NATO AZƏRBAYCANIN BÖLGƏDƏ SÜLHYARATMA SƏYLƏRİNİ YÜKSƏK DƏYƏRLƏNDİRİR

Azərbaycan, Ermənistan və ABŞ liderlərinin 8 avqust tarixli Vaşinqton Bəyannaməsi Cənubi Qafqazın taleyində dönüş nöqtəsi olmaqla yanaşı, Azərbaycanla Şimali Atlantika Alyansı – NATO arasında hərbi-texniki əməkdaşlığın yeni mərhələyə keçidinə əlverişli zəmin yaradıb. Donald Tramp Administrasiyasının siyasi dəstəyi ilə imzalanan bu sənəd regionun ümumən qlobal təhlükəsizlik sisteminə inteqrasiyasını sürətləndirir.
NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Rugenin hər iki ölkənin alyansdakı nümayəndələri ilə görüşərək bu tarixi razılaşmaları alqışlaması, əlaqələrin daha da genişləndirilməsi barədə açıqlaması alyansın bölgədəki fəallığını artıracağı ilə bağlı verilən mesajdır. Aşkar görünür ki, ABŞ-ın sülhyaratma prosesinə fəal dəstəyi fonunda NATO-nun da Cənubi Qafqaz siyasətində yeni səhifə açılır. Ölkəmiz təşkilat üçün mühüm tərəfdaş statusunu daha da gücləndirir.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, Ordu quruculuğunda müasir yanaşmaların tətbiqi, beynəlxalq təcrübənin mənimsənilməsi və tərəfdaşlıq platformalarının genişləndirilməsi İkinci Qarabağ müharibəsində qazanılmış tarixi qələbənin nəticələrinin möhkəmləndirilməsinə yönəlib. NATO ilə son 30 ildə formalaşan uğurlu əməkdaşlığın davam edən genişləndirilməsi də bu baxımdan müstəna əhəmiyyət kəsb edir.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra avrostrukturlara inteqrasiyanı strateji xətt kimi müəyyən edən Azərbaycan 1994-cü il 4 may tarixində təşkilatın Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulub. Sonrakı mərhələlərdə Azərbaycan Alyansla genişmiqyaslı siyasi dialoq aparıb, beynəlxalq təhlükəsizlik missiyalarında fəal iştirak edib. NATO missiyasının tərkibində Kosovada, İraqda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən Azərbaycan hərbçiləri əməliyyat təcrübəsi qazanaraq peşəkarlıq səviyyələrini artırıblar.
Prezident İlham Əliyevin NATO mənzil-qərargahına 7 dəfə səfəri, alyansın baş katiblərinin 4 dəfə Azərbaycanda olmaları ikitərəfli etimadın möhkəmlənməsinə xidmət edib. NATO-nun 2006-cı ildə Riqada, 2008-ci ildə Buxarestdə və 2009-cu ildə Strasburqda keçirilən Zirvə görüşlərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edilməsi, eləcə də İkinci Qarabağ müharibəsi zamanı alyansın neytral mövqe tutması tərəfdaşlıq münasibətlərinin strateji mahiyyətini bir daha təsdiqləyib.
Cənubi Qafqaz regionunda postmünaqişə dövrünün reallıqları, Ukrayna müharibəsinin uzanması fonunda enerji təhlükəsizliyi məsələləri Azərbaycanın strateji əhəmiyyətini Qərb üçün daha da artırıb. NATO-nun enerji təhlükəsizliyinə kompleks yanaşması, Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi rolunu yüksək qiymətləndirməsi ölkəmizin strateji mövqeyini möhkəmləndirir. Avropanın enerji asılılığının azaldılması istiqamətində alternativ mənbələrə artan tələbat fonunda Azərbaycanın mövqeyi alyans üçün vacib amilə çevrilib.
Azərbaycan və Ermənistan arasında münaqişə səhifəsinin qapanması NATO-nun bölgə ilə bağlı maraqlarına da uyğun gəlir. Alyans üçün əsas məqsəd regionu sabit, təhlükəsiz və qlobal iqtisadi layihələrə açıq məkana çevirməkdir. Azərbaycanın tranzit və enerji dəhlizi kimi artan rolu NATO-nu ölkəmizlə daha səmərəli əməkdaşlığa sövq edir. ABŞ və NATO-nun Bakıya siyasi dəstəyinin güclənməsi digər əsas beynəlxalq oyunçuların, eləcə də Avropa İttifaqının bölgəyə diqqətini artıracaq. Bu isə Vaşinqton razılaşmasının yalnız ikitərəfli deyil, çoxşaxəli əlaqələrin qurulması baxımından əhəmiyyətini önə çıxarır.
Ümumiyyətlə, Vaşinqton razılaşmalarından sonra ABŞ-nin NATO çərçivəsində Azərbaycana daha çox hərbi-texniki dəstək verəcəyi gözlənilir. Bu qənaəti gücləndirən məqamlardan biri də D.Tramp Administrasiyasının “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin ləğvi istiqamətində siyasi iradə nümayiş etdirməsidir. Məhdudiyyətin aradan qaldırılması Azərbaycanın ABŞ-dan və NATO üzvü olan digər ölkələrdən daha çox yardım almasına imkan verəcək. Eyni zamanda birgə təlimlərin miqyası artacaq, müdafiə və təhlükəsizlik sahələrində yeni texnoloji həllərin tətbiqi sürətlənəcək. Azərbaycanın müdafiə sənayesinin inkişafı fonunda NATO ölkələri ilə bu istiqamətdə ortaq layihələrin reallaşdırılması da mümkündür.
Bu gün rəsmi Bakı yalnız regional sabitlik təşəbbüslərinin iştirakçısı deyil, həm də əsas təşəbbüskarlarından biridir. NATO-nun yüksək səviyyəli rəsmisinin Azərbaycanı sülh təşəbbüslərinə görə təbrik etməsi isə təşkilatın ölkəmizə olan siyasi etimadının göstəricisidir. Bu etimad hərbi-texniki əməkdaşlığın dərinləşməsinə, tərəfdaşlıq formatlarının genişlənməsinə və qarşılıqlı etimad mühitinin güclənməsinə şərait yaradır.
Bütün bunlar Azərbaycanın regional lider və etibarlı tərəfdaş statusunu möhkəmləndirir, ölkəmizin beynəlxalq təhlükəsizlik sistemindəki çəkisini artırır. Vaşinqton razılaşmaları ilə regionda başlayan yeni mərhələ NATO-nun Cənubi Qafqazdakı mövqelərinin möhkəmlənməsi və Azərbaycanın qlobal təhlükəsizlik sistemində daha fəal rol oynaması baxımından tarixi əhəmiyyət daşıyır.

MTM Analitik Qrupu