ERMƏNİSTANIN CİNAYƏTKAR HƏRBİ-SİYASİ RƏHBƏRLİYİNİN MƏSULİYYƏTƏ CƏLB EDİLMƏSİNƏ NAİL OLMALIYIQ – BAŞ PROKUROR

Beynəlxalq məhkəmələrdə Ermənistan rəhbərliyinin, digər vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunması nail olmalıyıq.

Bunu cümə günü jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror qeyd edib ki, Vətən müharibəsi dövründə Ermənistan hərbi-siyasi rəhbərliyinin, hərbçilərinin törətdiyi cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən rəsmləşdirilərək beynəlxalq təşkilatlara göndərilən iddia ərizəsi artıq Beynəlxalq Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində icraata qəbul edilib.

O bildirib ki, iddiaya 18 oktyabrda baxılacaq:

“Prossesual qanunvericiliyin tələbinə uyğun olaraq cinayətlər sənədləşdirilib. Bizim əlimizdə kifayət qədər sübut və dəlillər var. Birinci Qarabağ müharibəsində bu işlər gedirdi. Bizdə Hərbi Prokurorluqda xüsusi istintaq şöbəsi mövcuddur. O şöbə yalnız Ermənistan tərəfindən Azərbaycan və Azərbaycan vətəndaşlarına qarşı törədilən cinayətlərin istintaqı ilə məşğuldur. Şöbədə işlər araşdırılır və sübutlar yığılır”.

K.Əliyev qeyd edib ki, hazırda əldə olan sübut və dəlillər realizasiya edilir:

“Beynəlxalq məhkəmələrdə Ermənistan rəhbərliyinin, digər vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunmasına nail olmalıyıq. Bununla bağlı komissiyalar yaradılıb. Məqsəd cinayət törədən şəxslərin məsuliyyətə cəlb olunmasına və kompensasiya ödənilməsinə nail olmaqdır”.