
Rəsmi Bakının itkinlər mövzusunu son illərdə xüsusi diqqət mərkəzində saxlaması, aidiyyəti dövlət qurumlarının bu mövzuda keçirdikləri ardıcıl tədbirlər Ermənistana beynəlxalq təzyiqlərin gücləndirilməsi yolu ilə Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirmək, kütləvi məzarlıqların yerini müəyyənləşdirmək məqdəsinə xidmət edir. Azərbaycan bununla itkinlər məsələsinin qlobal humanitar problem olduğuna diqqət çəkir, dünya ictimaiyyətini bu istiqamətdə səyləri artırmağa dəvət edir.
30 Avqust – Beynəlxalq İtkinlər Günü Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Məlumat üçün bildirək ki, İtkinlər gününün təsis edilməsi ilə bağlı ilk təşəbbüs 30 avqust 2007-ci ildə Filippində itkin düşmüş şəxslərin ailə üzvləri tərəfindən irəli sürülüb. Bir il sonra, 2008-ci ilin avqust ayında bu təşəbbüs dünya ictimaiyyəti tərəfindən ciddi dəstək alıb, səbəbindən asılı olmayaraq itkin düşmüş bütün şəxslərin anım gününün qeyd edilməsinin zəruriliyinə dair ümumi fikir formalaşıb. BMT Baş Assambleyası tərəfindən 21 dekabr 2010-cu ildə qəbul edilmiş qətnamə ilə hər ilin 30 avqust tarixinin Beynəlxalq İtkinlər Günü kimi qeyd edilməsi qərara alınıb. Beynəlxalq İtkinlər Günü sivil dünyaya insan hüquqlarının müdafiəsinin nə qədər zəruri olduğunu bir daha xatırladır.
Reallıqlar deməyə əsas verir ki, ən çox itkindüşmə halları silahlı münaqişələr zamanı baş verir. Beynəlxalq Qızıl Xaç Komitəsindən Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına verilən məlumatlara görə, hazırda silahlı münaqişələrlə bağlı dünyada 240 minə yaxın insan itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Münaqişə dövründə Ermənistan rətəfindən beynəlxalq hüquq normalarının insanların itkindüşmədən müdafiəsinə dair müddəalarının tələblərinin pozulması, mülki şəxslərin girov götürülməsi, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilməsi, işgəncə verilməsi, məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilmələri və edam olunmaları, kütləvi şəkildə, dəfn adətlərinə riayət olunmadan məzarlıqlarda basdırılmaları, məzar yerlərinin gizlədilməsi kimi ağır cinayətlərə yol verilib. Bu hərbi təcavüz nəticəsində 3983 nəfər azərbaycanlı itkin düşmüş şəxs kimi rəsmən qeydiyyata alınıb. Onlardan 3977 nəfəri 90-cı illərdə, yəni Birinci Qarabağ müharibəsində, 6 nəfəri 2020-ci ildə 44 günlük Vətən müharibəsində itkin düşüb. İtkin düşmüş 3983 nəfərdən 3209-u hərbçi, 774-ü mülki şəxsdir. İtkinlərdən 3698-i kişi, 285-i qadındır. Ötən müddət ərzində 1702 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.
Rəsmi Bakı son illərdə aidiyyəti qurumlar və beynəlxalq təşkilatlarla əməkdaşlıqla əməkdaşlıq şəraitində, diplomatik təzyiq vasitəsilə Ermənistanı itkinlər və kütləvi məzarlıqlar barədə dolğun informasiya verməyə məcbur etməyə çalışır. Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı Dövlət Komissiyası sistemli şəkildə iş apararaq itkin ailələrinin bioloji nümunələrini toplayır, DNT analizlərini hazırlayır, azad edilmiş ərazilərdə qazıntılar həyata keçirir. Görülən işlər nəticəsində 2021-ci ildən bəri 23 kütləvi məzarlıq aşkarlanıb, 200-ə yaxın insanın şəxsiyyəti müəyyən edilərək ailələrinə təhvil verilib. Bu faktlar Ermənistanın müharibə cinayətlərinin miqyasını göstərir.
Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində itkinlər mövzusunda gördüyü işlər xüsusilə diqqətəlayiqdir. Xarici İşlər Nazirliyinin azərbaycanlı itkinlər və kütləvi məzarlıqlar barədə BMT-yə müraciətlərinin təşkilatın rəsmi sənədləri kimi yayılması da aparılan işin səmərəli olmasından xəbər verir. Bundan əlavə, 2002-ci ildən başlayaraq BMT Baş Assambleyasında ölkəmizin təşəbbüsü ilə hər iki ildən bir “İtkin düşmüş şəxslər”lə bağlı qətnamə qəbul edilir. Həmin qətnamələr silahlı münaqişə tərəflərini əməkdaşlığa, məlumat mübadiləsinə, qalıqların müəyyənləşdirilməsinə, kütləvi məzarlıqların aşkarlanmasına yardım göstərməyə çağırır. 2021-ci ildə Azərbaycanın təşəbbüsü ilə “İtkin düşənlər üçün Qlobal Alyans” yaradılıb. Bu alyansda Azərbaycanla yanaşı daha 12 ölkə – Argentina, Kolumbiya, Xorvatiya, Estoniya, Qambiya, Küveyt, Meksika, Nigeriya, Norveç, Peru, Koreya Respublikası və İsveçrə iştirak edir. Alyansın əsas məqsədi itkinlərlə bağlı halların qarşısının alınması və mövcud problemlərin həllini beynəlxalq diqqət mərkəzində saxlamaqdır.
İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) 2025-ci ilin martında açıqladığı hesabat bir daha təsdiq edib ki, göstərib ki, Ermənistan azərbaycanlı hərbi əsir və mülki şəxslərə qarşı qeyri-insani rəftar edib, işgəncələr və məhkəməsiz edamlar həyata keçirib. Ermənistan parlamentinin deputatı, müdafiə nazirinin müavini olmuş Qaqik Melkonyanın etirafı bu cinayətlərin miqyasını qabarıq üzə çıxarır. O, 1994-cü ildə Azərbaycan Ordusunun həlak olmuş yüzlərlə hərbçisinin meyitlərinin döyüş meydanında qaldığını və ermənilər tərəfindən kütləvi məzarlıqda basdırıldığını bildirib.
Azərbaycan həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı erməni əsirlərlə beynəlxalq konvensiyalara uyğun rəftar edib, onların hüquqlarını təmin edib. 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatının imzalanmasından sonra 200-ə yaxın erməni diversantın, 1700-dən çox erməni hərbçisinin nəşinin qarşı tərəfə qaytarılması bunun bariz nümunəsidir. Ermənistan itkinlər barədə məlumat verməkdən boyun qaçırır, ailələri 30 ildən artıq müddətdə qeyri-müəyyənlik içində saxlayır.
Xüsusi vurğulamaq lazımdır ki, 2025-ci il avqustun avqustun 8-də imzalanan Vaşinqton Bəyannaməsi bir sıra vacib məsələlərlə yanaşı, Azərbaycanla Ermənistan arasında humanitar məsələlərin həllində də yeni mərhələ açır. Sənəddə tərəflərin itkinlər barədə məlumatları təqdim etməsi öhdəliyi də nəzərdə tutulub. Bu isə o deməkdir ki, Ermənistan azərbaycanlı itkinlərlə əlaqədar 30 ildən artıq gizlətdiyi faktları açıqlamaq məcburiyyətində qalacaq.
Azərbaycanın məqsədi təkcə vətəndaşlarının taleyini öyrənmək deyil. İtkinlər mövzusunun gündəmdə saxlanılmasında məqsəd həm də beynəlxalq humanitar hüququn aliliyinin təmin edilməsi, gələcəkdə oxşar cinayətlərin qarşısının alınması, münaqişələr zamanı mülki əhalinin müdafiəsi üçün nümunəvi mexanizmin yaradılmasıdır. Rəsmi Bakının beynəlxalq platformalarda itkinlər mövzusunu yalnız milli faciə kimi deyil, eyni zamanda, ümumbəşəri problem kimi təqdim edir.
MTM Analitik Qrup