mədəniyyətlərin qovuşduğu bir məkandır və multikulturalizm modeli ilə tanınır. Bu isə Çinin sivilizasiyaların dialoqu siyasəti ilə üst-üstə düşür.
Bütün bunlar Çinin Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərməsinə rəvac verir. Artıq bu əməkdaşlığın daha da dərinləşməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi real perspektivlərdən biridir. Bu, hər iki ölkənin maraq və mənafelərinə cavab verir.
MTM Analitik Qrup