
Bakı və İrəvan arasında paraflanmış sülh müqaviləsinin imzalanması yolunda sonuncu maneə hesab olunan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması prosesi məlum Vaşinqton görüşündən sonra daha dinamik xarakter almağa başlayıb. Artıq bu fonda bəlli olub ki, Ermənistan Konstitusiyasının İslahatlar Şurası ölkənin baş qanununun yeni redaksiyasının hazırlanmasına həsr olunmuş bir sıra iclaslar keçirəcək.
Qeyd etmək lazımdır ki, bu ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşlara müraciət edərək yeni konstitusiyanın təsdiqi üçün ümumxalq səsverməsinin keçirilməsinin vacibliyini vurğulayıb. Qanunun mətninin 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər tamamlanması planlaşdırılır. Bundan əvvəl Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirmişdi ki, yenilənmiş əsas qanunla bağlı müzakirələrin gedişindən asılı olaraq konstitusiyanın yeni mətni 10 ay ərzində hazır ola bilər. Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlı Azərbaycanın mövqeyi isə dünya miqyasında qəbul edilir. Elə Ermənistanın özündə də Azərbaycanın yanaşmasının haqlı olduğunu etiraf edənlərin sayı hər keçən gün artır və bu hal Vaşinqton görüşündən sonra özünü daha qabarıq formada büruzə verir. Məsələ ilə bağlı Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, Vaşinqtonda sülh sazişi imzalansın: “Ona görə mən şübhə etmirəm ki, Ermənistan Konstitusiyası dəyişdiriləndə, – Ermənistan tərəfi özü bunu bildirir ki, belə dəyişikliklər edilməlidir, – Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik olacaq. Hər kəs bilir və bizim mövqeyimiz, demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən anlayışla qarşılanır. Çünki sülh sazişi imzalananda hər bir məsələ öz həllini tapmalıdır və bizə qarşı olan əsassız ərazi iddiası oradan çıxarılmalıdır. Ona görə mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Yenə də deyirəm, bunun nə vaxt olacağı Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Ancaq mən hesab edirəm ki, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki məncə, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”.
Ermənistanda onu da yaxşı bilirlər ki, sülh üçün tarixi şans yaranıb və bunun əldən buraxılması gələcəkdə sözügedən ölkənin özü üçün çoxsaylı problemlərdən başqa heç nə vəd etmir. İndi Ermənistan qarşısında duran əsas vəzifə 1990-cı illərin əvvəllərində qəbul edilən konstitusiyada, eləcə də digər hüquqi sənədlərdə yol verilən, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən tarixi səhvi aradan qaldırmaqdır. Bir daha xatırladaq ki, konstitusiyada istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın Ermənistana “birləşməsi” təsbit edilir. Bu sənəd faktiki olaraq, Ermənistanın beynəlxalq hüquq prinsiplərinə, xüsusilə də BMT Nizamnaməsində təsbit olunmuş dövlətlərin suverenliyi və sərhədlərin toxunulmazlığı məsələsinə ziddir. Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etsə də, Ermənistan Konstitusiyasında bu iddiaların saxlanılması gələcəkdə yenidən gərginlik ocaqları yarada bilər. Bunu daha öncə Ermənistan baş naziri Nikol Paşinyan özü də etiraf edib: “Müstəqillik Bəyannaməsinin mətnini yenidən oxuduqdan, araşdırdıqdan sonra əmin oldum ki, bu mətn Ermənistanın müstəqil dövlətinin və dövlətçiliyinin ola bilməyəcəyindən bəhs edir. Bunu deyirəmsə, o zaman deyə bilmərəm ki, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmalıdır. Əksinə, mənim fikrimcə, yeni konstitusiyanın mətnində ona istinad olmamalıdır”.
Beynəlxalq hüquq normaları aydın şəkildə göstərir ki, dövlətlər qonşu ölkələrin ərazi bütövlüyünə qarşı iddialardan imtina etməlidir. Ermənistanın bu prinsiplərə əməl etməsi üçün ilk addım öz daxili qanunvericiliyini, xüsusən konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaqdır. Konstitusiyadan Azərbaycana, eləcə də qardaş Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması təkcə siyasi deyil, həm də iqtisadi baxımdan Ermənistan üçün faydalıdır. İlk növbədə o baxımdan ki, Ermənistan regionda sülh və əməkdaşlıq prosesinə qoşularsa, Azərbaycanla iqtisadi əlaqələr, nəqliyyat-kommunikasiya layihələri, ticarət və enerji əməkdaşlığı imkanlarından yararlana bilər. Qeyd edilən kontekstdə Zəngəzur dəhlizinin açılması Ermənistan üçün həm tranzit gəlirləri, həm də beynəlxalq bazarlara çıxış baxımından böyük üstünlüklər yaradacaq. Lakin bu cür layihələrin həyata keçməsi üçün ilk növbədə qarşılıqlı inam mühiti bərpa olunmalıdır ki, bunun da əsas şərtlərindən biri Ermənistanın öz konstitusiyasında Azərbaycana qarşı iddialara son qoymasıdır.
O da nəzərə alınmalıdır ki, iki ölkə arasında uzun illər davam edən münaqişə xalqlar arasında dərin psixoloji və sosial baryerlər yaradıb. Ermənistan Konstitusiyasındakı ərazi iddiaları bu baryerləri daha da möhkəmləndirir və sülh prosesini ləngidir. Əgər Ermənistan bu müddəaları aradan qaldırsa, bu, sülhə doğru real niyyətin nümayişi olacaq. Ermənistanın konstitusiya dəyişikliklərinə getməsinin zəruriliyinə dair beynəlxalq aləmdə də yekdil rəy formalaşır. İndiki Ermənistan rəhbərliyi artıq qəbul edir ki, konstitusiyadakı ərazi iddialarının saxlanılması yalnız siyasi təcridi dərinləşdirir, iqtisadi inkişafı ləngidir və ölkənin beynəlxalq imicinə zərbə vurur. Əksinə, bu iddialardan imtina etmək Ermənistan üçün yeni imkanlar aça, ölkənin regionda müxtəlif layihələrdə iştirakına rəvac verə bilər.
O da birmənalı həqiqətdir ki, sülh müqaviləsinin imzalanması və real icrası üçün qarşılıqlı etimadın möhkəmləndirilməsi vacibdir. Ermənistan konstitusiya dəyişiklikləri etməklə yalnız Azərbaycanla münasibətlərini normallaşdırmayacaq, həm də Cənubi Qafqazda sabitlik və əməkdaşlıq dövrünün başlanmasına töhfə verəcək. Hazırda bu prosesə Ermənistanda maneə olmağa çalışan əsas qüvvə qismində ölkənin radikal müxalifəti çıxış edir. Lakin onların cəmiyyət tərəfindən rədd edilməsi Ermənistanda konstitusiya dəyişiklikləri prosesinin gələn ilin ilk yarısında başa çatma ehtimalını qüvvətləndirir. Bu da regionda sülh və əməkdaşlıq ümidlərini artırır.
MTM Analitik Qrup