REZİDENTURAYA QƏBUL OLUNAN NAMİZƏDLƏRİN ELEKTRON QEYDİYYATINA START VERİLİR

21 avqust saat 11:00-da ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunan namizədlərin elektron qeydiyyat prosesinə start veriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Elektron sistem üzrə qeydiyyat 28 avqust saat 18:00-da yekunlaşacaq.

Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən təhsil haqqını bank, poçt, “eManat” vasitəsilə nağd şəkildə ödəyə bilərlər. Nağdsız ödəniş üçün isə tələbələr portal.edu.az və ya bankların mobil tətbiqlərindən istifadə edə bilərlər.