
Cənubi Qafqaz regionunda, eləcə də onun sərhədindən kənarda baş verən geosiyasi dəyişikliklər fonunda Zəngəzur dəhlizinin açılması getdikcə daha böyük aktuallıq qazanır. İlk növbədə ona görə ki, bu dəhliz yalnız nəqliyyat və logistika imkanlarını genişləndirməklə məhdudlaşmır, həm də bölgədə yeni iqtisadi əməkdaşlıq mərhələsinin başlanmasına əlavə təkan hesab olunur. Xüsusilə Azərbaycan, Türkiyə və Ermənistan arasında yaranacaq qarşılıqlı iqtisadi əlaqələr regional sabitliyin möhkəmlənməsi və inkişaf proseslərinin sürətlənməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir.
Bəllidir ki, İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqlar regionda nəqliyyat dəhlizlərinin bərpası məsələsini ön plana çıxarıb. Zəngəzur dəhlizi bu baxımdan əsas layihə hesab olunur. Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsinin yaradılması ölkəmizin milli maraqları ilə yanaşı, qardaş Türkiyənin də strateji məqsədlərinə uyğundur. Türkiyə bu dəhliz vasitəsilə Mərkəzi Asiya ilə birbaşa əlaqə qurmaq imkanı əldə edəcək. Digər tərəfdən, Ermənistan üçün də bu dəhlizin açılması iqtisadi təcrid vəziyyətindən çıxmaq, tranzit ölkə kimi fayda götürmək şansı yaradır. Bütün bunlar kontekstində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayır ki, yaxın perspektivdə ölkəsi, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıqda yeni mərhələyə keçəcək. Onun sözlərinə görə, bu, Zəngəzur dəhlizi layihəsinin tam reallaşmasından sonra mümkün olacaq. Qardaş ölkənin lideri Zəngəzurun bütün region üçün sülh layihəsi olduğunu da bəyan edib. Türkiyə Prezidentinin sözlərinə görə, təməli atılan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti Zəngəzur dəhlizinin onurğa sütunu olacaq: “Bu yol iki xətli olacaq, elektrikləşdiriləcək və siqnalizasiya ilə təmin ediləcək. Həmin xətt ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıyacaq. Dəyəri 2,4 milyard avro olan bu layihənin istifadəyə verilməsi ilə Çindən Böyük Britaniyaya beynəlxalq ticarət yolu daha səmərəli olacaq. Layihə eyni zamanda Xəzər və Aralıq dənizi hövzələrini birləşdirəcək”.
Qeyd edilənlər fonunda Türkiyənin “Sabah” qəzeti yazır ki, Qars ilə Naxçıvan arasında 224 kilometrlik dəmir yolunun çəkilməsi Türkiyənin Azərbaycana yeni “körpü” salmasına imkan verəcək ki, bu da regional əməkdaşlıq və inkişaf üçün güclü stimul olacaq: “Türkiyə Azərbaycana və Mərkəzi Asiya ölkələrinə yeni çıxış əldə edəcək, beləliklə, hasilat, yükdaşıma və ixrac həcmi artacaq”. “Sabah” qəzeti onu da xüsusi vurğulayır ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan Muxtar Respublikasını təcrid etmək cəhdlərinə son qoyulacaq, bu muxtariyyətə İran üzərindən daşımalar azalacaq, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq güclənəcək. Bundan əlavə, Azərbaycan üçün Zəngəzur dəhlizi Naxçıvana birbaşa quru əlaqəsinin yaradılmasına imkan verməklə yanaşı, ölkənin tranzit imkanlarını artıracaq.
Azərbaycan artıq Bakı-Tiflis-Qars dəmir yolu, Bakı limanı və Şimal-Cənub nəqliyyat dəhlizi, Orta Dəhliz kimi layihələrlə regionun ən mühüm logistika mərkəzlərindən birinə çevrilməkdədir. Zəngəzur dəhlizinin açılması bu imkanları daha da genişləndirəcək və ölkəyə əlavə valyuta axınını təmin edəcək. Bundan əlavə, Azərbaycan bölgədə sülhün və əməkdaşlığın təşviqində aparıcı rolunu möhkəmləndirəcək. Türkiyə üçün isə Zəngəzur dəhlizi həm geosiyasi, həm də iqtisadi baxımdan əvəzolunmazdır. Bu layihə sayəsində Türkiyə Azərbaycan üzərindən Orta Asiyaya və daha geniş mənada Çinlə Avropanı birləşdirən Orta Dəhlizə çıxışını gücləndirəcək. Həmçinin bu dəhliz Türk Dövlətləri Təşkilatının üzvləri arasında əməkdaşlığı möhkəmləndirərək iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edəcək.
Məlumdur ki, öz yanlış siyasəti səbəbindən Ermənistan uzun illərdir, təcrid şəraitində yaşayır. Nə Türkiyə, nə də Azərbaycanla sərhədlər açıq olmadığı üçün bu ölkə regional iqtisadi layihələrdən kənarda qalıb. Bu müstəvidə indi Zəngəzur dəhlizi Ermənistan üçün yeni imkanlar açır. İrəvan bu dəhliz vasitəsilə həm tranzit gəlirləri əldə edə, həm də regionun ticarət marşrutlarına qoşula bilər. Bundan əlavə, Ermənistanın daxili bazarı üçün də xarici məhsulların daha ucuz və sürətli çatdırılması təmin olunacaq. Elə “Sabah” qəzeti də yazır ki, Zəngəzur dəhlizi Ermənistan, Türkiyə və Azərbaycan arasında münasibətlərin normallaşmasına da töhfə verəcək.
Ümumiyyətlə, Zəngəzur dəhlizi sadəcə, Azərbaycan, Türkiyə və Ermənistanı deyil, bütövlükdə Cənubi Qafqazı və daha geniş anlamda Avrasiya məkanını birləşdirən mühüm bir nəqliyyat arteriyasıdır. Bu dəhliz vasitəsilə Çin-Mərkəzi Asiya -Azərbaycan-Türkiyə-Avropa xətti daha səmərəli işləyə bilər. Ermənistan da bu zəncirin bir halqasına çevrilərək iqtisadi təcriddən çıxmaq şansı qazanır. Beləliklə, Zəngəzur dəhlizinin açılması ilə regional inteqrasiyanın yeni mərhələsi başlayacaq. Eyni zamanda dəhlizin açılması ilə bölgəyə investisiya axını artacaq, yeni iş yerləri yaradılacaq, ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə genişlənəcək. Xüsusən logistika, energetika, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün geniş imkanlar yaranacaq. Azərbaycan üçün isə bu, regional liderlik mövqelərini gücləndirmək, iqtisadi təsirini artırmaq baxımından mühüm addım hesab olunur.
Qeyd edildiyi kimi, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirən, Xəzər dənizindən Aralıq dənizinə və Avropaya qədər uzanan Orta Dəhlizin tamamlayıcısıdır. Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsi olan Orta Dəhlizin Xəzərdən sonrakı hissəsi Zəngəzur açılanda daha da qısalacaq. Dünya Bankının məlumatları göstərir ki, dəhliz 2027-ci ilə qədər illik 50-100 milyard ABŞ dolları ticarət həcmi yarada və Avropa-Asiya tranzit vaxtlarını 12-15 gün qısalda bilər. Bu kontekstdə Çindən Avropaya uzanan tarixi İpək Yolunu canlandıraraq tranzit vaxtlarını və xərcləri azaltmağı hədəfləyən Zəngəzur dəhlizi hər bir ölkə üçün mühüm önəm kəsb edir.
Zəngəzur dəhlizi artıq müxtəlif coğrafiyaları birləşdirərək qlobal ticarəti daha dinamik hala gətirəcək layihə kimi qəbil edilir. Nəticədə o, regional əməkdaşlığı təşviq edərək ilk növbədə Cənubi Qafqazı tərəqqi zonasına çevirəcək. Bu, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda əsas məqsədlərindən biridir. Beləliklə, Zəngəzur dəhlizi yalnız hansısa adi nəqliyyat xətti olmayacaq, həm də Cənubi Qafqazın gələcəyini formalaşdıran mühüm siyasi, iqtisadi və strateji platformaya çevriləcək.
MTM Analitik Qrup