AZƏRBAYCANIN SÜLH GÜNDƏLİYİ CƏNUBİ QAFQAZIN TALEYİNDƏ YENİ SƏHİFƏ AÇIR

Avqustun 8-i yəni bu gün tarixi dünya diplomatiyası tarixində mühüm səhifə kimi yadda qalacaq: məhz bu gün ABŞ-nin siyasi-mənəvi dəstəyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh istiqamətində mühüm razılaşmanın imzalanması gözlənilir. Bu tarixi hadisə yalnız iki ölkə arasındakı onilliklər boyu davam edən münaqişəyə son qoymaqla yanaşı, həm də Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişəcək, dayanıqlı sabitlik və əməkdaşlıq üçün yeni səhifə açacaq.

Əslində, Vaşinqton görüşü Azərbaycanın son beş ildə həyata keçirdiyi ardıcıl və prinsipial siyasətin məntiqi nəticəsidir. İmzalanması gözlənilən sənəd, ilk növbədə, Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsinin, 2023-cü ildə lokal antiterror tədbirlərinin nəticəsi kimi əldə etdiyi zəfərlərin, regionda de-fakto yaranmış yeni geosiyasi reallığın ABŞ və digər aparıcı dövlətlər tərəfindən qəbul olunmasıdır. Vaşinqton razılaşması, eyni zamanda, Azərbaycanın son iki ildə diktə etdiyi sülh gündəliyinin məntiqi sonluğa yetişməsi deməkdir.

2023-cü ildə Qarabağdakı separatçı rejimin süqutu fonunda bütün məkrli planları iflasa uğrayan Ermənistan və havadarlarının erməni əsilli şəxslərin Qarabağdan köçü ətrafında apardığı məkrli kampaniya iflasa uğrayıb. Heç bir əsası olmayan “etnik təmizləmə” iddiaları ilə Azərbaycana qarşı təzyiqlərə nail olmaq cəhdləri beynəlxalq platformalarda dəstək almayıb. Qarabağdakı xunta rejiminin süqutundan sonra rəsmi İrəvanın danışıqlar prosesindən yayınmaq üçün səsləndirdiyi iddiaların əsassız olduğu, regionda vəziyyəti gərginləşdirmək məqsədinə xidmət etdiyi Azərbaycan diplomatiyası tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Rəsmi Bakı müəyyən revanşist bəyanatlar və cəfəng iddialarla sülh çağırışlarına cavab verməyən Ermənistan rəhbərliyinin uğursuz manipulyasiyalarını puça çıxarıb, İrəvanı danışıqlar masasına qayıtmağa məcbur edib.

Ölkə rəhbərliyi separatçı rejimin ləğvindən sonra bir daha bəyan edib ki, sülh prosesi beynəlxalq hüquqa əsaslanan 5 mühüm prinsip əsasında aparılmalıdır və hansısa güc mərkəzinin tərəflərə diktə etməsi, regionu geosiyasi rəqabət meydanına çevirməsi yolverilməzdir. Rəsmi Bakı haqlı olaraq hesab edib ki, iki ölkə hansısa vasitəçinin iştirakı və müdaxiləsi olmadan belə danışıqların aparılması, müəyyən razılaşmaların əldə edilməsi mümkündür. Prezident İlham Əliyev çıxışlarında Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar formatının səmərəli olduğunu, qərəzli və qeyri-obyektiv mövqe tutan bəzi ölkələrin vasitəçilikdən uzaqlaşdırıldığını vurğulayıb. Məsələ burasındadır ki, Fransa, Avropa İttifaqı, eləcə də ABŞ Co Bayden Administrasiyası dövründə ermənipərəst mövqedən çıxış edib, aşkar tərəfkeşliyə yol veriblər. Azərbaycan tərəfinin regiondakı proseslərə qərəzli və geosiyasi maraqları prizmasından yanaşan bu “vasitəçilərə” etimadsızlığı isə tamamilə təbii olub.

Bu qətiyyətli mövqe son iki ildə vasitəçilərsiz danışıqlar formatının praktiki şəkildə reallaşmasına gətirib çıxarıb. Bu format çərçivəsində 2023-cü ildə humanitar yönümlü ilk mühüm addım atılıb. Həmin il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılışma əldə olunub.

Birbaşa danışıqların mübahisəli məsələlərin həllində daha səmərəli format olduğu sonrakı dövrdə bir daha təsdiqini tapıb. 2024-cü ilin aprelində Azərbaycanla Ermənistan arasında ərazi mübahisəsi ilk dəfə dinc yolla tənzimlənib və Qazax rayonunun işğal altında olan 4 kəndi Azərbaycana qaytarılıb. İki ölkənin delimitasiya və demarkasiya üzrə birgə Komissiyasının əldə etdiyi bu mühüm razılaşma beynəlxalq ictimaiyyət tərəfindən sülhə gedən yolda mühüm addım kimi yüksək qiymətləndirilib.

Nəhayət, 2025-ci ilin martında Ermənistan tərəfinin imzalanacaq yekun sülh sazişinin mətnində yer alan 17 müddənin hər birini qəbul etməsi ilə sənəd üzərində iş başa çatıb. Vaşinqton görüşünün təşkili əminliklə deməyə əsas verir ki, qarşı tərəf rəsmi Bakının ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasının ərazi iddialarına yol açan müddəalarının dəyişdirilməsi ilə bağlı prinsipial iki şərtini də qəbul edib.

Onu da qeyd etmək lazımdır ki, Vaşinqtonda əldə olunacaq razılaşmalar regionu geosiyasi rəqabət meydanına çevirməyə çalışan qüvvələrə ciddi zərbədir. Xüsusilə Fransa uzun müddət Ermənistanın əsassız ərazi iddialarını dəstəkləyərək bölgədə təsirini artırmağa, gərginlik yaratmağa çalışıb. İran son illərdə Zəngəzur dəhlizinin açılmasına qarşı açıq “müqavimət” göstərərək regiondakı sülh prosesini təhdid edib. Nəhayət, Rusiya münaqişə üzərindən hər iki ölkəyə təsir və nüfuz imkanlarını qoruyub saxlamaq iddiasını qabarıq büruzə verib. Lakin Azərbaycanla Ermənistan birbaşa danışıqların son bir il yarımdakı nəticələri həmin xarici qüvvələrin əsassız iddiaları qarşısında sipər yaradıb.

Əldə olunacaq razılaşmalar Ermənistan daxilində sülh prosesinə mane olan, revanşist ritorika ilə cəmiyyəti zəhərləyən siyasi dairələrin də tam iflası olacaq. Bu radikal-revanşist qüvvələr əsassız ərazi iddiaları, saxta ideologiya, təxribatçı ritorika ilə düşmənçilik təbliğatı apararaq erməni cəmiyyətində “gündəmdə qalmağa” çalışıblar. Vaşinqtonda imzalanacaq sənəd həmin qüvvələrin son ideoloji dayaqlarını da sıradan çıxaracaq, cəmiyyətə təsir imkanlarını minimuma endirəcək. Bu mənada, Vaşinqton görüşü təkcə iki ölkə arasında sülh gündəliyinin mühüm mərhələsi deyil, həm də Ermənistan daxilindəki revanşist qüvvələrin tam neytrallaşdırılmasıdır.

Ümumilikdə, Vaşinqton görüşü bölgədə uzunmüddətli sabitlik mühitinin yaranmasına, münaqişə risklərinin aradan qalxmasına təminat yaradır. Bu razılaşma nəticəsində sərhədlərin müəyyənləşməsi və qarşılıqlı etimad tədbirlərinin güclənməsi diplomatik əlaqələrin tədricən yaranmasını və iqtisadi inteqrasiyanı sürətləndirəcək.

Nəhayət, imzalanması gözlənilən saziş psixoloji-siyasi maneələrin aradan qaldırılması, xalqlar arasında düşmənçilik münasibətlərinin əməkdaşlıq mühitinə çevrilməsi üçün mühüm fürsətdir. Ən əsası, Vaşinqton razılaşması bütün dünyaya mesaj verir ki, Cənubi Qafqaz xalqları öz gələcəklərini özləri müəyyən edə bilər və dayanıqlı sülh yalnız region ölkələrinin siyasi iradəsi ilə mümkündür.

MTM Analitik Qrup