VAŞİNQTON RAZILAŞMASI: RADİKALİZMƏ ÖLDÜRÜCÜ ZƏRBƏ, DAYANIQLI SÜLH VƏ ƏMƏKDAŞLIĞIN TƏMİNATI

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamə beynəlxalq ictimaiyyət tərəfindən Cənubi Qafqazda münaqişə səhifəsinin qapadılması, dayanıqlı sülhün reallığa çevrilməsi istiqamətində atılmış qətiyyətli addım kimi qiymətləndirilir. Bu sənəd təkcə iki ölkə arasında uzun illər davam edən gərginliyə son qoyulması deyil, həm də Ermənistanda ictimai düşüncəni zəhərləyən köhnə ideoloji qəliblərin, revanşist mövqelərin tam iflası deməkdir.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan daxilində və diaspor çevrələrində səsləndirilən “gələcəkdə hər şeyin dəyişəcəyi”, “revanş üçün hazırlıq” kimi sərsəm iddialar artıq cəmiyyətin həlledici bir qismi tərəfindən qeyri-ciddi qəbul edilir. Bu, Ermənistan siyasi elitasında realizmin güclənməsi və populist ritorikanın zəifləməsi deməkdir.

Postmüharibə dövründə Ermənistanda Azərbaycanla sülhün əldə edilməsi mövzusuna münasibət heç də birmənalı olmayıb. Bununla belə, Qarabağdakı separatçı rejimin devrilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, sonrakı mərhələdə əldə olunmuş ikitərəfli razılaşmalar, nəhayət, avqustun 8-də Vaşinqtonda imzalanmış rəsmi sənədlər Ermənistan cəmiyyətində sülh ovqatını əhəmiyyətli dərəcədə gücləndirərək radikal-revanşist qüvvələrin mövqeyinə öldürücü zərbə olub. Media və sosial şəbəkələrdən aydın görünür ki, Ermənistan cəmiyyəti sülh istiqamətində atılan addımları müsbət qarşılayır, uzunmüddətli qarşıdurmanın ölkə üçün iqtisadi gerilik, siyasi təcrid və regional əlaqələrdən kənarda qalmaq kimi nəticələr verdiyini etiraf edir. Bu xüsusda qonşu ölkələrin ərazisinə əsassız iddiaların erməni xalqına yaxşı heç nə vəd etmədiyi, Ermənistanın təhlükəsizliyinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçdiyi də etiraf olunur.

Nikol Paşinyan hakimiyyəti bu razılaşma ilə həm beynəlxalq səviyyədə sülhün alternativinin olmamasına dair öhdəlik götürüb, həm də qarşıdakı seçkilər ərəfəsində siyasi rəqibləri üzərində üstünlüyünü gücləndirib. Birgə Bəyannamənin imzalanması, Yekun Sülh Sazişi layihəsinin paraflanması, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək “Tramp sülh yolu”nun (TRIPP) reallaşması istiqamətində iradə nümayişi erməni cəmiyyətinə konkret və real nəticələr vəd edir. Dəhlizin 99 il müddətində ABŞ şirkətinə icarəyə verilməsi dayanıqlı sülh və sabitlik baxımından da həlledici məqamdır.

Birgə Bəyannamədə qisasçılığın və güc tətbiq etməyin yolverilməzliyi barədə konkret müddəanın yer alması da xüsusi vurğulanmalıdır. Sənəddə deyilir: “Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik.”

Bu müddəa hüquqi-siyasi baxımdan gələcəkdə hər hansı revanşist addımın qarşısına birmənalı sipər çəkir. Gələcəkdə Ermənistanda hakimiyyətə hansı siyasi qüvvə gəlməsindən asılı olmayaraq, bu razılaşmalardan imtina hüquqi və diplomatik baxımdan mümkün görünmür. Bu, Ermənistan dövlətçiliyinin taleyi üçün fəlakətli bir addım olar.

Birgə Bəyannamə perspektivdə yalnız yekun sülh sazişinin imzalanmasına təminat yaratmır, eyni zamanda, iki ölkə arasında siyasi, iqtisadi və diplomatik münasibətlərin bərpasına, regional inteqrasiyaya yol açır. Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn prinsipləri əsasında yeni münasibətlər qurulur, ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri açılır, iqtisadi layihələr, infrastruktur təşəbbüsləri gündəmə gəlir. Prezident İlham Əliyevin Vaşinqtonda səsləndirdiyi birgə bəyanat zamanı dediyi “Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik” fikri də bunun bariz ifadəsidir.

Beynəlxalq ictimaiyyət əldə olunan razılaşmalara müsbət reaksiya verir. Dünyanın 30-dan çox aparıcı dövləti, o cümlədən əsas beynəlxalq təşkilatlar Vaşinqton razılaşmalarını təqdir etməklə, regionda dayanıqlı sülhün bərqərar olunmasında maraqlı olduqlarını ifadə ediblər. Bu, həm də Ermənistandakı radikal-revanşist qüvvələrə siqnaldır ki, gələcəkdə hər hansı təxribat və ya prosesdən imtina cəhdlərinə beynəlxalq müstəvidə sərt təpki veriləcək.

Əldə olunan razılaşmalar sərhədlərin demarkasiya və delimitasiyası, kommunikasiya xətlərinin açılması, humanitar məsələlərin həlli kimi konkret istiqamətlərdə əməkdaşlığa yol açır. Eyni zamanda, razılaşmalar yekun sülh sazişinə mane olan əsas məsələnin – Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialara imkan verən müddəaların gələn il keçiriləcək referendum nəticəsində dəyişdiriləcəyinə siyasi zəmin yaradır.

Radikal-revanşist qüvvələrin bu prosesə qarşı etirazları, bəyanat və iddiaları, əlbəttə ki, gözlənilən haldır. Lakin onların avantürist ritorikası artıq regional və qlobal siyasi reallıqları dəyişmək gücündə deyil. Belə ki, bu razılaşmalar həm ABŞ, həm də digər beynəlxalq oyunçular tərəfindən dəstəklənir, geriyə hansısa yol qoymur. Ermənistan cəmiyyəti getdikcə başa düşür ki, separatizm və əsassız iddialar ölkəni yalnız təcrid vəziyyətində saxlayır, iqtisadi inkişafı ləngidir, sosial problemləri dərinləşdirir.

Ümumilikdə, 8 avqust razılaşmaları regionun gələcəyini müəyyən edəcək strateji yol xəritəsidir. Beləliklə, Cənubi Qafqazda uzun illər davam edən düşmənçilik səhifəsi bağlanır, əməkdaşlıq mərhələsi başlayır, revanşizm tarixin arxivinə göndərilir.

MTM Analitik Qrup