AZƏRBAYCANIN YAXIN ŞƏRQ ÖLKƏLƏRİ İLƏ MÜNASİBƏTLƏRİ YENİ MƏRHƏLƏYƏ QƏDƏM QOYUR

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkələrimiz arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Xüsusən də ötən ilin sonlarından intensivləşən əlaqələr – səfirliklərin bərpası, yüksək səviyyəli səfərlər deyilənlərin əyani təsdiqidir. Avqustun 2-dən Azərbaycanın bu ölkəyə Türkiyə ərazisi vasitəsilə qaz ixracına başlaması isə ölkəmizin təkcə Suriya deyil, ümumən Yaxın Şərqdə nüfuz imkanlarınını artmasına imkan yaradıb.

Azərbaycan, Türkiyə, Suriya və Qətər arasında imzalanmış və artıq icrasına start verilmiş qaz layihəsi qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelinin parlaq nümunəsinə çevrilib. 4 ölkənin bununla əlaqədar birgə açıqlamasında Suriyaya qaz nəqlinə başlanılması ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edən mühüm addım kimi dəyərləndirib. Qeyd olunub ki, rekord müddətdə həyata keçirilən bu layihə Suriyanın münaqişədən sonra yenidən qurulması və normallaşması prosesi üçün mühüm əhəmiyyət kəsb edir: “Türkiyənin Kilis əyaləti ilə Suriyanın Hələb şəhəri arasında uzanan və gündəlik 6 milyon kubmetr qaz ötürmə qabiliyyətinə malik bu yenilənmiş boru kəməri avqustun 22-də rəsmi olaraq fəaliyyətə başlayıb. Hələb Elektrik Stansiyasına təbii qaz axınının başlanması ilə Suriyada elektrik təchizatı əhəmiyyətli dərəcədə artacaq, bu da ölkə iqtisadiyyatının canlanmasına, insanların həyat şəraitinin yaxşılaşmasına bilavasitə mühüm töhfə verəcək”.

Azərbaycan qazının Türkiyə ərazisindən Suriyanın Hələb şəhərinə nəqli siyasi və humanitar baxımdan strateji əhəmiyyət daşıyan addımdır. Həm Qətər, həm də Türkiyə tərəfi ölkəmizin Suriyaya qaz nəqli təşəbbüsünü yüksək qiymətləndirib, layihənin gələcəkdə daha genişmiqyaslı əməkdaşlığa yol açacağına inam ifadə edilib.

Ümumiyyətlə, bu hadisə Azərbaycanın Yaxın Şərq regionunda etibarlı, öhdəliklərinə sadiq tərəfdaş imicini gücləndirib. Əminliklə demək olar ki, ölkəmizin qeyd edilən regionda artan fəallığı diplomatik əlaqlərin intensivləşməsi ilə yanaşı, konkret layihə və əməkdaşlıq layihələrinin icrası ilə müşayiət olunur. Son onilliklərdə regional layihələrin icrasında əsasən Cənubi Qafqaz və Avropa istiqamətinə fokuslanan Azərbaycan hazırda Suriyanın bərpası və yenidənqurulması, burada genişmiqyaslı humanitar missiyanın reallaşdırılması prosesinə fəal şəkildə qoşulub. Bu, ölkəmizin beynəlxalq mövqelərini gücləndirir, eyni zamanda, digər yaxın Şərq ölkələri ilə əməkdaşlığa körpü salır.

Xatırladaq ki, 2025-ci ilin ilk aylarında Azərbaycanın Suriyaya göndərdiyi ərzaq və təchizat karvanları, Hələb vilayətindəki köçkün düşərgələrində reallaşdırdığı yardım aksiyaları, Dəməşqdə təşkil olunan iftar süfrələri ölkə diplomatiyasının humanist səciyyə daşıdığını bir daha təsdiqləyib. İyulun 12-də Suriya keçid hökumətinin rəhbəri Əhməd Əş-Şaraanın Azərbaycana rəsmi səfəri, əldə olunan razılaşmalar isə Azərbaycan-Suriya münasibətlərinin perspektiv inkişafı baxımından əhəmiyyətli olub. Səfər zamanı ən mühüm razılaşmalardan biri də məhz Suriyaya Azərbaycan qazının ixracına dair razılaşma olub. Rəsmi Bakı bəyan edib ki, bu ixrac sırf kommersiya maraqlarına deyil, həm də humanitar və regional sabitlik məqsədlərinə xidmət edir.

Rəsmi Bakı Yaxın Şərqdə enerji diplomatiyasını “yumşaq güc”lə – humanitar dəstək və siyasi dialoqla birləşdirərək regiona daha güclü təsir imkanları qazanmağa çalışır. Bu yanaşma ölkəmizin Yaxın Şərq bölgəsində nüfuzunu artırmaqla yanaşı, həm də böhrandan əziyyət çəkən, yardıma ehtiyacı olan ölkələrin yanında olduğunu göstərir. Suriyaya qaz nəqli, bu ölkədə Türkiyə ilə birgə reallaşdırılması nəzərdə tutulan layihələr Azərbaycanın İslam dünyasında nüfuzunu artırır, onun beynəlxalq aləmdə fəal və məsuliyyətli aktor kimi tanınmasını təmin edir. Yaxın Şərqin müsəlman ölkələri ilə əməkdaşlıq ölkəmizə daha geniş diplomatik dəstək qazandırır, beynəlxalq təşkilatlarda mövqelərini möhkəmləndirir, yeni nəqliyyat və enerji dəhlizlərinə çıxış imkanı verir.

Ölkəmizin qeyd olunan regionda reallaşdırdığı layhələr Türkiyə ilə strateji müttəfiqliyimizi daha da gücləndirir. Strateji müttəfiq ölkələrimiz Yaxın Şərqdə ortaq yanaşmaya, koordinasiyalı davranışa əsaslanan əməkdaşlıq nümunəsi yaradır. Azərbaycan-Suriya əlaqələrinin möhkəmləndirilməsində Türkiyənin rolu və maraqları danılmazdır. Ölkələrimizin əlaqələndirilmiş şəkildə Suriyada infrastrukturunun bərpası və digər sahələrdə birgə layihələr reallaşdırması nəzərdə tutulur. İki müttəfiq ölkə regional və qlobal məsələlərdə ortaq mövqedən çıxış edirlər və Suriya nümunəsi bunun əyani təzahürüdür.

Ümumilikdə, bu gün Azərbaycan, Türkiyə, Suriya və Qətər arasında formalaşan yeni əməkdaşlıq körpüsü sülhə və regional təhlükəsizliyə, sivil əməkdaşlığa xidmət edir.

MTM Analitik Qrup