
Xankəndidə erməni əsilli rəssamı İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün sökülməsi ilə bağlı Ermənistanda, eləcə də Rusiyanın müəyyən dairələrində qaldırılan əsassız ajiotaj ölkəmizə qarşı intensivləşən informasiya təxribatlarının tərkib hissəsidir. Ermənistan mediası və diaspor təşkilatları, eləcə də Rusiyanın müəyyən dairələri bu məsələni “Qarabağda erməni ədəbi irsinin məhvi” kimi təqdim edərək beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin məsələ ilə əlaqədar açıqlamaları aparılan məkrli kampaniyanın əsassızlığını bir daha sübut edir. O, Rusiya Prezidentinin mədəniyyət üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin büstünün sökülməsi ilə bağlı qərəzli açıqlamalarını və Ermənistanda aparılan əsassız kampaniyanı, habelə Rusiyanın dövlət nəzarətində olan TASS İnformasiya Agentliyinin “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yaymasını kəskin şəkildə pisləyib, bunu ölkəmizin daxili işlərinə müdaxilə kimi dəyərləndirib. Bu da qeyd olunub ki, İkinci Qarabağ müharibəsindən sonra Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə rəsmi Bakının icazəsi olmadan hansısa büstün qoyulması beynəlxalq hüquqa zidd addım, suverenliyimizin pozulması idi. Şübhəsiz, burada məsələ rəssamın şəxsiyyəti, etnik mənsubiyyəti yox, həmin büstün harada, necə və kimin icazəsi ilə qoyulmasıdır. Bu özbaşına, qeyri-qanuni addım Azərbaycanın ərazi bütövlüyünə və daxili işlərinə aşkar müdaxilə idi.
Rəsmi Bakı İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərindən sonra qətiyyətlə bəyan edib ki, ərazilərimizdə etnik qarşıdurmanı, nifrət ideologiyasını təşviq edən istənilən abidə və rəmzlərin mövcudluğuna son qoyulacaq. Sülh tərəfdarı olan Azərbaycan xalqı “mədəni irs” çətiri altında gizlədilən revanşist, nifrət və irqçi ideologiyanı təbliğ edən hər hansı rəmzi, abidəni ərazisində görmək istəmir. Hələ İkinci Dünya müharibəsi illərində keçmiş ittifaq əleyhinə faşist Almaniyası ilə əməkdaşlıq etmiş, satqın damğası almış erməni əsilli Qaregin Njdenin (Qaregin Ter-Arutyunyan) Xocavənd rayonundakı heykəlinin 2021-ci ildə sökülməsi də, bu mənada, tamamilə düzgün, prinsipial qərar idi. İdeoloji baxımdan irqçiliyə əsaslanan zərərli ideyasının daşıyıcısı olan Njdenin abidəsinin sökülməsi irqçiliyin, nifrətin və etnik gərginliyin birmənalı şəkildə rədd olunması idi.
Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının 2019-cu ilin dekabrında Aşqabadda keçirilən iclasında Prezident İlham Əliyev Ermənistanda faşistlərin xatirəsini əbədiləşdirilməsini, İrəvanın mərkəzində Qaregin Njdeyə heykəl qoyulmasını sərt tənqid etmiş, bu şəxsin Avropanın yəhudi əhalisinə qarşı Holokostda yaxından iştirak etdiyini diqqətə çatdırmışdı.
Ümumiyyətlə, Ermənistanın hakim dairələrinin və mediasının, xaricdəki diasporunun son illərdə “Qarabağdakı xristian irsinin təhlükədə olması” barədə apardıqları məkrli kampaniya reallıqdan tamamilə uzaqdır. İşğalçı ideologiyanın “mədəni abidə” adı altında təbliği cəhdləri hazırda sülh quruculuğu prosesinə ciddi xələl gətirdiyindən, rəsmi Bakı bunu haqlı olaraq qəbul etmir.
İşğaldan azad edilmiş ərazilərimizin mənzərəsi göstərir ki, Ermənistan kütləvi dağıntı və söküntüləri, talançılığı xüsusi amansızlıqla, uzun illər ərzində həyata keçirib. Bu, tarixən saxta və zərərli ideologiya əsasında erməni cəmiyyətinə aşılanmış qatı millətçi ideologiyanın, kin-küdurətin, nifrət və qisasçılıq hissinin real təzahürləri olub. Dini və tarixi ziyarətgahların, qəbirstanlıqların, məscidlərin, kurqanların, qədim yaşayış məskənlərinin məhv edilməsi, toponimlərin saxtalaşdırılması açıq şəkildə etnik izlərin silinməsinə xidmət edib. Şuşada Natəvan, Bülbül, Üzeyir Hacıbəyli kimi Azərbaycan mədəniyyətinin simvollarına çevrilmiş şəxslərin heykəllərinin güllələnməsi qarşı tərəfin nifrət ideologiyasının təzahürü kimi bu gün də sivil dünyaya təqdim olunur. Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi şəxsiyyətlərə qarşı belə vandal münasibət Ermənistanın bəşəri dəyərlərə real münasibətini əks etdirir.
Ermənistan son 30 ildə ərazisindəki azərbaycanlılara məxsus mədəni və dini abidələri tamamilə məhv edib, yaxud saxtalaşdırıb. İrəvanda yerləşən “Şah Abbas”, “Sərdar”, “Hacı Novruzəli” məscidlərinin taleyi, Göy Məscidin arxitektura üslubunun dəyişdirilməsi, Təpəbaşı məhəlləsinin viran qoyulması bu barbar siyasətin real nümunələridir. YUNESKO və digər beynəlxalq təşkilatların bu reallıqlar qarşısında sərgilədiyi seyrçi mövqe isə təəssüf və təəccüb doğurur. Ukraynada münaqişə bölgələrinə dəfələrlə missiya göndərən təşkilatın Azərbaycanın müraciətlərinə “Siyasi proseslərə qarışmırıq” bəhanəsi ilə cavab verməsi açıq-aşkar ikili standartların təzahürüdür.
Azərbaycan bu faktları dünya ictimaiyyətinə təqdim etməklə kifayətlənmir. Eyni zamanda müxtəlif ölkələrin dini liderləri, diplomatik nümayəndələri və beynəlxalq təşkilatların təmsilçilərinin azad olunmuş ərazilərə mütəmadi səfərlərini təşkil edir.
Rəsmi Bakının haqlı tələblərindən biri də beynəlxalq platformalarda ölkəmizə qarşı əsassız ittihamların, eləcə də “Dağlıq Qarabağ” adlı tarixin arxivinə gömülmüş termindən istifadənin dayandırılmasıdır. Ermənistanda, eləcə də Rusiyada müəyyən dairələrin, o cümlədən TASS İnformasiya Agentliyinin Xankəndi şəhərini qondarma “Stepanakert” adı altında təqdim etməsi də ölkəmizin prinsipial etirazına səbəb olub. Azərbaycan XİN-nin bununla bağlı sərt açıqlamasından sonra TASS İnformasiya Agentliyinin üzr istəməsi və bu təxribatı aradan qaldırması rəsmi Bakının qətiyyətli diplomatiya yürütdüyünü bir daha təsdiqləyir.
Bütün bunlar göstərir ki, İ.Ayvazovskinin büstü ətrafında aparılan informasiya sabotajı beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edən məkrli siyasətin davamıdır. Azərbaycan bu təxribatları qətiyyətlə zərərsizləşdirir, beynəlxalq hüquqa əsaslanaraq ərazilərindəki xristian mədəni irsini qoruyur və bərpa edir.
MTM Analitik Qrup