Misirin “Əl Diplomasi” portalında Azərbaycan xalqının öz ərazilərini işğaldan azad etmək uğrunda apardığı 44 günlük Vətən müharibəsinə həsr olunmuş məqalə yayımlanıb.
Məqalədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qısa müddətdə düşməni darmadağın etdiyi, uzun illər boyu minlərlə azərbaycanlının şəhid olmasına səbəb olmuş münaqişəyə son qoyulduğu qeyd edilir. Yazıda vurğulanır ki, müasir texnika və silahlarla təchiz olunmuş, ən mürəkkəb hərbi tapşırığı yerinə yetirməyə qadir olan Azərbaycan əsgərləri 30 ilə yaxın işğal altında qalmış 5 şəhəri, o cümlədən mədəniyyət paytaxtı olan Şuşanı, habelə 280-dən artıq kəndi, strateji yüksəklikləri düşməndən azad edib. Qədim Şuşa şəhərinin azad olunması uğrunda hərbi əməliyyat isə hərb tarixində ən mühüm hadisələrdən biri kimi qalacaq. Bu yerləri ziyarət edənlər də ətrafında sıldırım qayalar olan qalanın igid Azərbaycan əsgəri tərəfindən necə fəth edildiyinə təəccüb edirlər. Bu, bir qəhrəmanlıq nümunəsidir. Məhz Şuşanın azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktı imzalamağa və bir güllə belə atılmadan, digər rayonları – Kəlbəcər, Laçın, Ağdamı boşaltmağa məcbur olub.
Məqalədə bildirilir ki, Azərbaycan xalqı öz lideri İlham Əliyevin düşünülmüş siyasəti və əsgərlərin qəhrəmanlığı sayəsində tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsi Qafqazın lider ölkəsinin beynəlxalq aləmdə, o cümlədən İslam dünyasında nüfuzunu daha da artırıb.