
İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqların dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda baş tutan görüşü bir daha təsdiqlədi. Dünyanın ən müxtəlif ölkələri, aparıcı media vasitələri Vaşinqtonda əldə edilən razılıqları alqışlayaraq, bunun Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoyduğunu bəyan edirlər. Bu konrekstdə o etiraflara da rast gəlinir ki, Cənubi Qafqazda barış, əməkdaşlıq arxitekturası Azərbaycanın yanaşması əsasında qurulur və bundan təkcə region ölkələri yox, dünya dövlətlərinin mütləq əksəriyyəti faydalanacaq. Zəngəzur dəhlizi bunun konkret göstəricilərindən biri, real nümunəsi kimi qeyd edilir.
Azərbaycanın açılmasını israrla istədiyi bu dəhlizin Ermənistana da qazandıracağı üstünlüklər artıq sözügedən ölkədə də qəbul olunur. Elə Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində də qeyd edib ki, sözügedən dəhliz daha geniş region, Ermənistanın özü üçün də çoxlu imkanlar vəd edəcək: “Mən Ermənistanın baş naziri ilə görüşlərin birində demişdim ki, Ermənistanın tranzit ölkə olmaq şansı yaranacaq. Dedim ki, siz tranzit ölkə olmağın mənasını bilmirsiniz. Siz tranzit ölkə deyilsiniz və yalnız Azərbaycan sayəsində tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil və siz tranzit ölkə olmağın üstünlüyünü görəcəksiniz. Biz daha güclü tranzit ölkə olmağa çalışırıq. Biz istəyirik ki, ərazimizdən keçən dəhlizlər daha çox yükdaşıma qabiliyyətinə malik olsun. Bu, pul gətirir, iş yerləri açır və siyasi imkanlar vəd edir. Söhbət Ermənistanın uzun illər özünü məhrum etdiyi imkanlardan gedir. Beləliklə, bu nəqliyyat marşrutu – qısaltması TRIPP kimi səslənən “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” daha bir tarixi nailiyyət olacaq. Amma yenə də, daha əvvəl qeyd etdiyim kimi, vaxt itirməməliyik. Biz bu işlərlə mümkün qədər tez məşğul olmalıyıq. Birləşmiş Ştatlar bu marşrutu idarə edəcək və ümidvaram ki, regiondakı bütün xalqların xeyrinə bu əlaqə xətlərini qurmaq üçün həmin mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq”.
Artıq barəsində bəhs edilən dəhlizin inşası üçün investorların tapılması məsələsi Ermənistanda da xüsusi maraq dairəsində yer alır. Ermənistan Milli Məclisinin Xarici əlaqələr daimi komitəsinin sədri, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Sargis Xandanyan bu marşrutun iqtisadi tərəflərinin ölkəsi üçün mühüm önəm daşıdığını vurğulayıb: “Azərbaycan ərazisində investisiyalarla Azərbaycan özü məşğul olacaq, həm də orada artıq mövcud olan infrastruktur var. Ermənistan üçün isə investisiya yatırılmasına ehtiyac var. Ermənistanın bu ideyanı ABŞ-la birlikdə inkişaf etdirməyə maraq göstərməsinin əsas səbəbi budur ki, Ermənistanın cənubundan keçəcək infrastruktur Amerika ilə və ABŞ investisiyaları hesabına reallaşsın”.
Ümumiyyətlə, indi Ermənistanın yanaşması bundan ibarətdir ki, hansı ad daşımasından asılı olamayaraq, Zəngəzur dəhlizinin açılması tezləşsin. Buna müqavimət göstərən tərəflərdən biri olan İranda isə dəhlizlə bağlı indi fərqli yanaşmalara rast gəlinir. Məsələn, “Azad İran” teleqram kanalının məlumatına əsasən, İran Prezidenti Məsud Pezeşkian qeyd edib ki, Zəngəzur dəhlizinin işə düşməsi ölkəsi üçün hansısa problem yaratmır: “Bu dəhlizlə bağlı deməliyəm ki, məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil. Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir və Avropa və şimala tranzitə mane olmur”. Yenə həmin teleqram kanalının məlumatına əsasən, İranın xarici işlər naziri Abbas Əraqçı da Zəngəzur məsələsində dəhliz mübahisəsinin tamamilə aradan qalxdığını bildirib: “Biz dəfələrlə Ermənistan və Azərbaycanla Zəngəzurla bağlı danışmışıq. Biz Ermənistan və Azərbaycan arasında istənilən sülhü alqışlayırıq. Biz regiondakı bütün ölkələrin öz torpaqları üzərində tam suverenliyini tələb edirik və regiondakı bütün ölkələrin ərazi bütövlüyünü müdafiə edirik. Biz beynəlxalq sərhədlərdə heç bir dəyişikliyi qəbul etmirik. Azərbaycan və Ermənistanın birgə bəyanatında da bu elementlər nəzərə alınıb və hörmət edilib”.
Düzdür, İranda müəyyən qüvvələr hələ də Zəngəzur dəhlizi və ya TRIPP marşrutu ilə bağlı hələ də fərqli fikirlərə rast gəlmək mümkündür. Məəslən, “Tasnim” agentliyinə müsahibəsində İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti qeyd edir ki, İran, Rusiya ilə olsa da, olmasa da Qafqazda Amerika dəhlizinin inşasının qarşısını alacaq: “Çünki bu dəhliz regionun təhlükəsizliyinə təhdiddir, onun geosiyasi xəritəsini dəyişir”. Onun iddiasına əsasən, İran həmişə Zəngəzur dəhlizi adlandırılan layihəyə qarşı çıxıb. Amma yxarıda qeyd edildiyi kimi İranda dəhlzilə bağlı artıq fərqli rəsmi yanaşmalar da var və belə yanaşmaların zaman keçdikcə dominantlıq təşkil edəcəyi şübhə doğurmur. İkinici bir tərəfdən nəzərə alınmalıdır ki, marşrutun keçdiyi əraziyə nəzarət və təhlükəzilik ABŞ tərəfindən həyata keçriləcək. Bu halda İranın ABŞ-a qarşı gedib dəhliz əleyhinə hansısa addım atacağı qətiyyətn inandırıcı deyil. Hər halda bu qənaəti İran və İsrail arasında ABŞ-ın da müdaxilə etdiyi 12 günlük müharibənin nəticələri daha da möhkəmləndirir.
Beləliklə, proseslərin inkişaf axarı Zəngəzur dəhlizinin yaxın tezlikdə reallaşacağını nümayiş etdirir. Ölkəmiz burada da öz məqsədinə nail olur. Bunu indi Ermənitanın özündə belə açıq etiraf edilər. Ermənistan parlamentində müxalif “Hayastan” fraksiyasının üzvü Kristine Vardanyan qeyd edir: “Fakt ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tələb etdiyini əldə edib: Ermənistan ərazisindən maneəsiz keçid: bu, həm üçtərəfli birgə bəyannamədə, həm də ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müraciətdə qeyd olunub”.
O da faktdır ki, XXI əsrin ən mühüm geosiyasi və iqtisadi layihələrindən biri kimi qiymətləndirilən bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmıklə yanaşı, həm region ölkələri, həm də qlobal ticarət marşrutları üçün yeni imkanlar açacaq. Layihənin həyata keçirilməsi təkcə iqtisadi deyil, həm də siyasi, nəqliyyat, enerji və mədəni sahələrdə böyük üstünlüklər vəd edir. Ümumiyyətlə, Zəngəzur dəhlizi Azərbaycanla yanaşı, Avrasiya ölkələri üçün də strateji nəqliyyat xəttidir. Bundan əlavə, dəhliz beynəlxalq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə qoşularaq yüklərin daşınmasında sürəti artıracaq, tranzit xərclərini azaldacaq. Bu, regionu qlobal ticarət xəritəsində mühüm logistika mərkəzlərindən birinə çevirəcək.
Heç şübhəsiz ki, Zəngəzur dəhlizi Azərbaycanın ixrac potensialını genişləndirəcək, kənd təsərrüfatı və sənaye məhsullarının yeni bazarlara çıxışını asanlaşdıracaq. Dəhliz vasitəsilə Azərbaycan, Türkiyə və Mərkəzi Asiya arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması gözlənilir.
Bununla yanaşı, dəhliz boyunca yeni sənaye zonalarının, anbarların və logistika mərkəzlərinin yaradılması regionda investisiya axınını artıracaq, minlərlə yeni iş yeri yaradacaq. Digər tərəfdən Zəngəzur dəhlizi bölgədə sülh və əməkdaşlıq mühitini gücləndirəcək. Azərbaycan üçün bu, həm də Naxçıvan üzərindəki kommunikasiya blokadasının tam aradan qaldırılması, ölkənin ərazi bütövlüyünün möhkəmləndirilməsi və regional təsir imkanlarının artırılması deməkdir.
Zəngəzur dəhlizi yalnız avtomobil və dəmir yolu xətti deyil, həm də enerji və telekommunikasiya infrastrukturu üçün yeni marşrutdur. Bu dəhliz Avrasiya məkanında iqtisadi inteqrasiyanın mühüm elementi hesab olunur. Beləliklə, Zəngəzur dəhlizi bütövlükdə regionun iqtisadi, siyasi və sosial inkişafına xidmət edəcək mühüm strateji layihə kimi işə düşür. Onun istifadəyə verilməsi Cənubi Qafqazı beynəlxalq ticarət və əməkdaşlıq xəritəsində əsas mərkəzlərdən birinə çevirəcək.
MTM Analitik Qrup