
İran Prezidenti Məsud Pezeşkianın Zəncan şəhərində verdiyi açıqlamalar Cənubi Qafqaz siyasətində İranın istiqamətini müəyyən edən yeni ritorikanın başlanğıcı kimi dəyərləndirilə bilər. “Azərbaycan qonşu dövlətdir, qohumluq əlaqələrimiz olan xalqdır” cümləsi yeni prezidentin ritorikasında sadə bir bəyanatdan daha çox, kompleks regional reallıqlara və İslam Respublikasının uzun illər davam edən ziddiyyətli siyasətinə yumşaldıcı korrektədir. Pezeşkianın sözlərində həm öz xalqına, həm Azərbaycan dövlətinə, həm də beynəlxalq müşahidəçilərə ünvanlanmış çoxqatlı mesajlar mövcuddur.
İran uzun illər Azərbaycana qarşı ikili siyasət yürüdüb. Rəsmi Tehran diplomatik ritorikasında dostluq və qardaşlıq mesajları versə də, paralel olaraq İsraillə əlaqələri bəhanə gətirərək Bakı ilə münasibətləri soyuq və zaman-zaman açıq-aşkar düşmənçilik səviyyəsinə qədər çıxarıb. Lakin Pezeşkianın “Əgər rabitə qurulmazsa, günah bizdədir” deməsi, bu illər ərzində toplanmış inamsızlıq buzlarını əridəcək səmimiyyətlə deyilə biləcək nadir etiraflardandır. Bu, həm də İran daxilindəki mühafizəkar dairələrə yönəlmiş bir tənqiddir: “Biz qonşuyuq, necə ola bilər ki, İsrail min kilometrlərlə uzaqdan gəlib münasibət qurur, amma biz bacarmırıq?”. Bu mənada Pezeşkianın verdiyi bəyanatın ən kritik hissəsi şübhəsiz ki, İsrailin Azərbaycandakı mövcudluğu ilə bağlı dedikləridir. Bu, İranın uzun müddət regiondakı “İsrail təhlükəsi” ritorikasının açıq şəkildə səmərəsizliyini qəbul etməsi kimi də yozula bilər. Azərbaycan İsraillə təhlükəsizlik və texnoloji əməkdaşlıq qurarkən, İran bunun qarşısında yalnız sərt bəyanatlarla çıxış edib. Bu isə Azərbaycanla münasibətləri yalnız daha da pisləşdirib. Pezeşkianın çıxışı bu dövrün bitməkdə olduğunu göstərə bilər. Sanki Tehran indi anlayır ki, Azərbaycanla münasibətlər qurulmadan, onun təhlükəsizlik prioritetlərini anlamağa çalışmadan və qarşılıqlı hörmət göstərmədən bölgədə nüfuz qazanmaq mümkün deyil.
Pezeşkianın “qohumluq əlaqələrimiz olan xalq” ifadəsi xüsusilə Cənubi Azərbaycan türklərinə verilmiş bir jest kimi də dəyərləndirilə bilər. İranda yaşayan on milyonlarla azərbaycanlı üçün bu sözlər simvolik əhəmiyyət daşıyır. İslam Respublikasının indiyə qədər bu etnik-mədəni yaxınlığı yalnız siyasi manipulyasiya aləti kimi işlətməsi həm Cənubi Azərbaycanda, həm də Bakıdakı siyasi dairələrdə narahatlıqla qarşılanırdı. Pezeşkian isə öz azərbaycanlı kimliyini danmayan nadir İran siyasətçilərindəndir və bu cür açıqlamalar onun etnik kimliyi ilə siyasi mövqeyi arasında harmoniya yaratmağa çalışdığını göstərir.
Pezeşkianın son Bakıya səfəri ətrafında İran daxilində yaranan tənqid dalğası da Prezidentin özünün vurğuladığı kimi, Tehranın daxili siyasi axınlarını əks etdirir. Bu tənqidlər əsasən mühafizəkar dairələrdən gəlir və İranın regiondakı sərt kursunun dəyişdirilməsinə qarşı çıxır. Lakin Pezeşkian bu səfərin məhz bir razılaşma platforması olduğunu deyərək İran diplomatiyasının artıq daha konstruktiv və praqmatik bir yol tutmağa hazır olduğunu göstərir. Səfərin özü və bu kimi bəyanatlar o deməkdir ki, Tehran artıq Azərbaycanı yalnız İsrail prizmasından yox, özünün suveren və müstəqil qonşusu kimi görmək niyyətindədir.
Pezeşkianın ritorikası həm də bölgədə dəyişən geosiyasi düzənin nəticəsidir. Rusiya zəiflədikcə, Türkiyə və Çin regionda güclənir. İran isə bu prosesin kənarında qalmaq riskini dərk edir. Azərbaycanla dostluq münasibətləri İran üçün enerji dəhlizlərində iştirakdan tutmuş, Cənubi Qafqazda etibarlı oyunçu olmağa qədər bir çox strateji dividentlər vəd edir. Bu, yalnız diplomatik məntiq yox, iqtisadi zərurətlərin də diktə etdiyi məqamdır. Bir sözlə, Məsud Pezeşkianın Zəncandakı çıxışı İran-Azərbaycan münasibətlərində yeni səhifənin başlandığını göstərir. Bu çıxışda həm daxili sistemə qarşı yumşaq üsyan, həm də xarici siyasətdə dəyişiklik cəhdi var. Lakin bu sözlərin real siyasi nəticələr doğurması üçün sadəcə bəyanatlar kifayət etmir. Tehran konkret addımlar atmalı, Azərbaycana qarşı əvvəlki ideoloji təzyiq dilindən imtina etməlidir.
MTM Analitik Qrup