
Rəsmi Bakının son illərdə yürütdüyü çoxvektorlu xarici siyasət ölkəmizin dünyanın müxtəlif bölgələrində, o cümlədən Afrika qitəsində mövqelərinin güclənməsi və möhkəmlənməsi ilə müşayiət olunur. Azərbaycan bu qitənin inkişaf etməkdə olan ölkələri ilə həmrəyliyə və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq modelinə üstünlük verir.
Afrika ölkələri ilə yaxınlaşma, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu qitədən gələn güclü siyasi-mənəvi dəstək, Qarabağ məsələsində nümayiş olunan prinsipial mövqe, BMT-də ölkəmizin haqlı mövqeyinin müdafiəsi əməkdaşlığın etibarlı təməllərə söykəndiyini göstərir. Rəsmi Bakı yürütdüyü siyasətlə qlobal Cənubun səsini yüksəltməyə, üzləşdiyi qlobal ədalətsizliklərə qarşı beynəlxalq müvazinəti təmin etməyə çalışır.
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alinin Bakıya səfəri, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla aparılan müzakirələr ölkəmizin Afrika siyasətində yeni mərhələnin başlandığını bir daha təsdiq edir. Somali və digər Afrika dövlətləri ilə diplomatik münasibətlərin intensivləşməsi, qarşılıqlı şəkildə səfirliklərin fəaliyyətə başlaması da bunun əyani təzahürüdür. Azərbaycan özünü bu ölkələrə sadəcə enerji ölkəsi və ya donor kimi deyil, sanballı tərəfdaş kimi təqdim edir.
Afrika dövlətləri ilə münasibətlərin intensiv inkişafı Azərbaycanın qlobal miqyasda diplomatik manevr imkanlarını da genişləndirir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin bu qitə ilə əlaqələrinin genişləndirilməsi vacibliyi aktuallaşıb. Rəsmi Bakı Afrika ölkələrinin ehtiyaclarına xüsusi diqqətlə yanaşaraq, onlarla həmrəylik nümayiş etdirir, qətiyyətlə kolonializmə və müstəmləkəçiliyə qarşı çıxır.
Afrika ölkələrinin BMT-də keçirilən səsvermələr zamanı Azərbaycanın mövqeyini müdafiə etmələri, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində Ermənistanın işğalçılıq siyasətini açıq şəkildə qınamaları qarşılıqlı etimad mühitinin daha bir göstəricisidir. 2020-ci ildən sonra – postmünaqişə dövründə Afrika ölkələrinin bir çoxu ölkəmizin diktə etdiyi sülh gündəliyini dəstəkləyir, bölgədə sabitliyin və əməkdaşlığın bərqərar olması vacibliyini bəyan edirlər.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın Afrika qitəsində kiçik ada dövlətlərinə siyasi və maddi dəstəyi ölkənin beynəlxalq nüfuzunun yüksəlməsində vacib rol oynayır. Rəsmi Bakının kiçik ada dövlətlərinə dəstəyi, iqlim dəyişiklikləri ilə bağlı təşəbbüsləri ölkəmizin humanitar diplomatiyasının mahiyyətində yer alan əsas məqamlardır. Azərbaycan BMT və digər beynəlxalq təşkilatlarda inkişaf etməkdə olan ölkələrin haqlı çağırışlarını gündəmə gətirməklə, ədalətə əsaslanan yeni diplomatik yanaşmanı təşviq edir. Pandemiya dövründə göndərilən tibbi yardımlar, Heydər Əliyev Fondunun bir sıra sosial təşəbbüsləri, ekoloji problemlərin həllinə yönəlmiş maliyyə dəstəyi bu siyasətin təzahürüdür. COP29 çərçivəsində keçirilən dekolonizasiya mövzusunda tədbirlər ölkəmizin beynəlxalq ədalət və davamlı inkişaf istiqamətində çevik diplomatiya yürütdüyünü bir daha nümayiş etdirib.
Hazırda bir sıra Afrika dövlətləri qlobal iqlim dəyişiklikləri və iqtisadi gerilik üzündən ciddi problemlərlə üzləşiblər. Azərbaycan bu ölkələrlə həm BMT, həm də Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq edərək, onların problemlərinin beynəlxalq tribunalardan səsləndirilməsinə çalışır. BMT-nin çağırışına səs verən rəsmi Bakı kiçik ada dövlətlərini dəstəkləmək və qlobal iqlim problemlərinin həllində fəal iştirak etmək kimi məsuliyyətli missiyanı öz üzərinə götürüb.
Rəsmi Bakı kiçik ada dövlətlərində ekoloji problemlərin həllinə beynəlxalq dəstəyin verilməsini və maliyyə ayrılmasını israrla təşviq edir. Eyni zamanda, ada dövlətlərinin sərvətlərinin bəzi müstəmləkəçi dövlətlər, o cümlədən Fransa tərəfindən istismar olunmasını sərt tənqid edir. Ötən ilin noyabr ayında Bakıda təşkil olunan COP29 çərçivəsində keçirilən “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” mövzusunda konfransda xüsusi vurğulanıb ki, müstəmləkəçilik Afrika və kiçik ada dövlətlərinin xalqlarının taleyində dərin izlər buraxıb, bu neqativ təsirlər hələ də qabarıq hiss olunur.
İqtisadi əlaqələrin inkişafı da rəsmi Bakının Afrika siyasətində vacib yer tutur. Əvvəllər bu əlaqələr əsasən enerji diplomatiyası və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək üzərində qurulurdusa, bu gün real iqtisadi layihələr, birgə investisiya təşəbbüsləri, texniki əməkdaşlıq məsələləri müzakirə olunur. Ölkəmiz enerji, kənd təsərrüfatı, infrastruktur və informasiya texnologiyaları sahələrində təcrübəsini, habelə “ASAN Xidmət” konseptini Afrika ölkələri ilə bölüşmək niyyətindədir.
Somali kimi strateji coğrafi mövqedə yerləşən ölkələrlə liman logistikası, alternativ enerji və ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlıq perspektivləri genişdir. Hazırda Afrika bazarlarının yeni məhsullara tələbatı var. Azərbaycan istehsal etdiyi məhsulları bu bazarlara çıxarmaqda maraqlıdır. Artıq bəzi ölkələrlə ticarət evlərinin yaradılması məsələsi gündəmə gəlib ki, bu da gələcəkdə daha sistemli ticarət əlaqələrinin təməlini qoya bilər.
Azərbaycan Afrika ölkələrinin ərzaq təhlükəsizliyinə də töhfə verməyə hazır olduğunu bəyan edir. Xüsusilə su ehtiyatlarının idarə edilməsi, müasir suvarma texnologiyalarının tətbiqi, kənd təsərrüfatında dayanıqlı inkişaf modellərinin tətbiqi sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur. Azərbaycanın bu istiqamətdəki texniki və idarəetmə təcrübəsi Afrika ölkələrinin kənd yerlərində yoxsulluğun azaldılmasına və ərzaq məhsullarının bolluğuna xidmət edə bilər.
Somalinin xarici işlər nazirinin Bakıya səfəri bu prosesin praktiki mərhələyə keçidini göstərir. Azərbaycan bu səfəri yalnız ikitərəfli münasibətlər prizmasından deyil, bütövlükdə Afrika ilə əlaqələrin möhkəmləndirilməsi anlamında dəyərləndirir. Rəsmi Bakının qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq modeli özündə siyasi dialoq, iqtisadi əməkdaşlıq, sosial-humanitar dəstək, beynəlxalq platformalarda həmrəylik kimi amilləri ehtiva edir.
MTM Analitik Qrup