TRAMP MAKRONA QARŞI: ABŞ AVROPANIN GEOSİYASİ TƏŞƏBBÜSLƏRİNİ DƏYƏRSİZLƏŞDİRİR

Amerika Prezidenti Donald Trampın Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini rəsmən tanımaq planını açıq şəkildə rədd etməsi Qərb dünyasında Yaxın Şərq siyasətinə dair ciddi fikir ayrılığını bir daha gündəmə gətirib. Trampın Makron haqda dediyi “Onun dedikləri önəmli deyil. O, çox yaxşı oğlandır. Ondan xoşum gəlir, amma bu sözünün çəkisi yoxdur” ifadəsi Avropanın geosiyasi təşəbbüslərinin ABŞ tərəfindən necə dəyərsizləşdirildiyini nümayiş etdirir. Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını açıqlaması Qəzzada davam edən hərbi əməliyyatların fonunda Fransa diplomatiyasının daha aktiv və müstəqil xətt yürütmək cəhdidir. Fransa uzun illərdir ki, iki dövlətli həllin tərəfdarı olub və bu məsələ Parisin həm ərəb ölkələri, həm də beynəlxalq hüquq müstəvisində nüfuz qazanmaq istəyi ilə də bağlıdır. Parisdə hesab edirlər ki, Fələstinin tanınması təkcə humanitar deyil, həm də geosiyasi jestdir və Makron bununla Avropanın, xüsusən də Fransa diplomatiyasının ABŞ-dən asılı olmadan regionda mövcudluğunu göstərməyə çalışır.

Trampın açıq şəkildə Makronun mövqeyini əhəmiyyətsiz sayması ABŞ-nin İsrailə yönəlik ənənəvi və sarsılmaz dəstəyinin davam etdiyini göstərir. Tramp hələ birinci prezidentliyi dövründə ABŞ səfirliyini Qüdsə köçürərək və Fələstinə verilən bir çox yardımları kəsərək açıq şəkildə İsrailin tərəfində yer almışdı. Bu dəfə də Makronun çıxışını “sözünün çəkisi yoxdur” deyə rədd etməsi Vaşinqtonun Fələstini dövlət kimi tanımaq təşəbbüslərinə qarşı nə qədər sərt mövqe sərgilədiyini göstərir. Burada diqqətçəkən əsas məqam Trampın Makronu şəxsən tərifləyərək “çox yaxşı oğlandır” deməsi, amma diplomatik baxımdan onun dediklərinin ciddi qəbul edilməməsidir. Bu, Trampın fərdi münasibətləri önə çıxaran siyasi üslubunun nümunəsidir. Yəni şəxsə simpatiya ola bilər, amma mövqe və qərar ABŞ maraqlarına uyğun deyilsə, açıq şəkildə tənqid olunur.

Bu hadisə təkcə Trampla Makron arasında deyil, ABŞ və Avropa İttifaqı arasında da daha geniş geosiyasi ixtilafların göstəricisidir. Avropa dövlətləri, xüsusən də İspaniya, İrlandiya və Norveç artıq Fələstini dövlət kimi tanıyıb və Fransa da bu prosesə qoşulmaq niyyətindədir. Bu isə Avropanın ABŞ-dən fərqlənən Yaxın Şərq vizyonuna sahib olduğunu göstərir. Onsuz da Tramp hakimiyyətə gələndən sonra ABŞ-Avropa münasibətləri ticarət, NATO və iqlim siyasəti sahələrində gərginləşib. İndi isə bu gərginlik Yaxın Şərqə sirayət edir.

Makronun təşəbbüsü Avropanın siyasi cəsarətini nümayiş etdirsə də, Trampın reaksiyası ABŞ hegemoniyasının və reallığının hələ də Yaxın Şərq siyasətinə hökm etdiyini göstərir. Bu, həm də onu deməyə əsas verir ki, Fələstinin tanınması prosesi hələ uzun və ziddiyyətli olacaq, bu kontekstdə ABŞ-Avropa münasibətləri yeni bir sınaq mərhələsinə daxil olacaq. Makronun təşəbbüsü Avropanın siyasi müstəqilliyə doğru atdığı addım kimi dəyərləndirilə bilər, amma Trampın verdiyi cavab həmin addımın qarşısında güc balansının hələ də Vaşinqtonun əlində olduğunu xatırladır.

Yaxın Şərqdə sülh və dövlətçilik məsələsi təkcə diplomatik bəyanatlarla deyil, böyük güclərin real siyasət iradəsi ilə həll edilə bilər. Hazırkı mənzərə isə bu iradənin parçalandığını göstərir.

MTM Analitik Qrup