
İstanbulda keçirilən “IDEF 2025” – XVII Beynəlxalq Müdafiə Sənayesi Sərgisi təkcə texnoloji yeniliklərin təqdimatı ilə deyil, həm də siyasi və strateji qərarların verildiyi yüksək səviyyəli görüşlərlə yadda qaldı. Bu kontekstdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə görüşü və həmin görüş nəticəsində imzalanan “Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” hər iki ölkənin müdafiə sahəsində əməkdaşlığında yeni mərhələnin başlandığını göstərir.
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq uzun illərdir ki, siyasi və strateji münasibətlərin aparıcı sütunlarından biridir. Lakin bu əməkdaşlıq təkcə birgə təlimlər və hərbi-texniki yardım səviyyəsində deyil, artıq ortaq müdafiə planlaması, təhlükəsizlik strategiyalarının sinxronizasiyası, hətta orta və uzunmüddətli silah sistemlərinin birgə istehsalı kimi dərin qatlara malikdir. İstanbulda imzalanan Anlaşma Memorandumu məhz mövcud vəziyyəti hüquqi çərçivəyə salır. Bu baxımdan həmin sənəd bölgədə dəyişən güc balansı və artan təhlükəsizlik çağırışları fonunda praktik, strateji və gələcəyə yönəlik xarakter daşıyır.
Əsas sual ondan ibarətdir ki, bu memorandum tərəflərə nə vəd edir? Görüşdən yayılan rəsmi məlumatlar məhdud olsa da, sənədin “qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsi”ni hədəfləyəcəyi ehtimal edilir. Belə ki, hər iki ölkənin müdafiə konsepsiyalarının uzlaşdırılması, ortaq təhdidlərə qarşı qarşılıqlı cavab mexanizmlərinin hazırlanması, regional təhlükəsizlik üçün vacib olan məlumatların real vaxt rejimində mübadiləsi, xüsusən də bölgə ölkələrinin hərəkətləri ilə bağlı informasiya koordinasiyası, Azərbaycanda Türkiyə texnologiyası əsasında yeni müdafiə məhsullarının istehsalı, dronlar, zirehli texnika, rabitə və radar sistemlərinin lokalizasiya imkanları, Azərbaycan zabitlərinin Türkiyənin hərbi akademiyalarında təhsil alması, birgə təlim proqramlarının sayının və miqyasının artırılması qarşıda duran əsas vəzifələr olacaq.
Bu Anlaşma Memorandumu təkcə Azərbaycan və Türkiyə üçün deyil, Cənubi Qafqaz və Yaxın Şərq regionu üçün mühüm geosiyasi nəticələrə malikdir. Bu sənəd ilk növbədə Azərbaycanın təkbaşına deyil, Türkiyə ilə birgə müdafiə planlaması həyata keçirdiyini göstərərək, Ermənistanın mümkün hərbi avantüralarının qarşısını alacaq güclü xəbərdarlıq mesajı daşıyır. Digər tərəfdən İranın Cənubi Qafqazdakı fəallığının artması və sərhəd bölgəsində təxribat xarakterli addımlar atması fonunda bu memorandum Bakı-Tehran münasibətlərində balansın Türkiyə xeyrinə dəyişməsinə səbəb ola bilər. Bundan əlavə, Türkiyənin NATO üzvü olması və bu sənəd çərçivəsində Azərbaycanla hərbi inteqrasiyanı dərinləşdirməsi, Azərbaycanın faktiki olaraq NATO standartlarına daha da yaxınlaşmasına şərait yaradar. Göründüyü kimi, uzun illərdir iki ölkənin liderləri tərəfindən səsləndirilən “bir millət, iki dövlət” ideologiyası artıq “bir millət, iki ordu” strategiyasına doğru inkişaf edir. Zəngəzur dəhlizi, regional enerji xətləri, Türk Dövlətləri Təşkilatının hərbi platformaya çevrilməsi kimi geosiyasi hadisələr fonunda bu memorandum daha geniş siyasi və hərbi konsepsiyanın parçası kimi görünür. Bu baxımdan tərəflərin imzaladığı anlaşma memorandumu Azərbaycan və Türkiyənin ortaq təhlükəsizlik arxitekturasının hüquqi əsasını təşkil edən strateji sənəd təsiri bağışlayır. Bu, Cənubi Qafqazın gələcək təhlükəsizlik düzənində Bakının daha çox söz sahibi olacağı, Ankara ilə əlaqələrin isə sadəcə müttəfiqlik yox, ortaq hərbi sistemə keçid mərhələsinə qədəm qoyduğu mənasını daşıyır. Gələcək illərdə bu anlaşmanın real nəticələrini Azərbaycan ordusunun strukturunda, müdafiə sənayesində və regiondakı güc balansında aydın şəkildə görəcəyik.
MTM Analitik Qrup