
Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində SOCAR-la “ExxonMobil” şirkəti arasında imzalanan “Əməkdaşlıq haqqında Memorandum” Azərbaycanla Amerikanın enerji sferasında yeni əməkdaşlıq mərhəsləsinə başlaması ilə müşayiət edilməkdədir. Xatırlatmaq lazım gəlir ki, sözügedən səfər zamanı Prezident İlham Əliyev Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə də görüşüb. Bu kontekstdə Azəbaycan dövlət başçısının və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədə imzalanan sənədi yüksək qiymətləndirirb. Dövlət başçısı “ExxonMobil” və SOCAR arasında əməkdaşlığa dair imzalanan memorandumun böyük layihə ilə nəticələnəcəyini əmin olduğunu da qeyd edib: “Əvvəlcədən nə isə demək istəmirəm, amma Azərbaycanda böyük neft yatağının kəşfi ehtimalı yüksəkdir. Bildiyiniz kimi, “Exxon” dünyanın aparıcı enerji şirkətidir və müasir texnologiyalar sahəsində böyük təcrübəyə malikdir. “Exxon”un, həmçinin Azərbaycanda böyük təcrübəsi var. “Exxon” bizim “Azəri-Çıraq-Günəşli” layihəmizə ilk olaraq 1994-cü ildə qoşulmuşdu və dünən burada xüsusi elçi cənab Uitkoffun, ABŞ-ın enerji nazirinin müavininin və mənim iştirakımla imzalanma mərasiminin keçirilməsi faktiki olaraq nümayiş etdirir ki, biz bu layihənin gələcəyinə inanırıq. İnanın, inanmasaydıq, memorandumun imzalanmasında iştirak etməzdik. Mən çox nadir hallarda memorandum imzalanmasında iştirak edirəm. Mən bəzən müqavilələrin imzalanmasında iştirak edirəm, lakin bu, memorandumdur. Əlimizdə bir sıra amillər, texniki amillər var ki, onlar yeni karbohidrogen ehtiyatlarının kəşfinə işarə edir”.
Bütün bunlar fonunda daha bir maraqlı açıqlama iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən verilib. O, Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda çıxışı zamanı qeyd edib ki, Azərbaycan “Exxon Mobil” şirkətinin dəstəyi ilə ölkədə böyük qeyri-ənənəvi neft yatağının kəşfinin həyata keçirilməsinə ümid bəsləyir. Beləliklə, Azərbaycan tezliklə yeni böyük neft yatağının kəşfi ilə dünyanın diqqət mərkəzinə gələcək. Bu, o deməkdir ki, Azərbaycan neft hasilatçısı və ixracatçısı kimi statusunu daha da gücləndirəcək, beynəlxalq enerji bazarlarnda mövqeyini möhkəmləndirməkdə davam edəcək.
Bəllidir ki, Azərbaycan dünya bazarında etibarlı neft hasilatçısı və ixracatçısı kimi böyük nüfuz sahibidir. Ölkənin enerji strategiyası “Əsrin müqaviləsi” ilə mühüm mərhələyə qədəm qoydu. Neft hasilatında əldə edilən uğurlar Azərbaycanın ixrac imkanlarını genişləndirdi. Xəzər dənizinin zəngin yataqları əsasında hasil edilən neftin dünya bazarına çıxarılması üçün strateji boru kəmərləri inşa olundu. Bakı–Tiflis–Ceyhan əsas ixrac marşrutu olmaqla, Azərbaycan neftini Aralıq dənizi üzərindən beynəlxalq bazarlara çatdırır. Bununla yanaşı, Bakı–Supsa və Bakı–Novorossiysk kəmərləri də əlavə nəqliyyat marşrutları rolunu oynayır. Bu infrastruktur Azərbaycanın enerji resurslarının dünya bazarlarına fasiləsiz çıxışını təmin edir və ölkəni regional enerji mərkəzinə çevirir. Azərbaycanın dünya bazarında güclənən mövqeyi yalnız hasilat və ixrac imkanları ilə deyil, həm də onun enerji siyasətindəki balanslaşdırılmış yanaşma ilə bağlıdır. Ölkə transmilli şirkətlərlə əməkdaşlığı davam etdirir, eyni zamanda enerji bazarındakı tərəfdaşlarla qarşılıqlı faydalı münasibətlər qurur. Azərbaycan neftinin böyük hissəsi Avropa bazarına yönəldilir, bu da Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir və regionun enerji marşrutlarında mühüm həlqə hesab edir.
Dünya enerji bazarında rəqabət kəskinləşsə də, Azərbaycan öz mövqeyini qoruyub saxlaya bilir. Bunun səbəbi həm zəngin ehtiyatlara, həm də düzgün idarəetməyə bağlıdır. Hasilat sazişlərinin uğurla həyata keçirilməsi, beynəlxalq tərəfdaşlarla etibarlı münasibətlər və boru kəmərlərinin təhlükəsizliyi Azərbaycanın üstünlükləri sırasında yer alır. Eyni zamanda, Azərbaycan OPEC+ formatında fəal iştirak edərək, qlobal enerji bazarında sabitliyin təmin olunmasına öz töhfəsini verir. Azərbaycanın neft siyasəti həm də geosiyasi baxımdan əhəmiyyətlidir. Ölkə Mərkəzi Asiya və Qafqaz regionunda enerji marşrutlarının mərkəzində dayanır və bu, ona strateji üstünlüklər qazandırır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr region ölkələrinin iqtisadi əməkdaşlığını gücləndirir, həmçinin beynəlxalq enerji bazarında Azərbaycanın nüfuzunu artırır.
Neftlə yanaşı, təbii qaz sferasında da Azərbaycanın mövqeyi dünyada xüsusi diqqət cəlb edir. Bu gün Azərbaycandan boru kəmərləri ilə qaz tədarükü 14 ölkəni əhatə edir. Suriyaya qaz tədarük etməyə başlamaqla Azərbaycan Yaxın Şərqdə də enerji bazarında rol almağa başlayıb. Məsələ ilə bağlı Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib: “Biz 10 Avropa ölkəsini qazla təmin edirik. Onların 8-i Avropa İttifaqının üzvüdür. Beləliklə, bu ölkələr üçün Azərbaycan qazı onların enerji təhlükəsizliyində həqiqətən də mühüm rol oynayır və bu rol artacaq. Mən artıq qarşıdan gələn illər üçün planlarımızı açıq elan etmişəm. Biz 2030-cu ilədək bu gün sahib olduğumuzdan əlavə 8 milyard kubmetr təbii qazı əmin şəkildə təmin edəcəyik. Məsələ onun necə, hansı istiqamətdə istifadə olunmasıdır. Sözsüz ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir. Artıq qeyd etdiyim kimi, düşünürük ki, Suriyaya qazın həcmini artıra bilərik. Biz, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilərik. Biz, həmçinin enerji resurslarının ticarətini həyata keçiririk. Biz neft və qazımızı satmaqla yanaşı, beynəlxalq ticarətçi kimi fəaliyyət göstəririk. Bizim potensialımız təsəvvür ediləndən daha böyükdür. Bu nöqteyi-nəzərdən düşünürəm ki, bu, mühüm amildir”.
Bununla yanaşı, Azərbaycan gələcəyə də baxır. Neft hasilatı və ixracı ilə yanaşı, təmiz enerji sahəsinə də investisiya yatırılır. Günəş və külək enerjisi layihələri inkişaf etdirilir, “yaşıl enerji” konsepsiyası formalaşdırılır. Bu, Azərbaycanın enerji siyasətinin davamlı inkişaf prinsiplərinə əsaslandığını göstərir. Qeyd edilən xüsusda Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, ölkəmizdə bərpaolunan enerji potensialı yüksəkdir: “İmzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə Ərəbistanı və Çindən yatırılan investisiyalara əsasən, biz 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisinə sahib olmağı planlaşdırırıq. Bundan əlavə, biz Qarabağda fəal şəkildə su elektrik stansiyaları inşa edirik. Artıq demək olar ki, 300 meqavat enerji əldə etmişik”.
Beləliklə, Azərbaycan həyata keçirdiyi uğurlu enerji siyasəti ilə dünya bazarında güclənən mövqe sahibi kimi qəbul olunur. Əldə olunmuş nailiyyətlər yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan ölkənin mövqeyini möhkəmləndirirr. Etibarlı tərəfdaş imici, strateji boru və digər ixrac kəmərləri, düzgün idarə olunan resurs siyasəti Azərbaycanın dünya enerji bazarında nüfuzunu, əldə etdiyi dividendləri daha da artırmaqdadır.
MTM Analitik Qrup