VAŞİNQTON RAZILAŞMASINI İNKAR ETMƏK ERMƏNİSTANI YENİ TƏCRİDƏ APARACAQ

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda, Prezident Donald Trampın iştirakı ilə parafladıqları sənəd Cənubi Qafqaz tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər də göstərir ki, söhbət sadəcə diplomatik anlaşmadan yox, 30 ildən artıq davam edən münaqişənin rəsmi olaraq bitməsindən gedir. Ona görə də bu sənədin əhəmiyyəti təkcə Bakı və İrəvanla məhdudlaşmır, o daha geniş mənada regional və beynəlxalq kontekstdə ciddi maraq doğurur.

Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, Ağ Evdə paraflanan sənəd müharibənin sonu deməkdir. Əslində, 2020-ci il Vətən müharibəsi Azərbaycan üçün hərbi baxımdan qalibiyyətlə nəticələnsə də, Ermənistanla münasibətlərin hüquqi statusu hələ də qeyri-müəyyən idi. Vaşinqton razılaşması ilə tərəflər bir-birinin ərazi bütövlüyünü tanımaq öhdəliyi götürdülər. Bu, beynəlxalq hüququn əsas prinsiplərindən birinə – dövlətlərin sərhədlərinin toxunulmazlığına əsaslanırdı. Əgər Ermənistan bu öhdəliyi şübhə altına alarsa, Azərbaycan da cavab addımı olaraq Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina edəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu halda daha çox Ermənistan itirəcək. Çünki müharibədə hərbi, siyasi və iqtisadi cəhətdən uduzan Ermənistan idi.

Maraq doğuran məsələlərdən biri də Paşinyandan kənar perspektivlə bağlıdır. Bir çoxları düşünür ki, Paşinyanın siyasi hakimiyyətdən getməsi Vaşinqton razılaşmasının da sonunu gətirəcək. Lakin Prezident İlham Əliyev hesab edir ki, bu, Paşinyanla onun razılaşması deyil, bu, iki dövlət arasında razılaşmadır. Bu mesaj iki mühüm məqamı vurğulayır və ilk olaraq  razılaşmanın şəxs amili ilə bağlı olmadığını gündəmə gətirir. Yəni Ermənistan hökumətində dəyişikliklər olsa belə, sənəd qüvvəsini itirməyəcək. Çünki bu, beynəlxalq müqavilələrin əsas prinsiplərindən biridir. Digər tərəfdən Prezident Əliyev hesab edir ki, Ermənistanın istənilən gələcək hökuməti milli maraqlar naminə bu sənədi qəbul etməli olacaq. Əks halda, Ermənistan daha da təcrid olunacaq və regional əməkdaşlıqdan kənarda qalacaq.

Təbii ki, Vaşinqton razılaşması yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq üçün yeni imkanlar açır. İlk növbədə Qarabağ münaqişəsinin həlli regionda Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars və Orta Dəhliz kimi layihələrin reallaşmasına daha geniş imkan yaradır. Ermənistanın blokadadan çıxması, Azərbaycan və Türkiyə ilə ticarət əlaqələri qurması İrəvana iqtisadi dirçəliş imkanı vəd edir. Bundan əlavə, Cənubi Qafqaz Avropa üçün enerji təhlükəsizliyində daha mühüm oyunçuya çevrilir. Bu prosesə Ermənistanın da qoşulması üçün yeni imkanlar açılır. Təbii ki, sənədin Vaşinqtonda, Prezident Trampın iştirakı ilə imzalanması da təsadüfi deyil. ABŞ bu addımla Cənubi Qafqazda vasitəçi rolunu gücləndirir, Rusiyanın zəifləyən təsirinə qarşı balans yaradır, Azərbaycanı etibarlı tərəfdaş, Ermənistanı isə prosesə cəlb olunmuş aktor kimi tanıyır. Vaşinqtonun bu təşəbbüsü həm də ABŞ-ın Mərkəzi Asiya və Yaxın Şərqlə inteqrasiya siyasətində mühüm mərhələdir. Bu razılaşma bütün hallarda Ermənistan qarşısında seçim qoyur: ya razılaşmanı qəbul edib regional əməkdaşlığa qoşulmaq, ya da təcrid yolunu seçmək. Prezident İlham Əliyevin sözlərindəki ritorik vurğu da buradan qaynaqlanır: “burada kim qazanacaq, kim uduzacaq?”.

MTM Analitik Qrup