
Azərbaycanda yürüdülən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biri də regionların davamlı və tarazlı inkişafının təmini, yerli iqtisadi potensialın səfərbər edilməsi, bununla da mərkəzi büdcədən asılılığın minimuma endirilməsidir. Bu yanaşma bir tərəfdən iqtisadi rayonlar üzrə faydalı məşğulluq ənənələrinin bərpasını, digər tərəfdən sahibkarlıq mühitinin liberallaşdırılmasını nəzərdə tutur.
Prezident İlham Əliyevin avqustun 20-21-də azad edilmiş ərazilərə, konkret olaraq Kəlbəcərə səfəri, bir sıra mühüm infrastruktur obyektlərinin təməlini qoyması, yeni layihələrin açılışında iştirakı 2003-cü ildən bəri reallaşdırılan regional inkişaf kursunun davamıdır. Bu siyasət ötən 22 ildə Azərbaycanın bölgələrinin simasının əsaslı şəkildə müasirləşməsinə, rayon və şəhərlərdə qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına mühüm töhfələr verib.
Milli iqtisadiyyatın sabitliyinin qorunması baxımından regional balansın təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ölkənin iri şəhərləri ilə rayonlar, kəndlər arasında sosial-iqtisadi fərqin azaldılması hökumətin uzunmüddətli inkişaf konsepsiyasının ayrılmaz hissəsinə çevrilib. Prezident İlham Əliyevin ötən dövrdə imzaladığı fərman və sərəncamlar, habelə 2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illəri əhatə edən regional inkişaf proqramları bu istiqamətdə mühüm addımlar olub. Həmin proqramların uğurlu icrası regionlarda infrastruktur təminatının gücləndirilməsi, kommunal xidmətlərin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması ilə nəticələnib, qeyri-neft sektorunun inkişafı və sahibkarlığın tərəqqisi üçün əlverişli şərait formalaşdırıb.
Son illərin mühüm hədəflərindən biri də azad edilmiş ərazilərin iqtisadi dirçəlişi və yeni inkişaf modeli əsasında milli iqtisadiyyata reinteqrasiyasıdır. Postmüharibə dövründə bu ərazilərə “Böyük qayıdış”ın təmini yalnız müasir infrastrukturun qurulması ilə məhdudlaşmır. Eyni zamanda, iqtisadiyyatın əsas sütunlarının – istehsal sahələrinin, logistika infrastrukturunun, enerji təminatının və rəqəmsal texnologiyaların inteqrasiyası təmin edilir.
Son 5 ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında irimiqyaslı layihələr həyata keçirilir. Su elektrik stansiyalarının inşası, yolların çəkilməsi, su və kənd təsərrüfatı infrastrukturunun formalaşdırılması bölgənin potensialından qısa zamanda səmərəli istifadə məqsədinə hesablanıb. Xüsusən də Kəlbəcərin hidroenerji resursları və bərpa olunan digər enerji qaynaqları ölkəmizin yaşıl enerjiyə keçid konsepsiyasının reallaşmasına mühüm töhfə verir. Bu resurslar həm daxili tələbatın qarşılanmasına, həm də ixrac imkanlarının genişlənməsinə şərait yaradır.
Regionların sosial-iqtisadi inkişafı yalnız infrastrukturun müasirləşdirilməsi tədbirləri ilə məhdudlaşmır. Dövlətin əsas məqsədlərindən biri də məşğulluğun təmin edilməsi, bu məqsədlə sahibkarlığın inkişafına münbit şəraitin yaradılması, yerli və xarici investisiyaların təşviq edilməsidir. Bu məqsədlə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırıb.
Bu addımlar, eləcə də stimullaşdırıcı tədbirlər iş adamlarının sözügedən sənaye parklarına marağının artımına səbəb olur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına infrastrukturla – qaz, işıq, su, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə bir sıra güzəştlər tətbiq edilir.
Regionların mərkəzin dotasiyasından asılılığının azaldılması tədbirləri də mühüm nəticələr verir. Azərbaycanın 62 şəhər və rayonu xərclərini artıq öz gəlirləri hesabına təmin edir. 2025-ci ildən, eyni zamanda, Ağdərə və Xankəndi də büdcədən dotasiya almayan inzibati ərazi vahidləri sırasında qərarlaşıb. Yeni istehsal müəssisələrinin, kənd təsərrüfatı komplekslərinin, turizm infrastrukturunun yaradılması regionların öz maliyyə dayanıqlılığını təmin etməsinə şərait yaradır. Bu, təkcə dövlət büdcəsinin yükünün azalması demək deyil, həm də iqtisadiyyatın diversifikasiyası, dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.
Azad edilmiş ərazilərin bərpası prosesində müasir trendlərin tətbiqi, xüsusilə rəqəmsal iqtisadiyyata inteqrasiyası da xüsusi diqqət mərkəzindədir. “Ağıllı şəhər” və “ağıllı kənd” konseptlərinin tətbiqi idarəetmənin şəffaflığını artırmaqla yanaşı, resursların səmərəli istifadəsini də təmin edir. Bu, regionlarda yeni texnologiyalara əsaslanan məşğulluq sahələrinin açılmasına, gənclərin innovativ təşəbbüslərə cəlb olunmasına şərait yaradır. Kəlbəcərdə və digər azad olunmuş rayonlarda inşa edilən turizm müəssisələri sahibkarlığın inkişafı üçün yeni imkanlar açır. Müasir dağ kurortları, sağlamlıq mərkəzləri, ekoturizm layihələri yalnız daxili bazara deyil, həm də beynəlxalq turizm axınına xidmət edir.
Prezident İlham Əliyevin bölgələrə son səfəri təsdiqləyir ki, Azərbaycanın regional inkişaf siyasəti son illərdə yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyəti iqtisadiyyatın dayanıqlı inkişafı, regionların büdcə müstəqilliyinin təmini, məşğulluq imkanlarının və sahibkarlıq mühitinin möhkəmləndirilməsidir. Regionların sosial-iqtisadi tərəqqisi həm də regional əməkdaşlıq kontekstində Azərbaycanın geoiqtisadi mövqelərini gücləndirir, milli iqtisadiyyatın rəqabət qabiliyyətini artırır, uzunmüddətli inkişaf üçün etibarlı zəmin yaradır.
MTM Analitik Qrup