AZƏRBAYCANIN BEYNƏLXALQ HƏRBİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRMƏSİ QLOBAL ÇAĞIRIŞLARA ƏSASLANIR

Azərbaycanın beynəlxalq hərbi əməkdaşlığı genişləndirməsi ölkəmizin postmüharibə dövründə belə arxayınlaşmadığını, mümkün risklərə qarşı daim hazırlıqlı olmaq, üstün mövqelərini bundan sonra da qoruyub saxlamaq niyyətinin təzahürü kimi diqqəti çəkir. Qlobal və regional təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər ölkəmizin təhlükəsizlik və müdafiə potensialının gücləndirilməsini, müasir silah-sursat və hərbi texnikaya çıxışını, hərbi-texniki təcrübə mübadiləsini zəruri edir.

Rəsmi Bakı son illər Ordunun daha da modernləşdirilməsi məqsədilə müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarını inkişaf etdirir, hərbi-texniki, hərbi-təhsil sahələrində beynəlxalq əlaqələrinin dərinləşdirilməsinə xüsusi önəm verir. Bu istiqamətdə atılan addımlar ölkəmizin hərbi-təhlükəsizlik doktrinasının tələblərindən irəli gəlməklə yanaşı, hərbi-siyasi mövqelərimizin möhkəmləndirilməsinə xidmət edir.

Beynəlxalq hərbi əməkdaşlığın genişlənməsini zəruri edən əsas amillərdən biri də Azərbaycanın coğrafi mövqeyidir. Sirr deyil ki, Cənubi Qafqaz qlobal güclərin maraqlarının toqquşduğu, geosiyasi rəqabətin hökm sürdüyü strateji əhəmiyyətli məkandır. Azərbaycan enerji marşrutlarının, nəqliyyat dəhlizlərinin, kommunikasiya xətlərinin kəsişdiyi tranzit ərazi olaraq, milli təhlükəsizliyini yalnız daxili imkanlar deyil, həm də beynəlxalq əməkdaşlıq mexanizmləri vasitəsilə təmin etməlidir. Bu mənada, NATO ilə indiyə qədər imzalanmış tərəfdaşlıq proqramları, ikitərəfli hərbi razılaşmalar, qlobal sülhyaratma missiyalarında iştirak ölkəmizin müdafiə qabiliyyətinin artırılmasında vacib rol oynayır.

Azərbaycanın beynəlxalq hərbi əməkdaşlığında NATO ilə əlaqələrin rolunu xüsusi qeyd etmək lazımdır. Ölkəmiz “Sülh naminə tərəfdaşlıq”, “Fərdi tərəfdaşlıq üzrə Fəaliyyət Planı” proqramlarının fəal iştirakçılarından biridir. Bu proqramlarda iştirak ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsinə, hərbi kadr hazırlığının təkmilləşdirilməsinə, ümumən regionda sülhün möhkəmləndirilməsinə xidmət edir.

Sentyabrın 4-də NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruge Boris ilə Azərbaycanın NATO yanında daimi nümayəndəsi Cəfər Hüseynzadənin görüşü zamanı da ikitərəfli əməkdaşlığın inkişafı məsələləri əsas müzakirə mövzusu olub. Bu, Azərbaycanın alyansla münasibətlərini dərinləşdirmək niyyətini göstərməklə yanaşı, NATO-nun da yeni geosiyasi mərhələdə Cənubi Qafqaz regionuna artan marağını nümayiş etdirir.

Xüsusi vurğulamaq lazımdır ki, Donald Trampın yenidən prezident seçilməsindən sonra ABŞ-la münasibətlərimizin strateji tərəfdaşlıq istiqamətində inkişafı, xüsusən də 8 avqust Vaşinqton razılaşmaları NATO-Azərbaycan əlaqələrində yeni dinamikaya səbəb olub. ABŞ-ın NATO daxilində üstün mövqelərə malik olması fonunda Alyansın son zamanlar ölkəmizlə hərbi əlaqələrə daha çox diqqət ayırması sezilir. Azərbaycan-NATO əlaqələrinin genişlənməsi regionda təhlükəsizliyin təminatına, Ermənistanla sülh prosesinə də müsbət təsir göstərir.

Beynəlxalq hərbi əməkdaşlığı zəruri edən digər vacib amil regionda formalaşan yeni geosiyasi reallıqlarla şərtlənir. Sülh quruculuğu prosesinin uğurla davam etdirilməsi, hərbi üstünlüyün güc amili kimi qorunub saxlanılması, mümkün təhdidlərin zərərsizləşdirilməsi Azərbaycan Ordusunun müasir beynəlxalq trendlərə adekvat şəkildə müasirləşdirilməsini, modern silah və hərbi texnika ilə təchizatını aktuallaşdırır.

Azərbaycanın Mərkəzi və Şərqi Asiya ölkələri ilə əlaqələr də xüsusi diqqət çəkir. Bu günlərdə Özbəkistanla hərbi əməkdaşlıqla bağlı aparılan növbəti müzakirələr ölkələrimiz arasında münasibətlərin strateji müttəfiqlik istiqamətində inkişafını təsdiq edir. İki ölkə ortaq tarixi, mədəni və siyasi dəyərlərə malik olmaqla yanaşı, regional sabitliyin təmin olunmasında eyni mövqedən çıxış edirlər. Özbəkistanla hərbi əməkdaşlıq təcrübə mübadiləsi, birgə təlimlər və müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinə imkanlar açır. Bu həm də Türkdilli Dövlətlər Təşkilatı çərçivəsində hərbi inteqrasiyanın dərinləşməsinə, gələcəkdə ortaq hərbi təlimlərin, müdafiə proqramlarının reallaşdırılmasına zəmin yaradır.

Müdafiə naziri Zakir Həsənovun bu günlərdə Vyetnama səfəri çərçivəsində hərbi əməkdaşlıq sahəsində əldə olunan razılaşmalar da xüsusi qeyd edilməlidir. Vyetnam uzun illər müharibə təcrübəsi keçmiş, müdafiə sənayesində müəyyən potensialı olan Asiya ölkəsidir. Bu ölkə ilə müdafiə sahəsində əməkdaşlıq hərbi-texniki, təcrübə mübadiləsi, hərbi təhsil və kadr hazırlığı sahələrini əhatə edə bilər.

Nəhayət, beynəlxalq hərbi əməkdaşlığın genişlənməsi Azərbaycanın müdafiə sənayesinin inkişafı ilə də sıx şəkildə bağlıdır. Son onilliklərdə ölkəmiz müasir hərbi sənaye kompleksini formalaşdıraraq, istehsal etdiyi bir sıra məhsulları xarici bazarlara çıxarmağa nail olub. Türkiyə, İsrail, Pakistan, İtaliya kimi ölkələrlə hərbi əməkdaşlıq ölkəmizin müdafiə sənayesinin də inkişafına təkan verir. Bütün bunlar həm də ikitərəfli və çoxtərəfli hərbi əlaqələrin güclənməsinə imkan yaradır.

MTM Analitik Qrup