RƏSMİ İRƏVAN İCTİMAİYYƏTİ SÜLH PROSESİNƏ HAZIRLAYIR

Ermənistan baş naziri Nikol Paşinyanın xalqa son müraciətində səsləndirdiyi fikirlər göstərir ki, rəsmi İrəvan sülhün alternativsizliyini təşviq etməklə, ictimaiyyəti həm də qarşıdakı konstitusiya dəyişikliklərinə hazırlamaq istəyir. Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanan Birgə Bəyannamə Yekun Sülh Sazişinə doğru mühüm addım olsa da, prosesin tam yekunlaşması, regionda sabitlik və əməkdaşlıq mühitinin formalaşması üçün qarşı tərəf konstitusiya dəyişikliyinə getməli, ölkəmizə qarşı ərazi iddialarına yol açan müddəaları bu sənəddən çıxarmalıdır.

Ermənistanda konstitusiya dəyişiklikləri ətrafında aparılan intensiv müzakirələr deməyə əsas verir ki, bu məsələ təkcə hüquqi-siyasi çərçivə ilə məhdudlaşmır. İşğalçılığa, ərazi iddialarına yol açan konstitusiya müddəalarının referendum yolu ilə tarixin arxivinə göndərilməsi bu ölkə üçün həm də ideoloji dönüş nöqtəsidir. Mövcud Konstitusiyada ərazi iddialarına yol açan müddəaların mövcudluğu Ermənistanın dövlət siyasətində “işğalçılıq məramına”, eləcə də total ictimai şüurda radikalizmə yol açır. Bu mürtəce müddəaların aradan qaldırılması formal hüquqi prosedur deyil, həm də Ermənistanın cəmiyyətinin ideoloji təfəkküründə köklü dəyişikliklərin başlanğıcı demək olacaq.

Ermənistanın konstitusiya dəyişiklikləri vasitəsilə “köhnə ideologiya”dan, yəni əsassız iddialardan, dini-milli ədavət ritorikasından imtinası sülh prosesinin davamlılığı, etimad mühitinin yaranması üçün həlledici şərtdir. Bu dəyişikliklər Ermənistanın regional əməkdaşlıqda səmimi tərəfdaş olmaq niyyətini göstərməli, qonşu dövlətlərə qarşı düşmənçilik üzərində qurulmuş siyasətin keçmişdə qaldığını təsdiqləməlidir. Konstitusiya islahatları bu ölkə üçün həm daxili, həm də xarici müstəvidə sınaqdır. İrəvan həqiqətən sülh yolunu seçibsə, bu dəyişikliklərlə beynəlxalq ictimaiyyətə açıq mesaj verməlidir. Bu, Ermənistanın həm region ölkələri, həm də beynəlxalq tərəfdaşlar qarşısında etibarlı dövlət imicinin formalaşmasına, uzunmüddətli təhlükəsizlik və iqtisadi perspektivlər qazanmasına şərait yaradacaq.

Rəsmi İrəvanın ritorikasındakı köklü dəyişikliklər heç də təsadüfi deyil. Xüsusilə 8 avqust tarixli Vaşinqton razılaşmalarından sonra bu ölkədə sülhün qaçılmazlığı fikri ictimai düşüncəyə hakim kəsilməyə başlayıb. Sözügedən razılaşmalar sülh istiqamətində ciddi siyasi iradə nümayişi olmaqla, uzun illər siyasi gündəmi zəbt edən “dənizdən-dənizə böyük Ermənistan” kimi saxta və təhlükəli ideologiyaya öldürücü zərbə vurub. Erməni ictimaiyyəti başa düşməyə başlayıb ki, Konstitusiyada ərazi iddialarına əsas yaradan müddəalar dəyişdirilmədən yekun sülh sazişinin imzalanması qeyri-mümkündür.

Rəsmi Bakının da dəfələrlə bəyan etdiyi kimi, Ermənistanın qarşısında yalnız bir seçim var: konstitusiya islahatlarını reallaşdırmaq və Yekun Sülh Sazişinin imzalanmasından sonra Azərbaycanla münasibətləri beynəlxalq hüququn prinsipləri əsasında normallaşdırmaq. Dünya ölkələrinin Vaşinqton razılaşmalarını təqdir etmələri deməyə əsas verir ki, Azərbaycanın diktə etdiyi sülh gündəliyi beynəlxalq miqyasda dəstəklənir. Rəsmi İrəvanın iki ilə yaxın müddətdə müxtəlif revanşist bəyanatlarla, əsassız “etnik təmizləmə” iddiaları ilə Azərbaycana qarşı təzyiqə nail olmaq cəhdləri isə tam iflasa uğrayıb. Rəsmi Bakı təkcə informasiya müstəvisində deyil, hərbi planda da Ermənistanın təxribatlarına tutarlı cavab verərək hər hansı cəhdin nəticəsiz qalacağını sübut edib.

Ermənistan baş naziri Nikol Paşinyan da xalqa müraciətində etiraf edib ki, keçmişlə yaşamağın mənası yoxdur: “Soydaşlarımıza gəlincə, mən dəfələrlə açıq şəkildə bəyan etmişəm: onların mümkün qayıdışı ideyasını real hesab etmirəm. Ümumiyyətlə, bu, Ermənistanla Azərbaycan arasında yaradılmış sülhə yalnız xələl gətirən mövzudur. Onu yenidən gündəmə gətirmək cəhdləri məcburi köçkünlərin özlərinə heç nə verməyəcək, dövlətlər arasında isə gərginlik yaradacaq”.

Rəsmi İrəvanın mövqeyində son iki ildə baş verən dəyişikliklər daxili ictimai rəyə təsirsiz keçməyib. Uzun illər qonşu ölkələrə qarşı ərazi iddiaları ovqatında saxlanılan erməni cəmiyyəti son iki ildə real geosiyasi mənzərəni anlamağa başlayıb. Sadə vətəndaşlar yaxşı başa düşürlər ki, revanşist düşüncə Ermənistanı daha böyük faciələrə sürükləyə bilər. Təsadüfi deyil ki, ötən il keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən və sülh prosesinə qarşı yönələn aksiyalar geniş ictimai dəstək qazanmadı. Bu il isə keşişin özünün həbsinə qarşı hər hansı ciddi ictimai etiraza rast gəlinmir. Bu faktlar radikal-revanşist qüvvələrin cəmiyyətdə gözdən düşməsi və hökumətin sülh mövqeyinin güclənməsi baxımından diqqəti xüsusilə çəkir.

Əgər son illərə qədər erməni cəmiyyətinin müəyyən azsaylı kəsimində regionda nəyinsə dəyişəcəyinə əsassız gözlənti var idisə, hazırda vəziyyət tamam başqadır. Erməni cəmiyyəti anlayır ki, Konstitusiyada 90-cı illərin əvvəlindən qalan iddialar aradan qaldırılmasa, sülh sazişi imzalanmayacaq və ölkə təcriddən xilas ola bilməyəcək.

Rəsmi İrəvanı sülh istiqamətində real addımlar atmağa məcbur edən digər səbəb ölkənin təcrid vəziyyətidir. Türkiyə və Azərbaycanla sərhədlərin bağlı qalması Ermənistanın iqtisadi inkişafına ciddi maneədir. N.Paşinyan məlum müraciətində bildirib ki, ölkəsinin əsas hədəfi Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsidir. Yalnız bu halda regional iqtisadi əməkdaşlıq imkanları yarana bilər.

Bununla yanaşı, Ermənistanda hələ də köhnə ideologiyanın daşıyıcıları, etnik qarşıdurmaya söykənən düşüncələrdən əl çəkməyən məhdud saylı qüvvələr mövcuddur. Onların məqsədi daxili sabitliyi pozmaq və Ermənistanı yenidən münaqişə yoluna sürükləməkdir. Lakin reallıq göstərir ki, bu qüvvələrin manevr imkanları getdikcə daralır. 8 avqust razılaşmaları fonunda həm beynəlxalq ictimaiyyət, həm də erməni cəmiyyəti bu zərərli siyasətin iflasa uğradığını görür.

MTM Analitik Qrup