
Müəyyən kənar güclərin etirazına baxmayaraq, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqton görüşündən sonra Zəngəzur dəhlizinin açılması istiqamətində artıq rəsmi İrəvan da praktiki addımlar atmağa başlayıb. İndi erməni tərəfi Vaşinqtonda üzərinə götürdüyü öhdəliklər kontekstində ABŞ ilə birlikdə yaxın tezlikdə dəhlizin açılmasını reallaşdırmaq niyyətindədir. Elə bu günlərdə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, dəhliz layihəsinin bəzi detalları artıq razılaşdırılıb və onun həyata keçirilməsi üçün Ermənistanda ermənilərin və amerikalıların iştirakı ilə şirkət yaradılacaq: “Layihə çərçivəsində səhmləri Ermənistan və ABŞ arasında bölüşdürüləcək şirkətin qeydiyyata alınması planlaşdırılır. Eyni zamanda, bu, ABŞ-nin regional təhlükəsizlik məsələlərində iştirakını nəzərdə tutmur”.
Mövzunu davam etdirən Ermənistan parlamentinin sədri Sarkis Xandanyan bildirib ki, dəhlizin açılması, ölkəsinin üzləşdiyi blokadanın aradan qaldırılması ilə bağlı Vaşinqtonda əldə olunan razılaşmalar barədə yaxın həftələrdə yeni xəbərlər olacaq. O qeyd edib ki, həm ABŞ, həm də Azərbaycan bu məsələ ilə bağlı işə mümkün qədər tez başlamaqda maraqlıdır: “Ümumiyyətlə, işçi qrupların formalaşdırılması ilə bağlı müzakirələrə ehtiyac var. Həmin qruplar texniki detallar və digər məsələlər ətrafında müzakirələr aparacaq”.
Qeyd etmək lazımdır ki, Vaşinqtonda üç ölkə liderinin imzaladığı üçtərəfli bəyannamə ilə Bakı və İrəvan kommunikasiyaların açılmasının vacibliyini bir daha təsdiqləyiblər. Bu kontekstdə artıq erməni tərəfi üzərinə öhdəlik götürüb ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana və əksinə maneəsiz hərəkət mümkün olacaq. Zəngəzur və ya “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlanan bu nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi məqsədilə Sarkis Xandanyan ölkəsinin Amerika tərəfi ilə çalışmalara başladığını qeyd edib. ABŞ və Ermənistan arasında dəhlizin açılması üçün əldə olunan razılıqların konkret təfərrüatları hələlik məlum olmasa da, müvafiq addımların atılması mühüm haldır. Sarkis Xandanyan qeyd edir ki, Ermənistan dəhlizlə bağlı Azərbaycanla da müxtəlif formatlarda müzakirələr aparmağa hazırlaşır: “TRIPP layihəsinə gəlincə, bu, Ermənistan-ABŞ formatında ikitərəfli fəaliyyəti ehtiva edir. Amma ümumən kommunikasiyaların açılması üçün təbii ki, Ermənistan və Azərbaycan bir-biri ilə işləməlidir. Burada dəmir yolu ilə bağlı texniki məsələlər və sair məsələlər var”.
Proseslərin inkişaf axarı Cənubi Qafqazda xüsusi marağı olan Rusiyanın artıq Zəngəzur dəhlizinin Vaşinqton razılaşmaları əsasında həyata keçməsi ilə barışdığını göstərir. Rusiya baş nazirinin müavini Aleksey Overçukun açıqlamaları da bunu təsdiq edir. O bildirib ki, İrəvan Zəngəzur dəhlizinin yaradılmasını zəruri hesab edirsə, Rusiya bu məsələdə Ermənistanı dəstəkləyir: “Ermənistan bizim strateji müttəfiqimizdir və əgər ölkə nəyinsə onlar üçün faydalı olduğunu hesab edirsə, biz, əlbəttə ki, bu məsələdə onu dəstəkləyirik. Əgər onlar hesab edirlərsə ki, Vaşinqtonda müvafiq bəyannamənin imzalanması daha çox təhlükəsizlik zəmanətləri verir, o halda bu yaxşıdır, çünki biz də Cənubi Qafqazda sülh proseslərini dəstəkləyirik, bu, bizim maraqlarımıza tam cavab verir”.
Vaşinqton razılaşmalarının daha bir mühüm cəhəti odur ki, dəhlizin reallaşmasına Ermənistan ərazisində üçüncü tərəf müdaxilə edə bilməyəcək. Elə Sarkis Xandanyan da bildirir ki, Ermənistan ərazisində TRIPP ikitərəfli layihədir və hər hansı üçüncü tərəfin cəlb olunması üçün Amerika tərəfinin razılığı lazımdır. Bu, müvafiq bəyannamənin özündə də öz əksini tapıb: “Əminəm ki, bu layihənin strateji əhəmiyyətini nəzərə alaraq, həm dövlətlər, həm də özəl şirkətlər arasında bu layihəyə sərmayə qoymaq və iştirak etmək istəyən maraqlı tərəflər olacaq, lakin belə məsələlər Ermənistan Respublikası ilə ABŞ arasında müzakirə və qərar obyektinə çevrilməlidir. Hesab edirəm ki, təfərrüatlar dəqiqləşdirilənə və yekun danışıqlar aparılana qədər bu barədə danışmaq tezdir”.
Amma o da qeyd olunmalıdır ki, Ermənistanda dəmir yollarını Rusiyaya məxsus “Cənubi Qafqaz Dəmir Yolları” şirkəti idarə edir. Hələ 2008-ci ildə Ermənistan dəmir yolları 30 il müddətinə Rusiya Dəmir Yolları şirkətinin konsessiya idarəçiliyinə keçib. Tərəflərin razılığı ilə, 20 ildən sonra müqavilə daha 10 il müddətinə uzadıla bilər. Bunu əsas gətirən Rusiya tərəfi belə fikirlər də səsləndirir ki, Zəngəzurdan çəkiləcək dəmir yoluna “Cənubi Qafqaz Dəmir Yolları” şirkəti cəlb edilməlidir. Amma qeyd edildiyi kimi şirkət Rusiyaya məxsusdur və üçüncü tərəfi təmsil edir. TRIPP-in Ermənistandan keçən hissəsi isə ikitərəfli layihədir və üçüncü tərəfin iştirakını nəzərdə tutmur. Hər halda bu ziddiyyəti Ermənistan özü həll etməlidir. Burada sadəcə, bir nüans xüsusi qeyd olunmalıdır ki, “Cənubi Qafqaz Dəmir Yolları” şirkəti infrastrukturun inkişafına dair üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün Ermənistanda getdikcə daha çox tənqidə məruz qalır. Bu o deməkdir ki, Ermənistan vaxtından əvvəl bu qurumla müqaviləyə xitam verə bilər. Digər tərəfdən Moskva bəyan edir ki, Ermənistan TRIPP layihəsinin reallaşması zamanı Avrasiya İqtisadi İttifaqının üzvü olduğunu unutmamalıdır.
Zəngəzur dəhlizini bir vaxtlar özünün qırmızı xətti elan edən İranda isə indi bu marşrutla bağlı ikili yanaşma hökm sürür. İran rəhbərliyinin dini liderlə, İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan hissəsi Vaşinqtonda əldə olunan razılaşmalara kifayət qədər sərt reaksiya verib. İslahatçılar qanadına daxil olan ölkə Prezidenti və Xarici İşlər Nazirliyinin rəhbəri isə bu razılaşmaları daha yumşaq formada şərh edirlər, hansısa ciddi problem görmürlər. Şübhəsiz ki, bütün bunlar İran Prezidenti Məsud Pezeşkianın avqustun 18-də Ermənistana başlayan səfəri çərçivəsində geniş müzakirə olunacaq. Amma Ermənistan Zəngəzur dəhlizinin reallaşmasında İran üçün heç bir təhdidin olmadığını artıq Tehranın diqqətinə çatdırdığını bildirir. Bütün bunlar o deməkdir ki, yanaşmalardan asılı olmayaraq, Zəngəzur dəhlizi tezliklə işə düşəcək. Özü də Azərbaycanın əvvəldən istədiyi şərtlər əsasında.
MTM Analitik Qrup