Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Rikardo Sançezin müəllifi olduğu “27 sentyabr – Azərbaycanda Anım Günü” başlıqlı məqalə dərc olunub (https://fpp.org.pe/27-de-septiembre-dia-del-recuerdo-en-azerbaiyan/).
Meksikadakı səfirliyimizdən bildirilib ki, Xarici İşlər Nazirliyinin Anım Günü ilə əlaqədar yaydığı bəyanatda əks olunmuş məlumatlar əsasında tərtib edilmiş yazıda ötən ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun növbəti təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə cavab tədbirləri gördüyü və bununla 44 günlük Vətən müharibəsinin başladığı bildirilir.
Bu müharibənin Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyduğu, nəticədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi, təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdiyi və bir milyona yaxın azərbaycanlının hüquqlarının bərpa edildiyi qeyd olunur.
Sonra Azərbaycanın ərazilərinin işğalına son qoyulmasının burada Ermənistan tərəfindən onilliklər ərzində aparılmış kütləvi minalama, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, təbii ehtiyatlarının talan edilməsi və infrastrukturun darmadağın edilməsi kimi beynəlxalq hüquq pozuntularını geniş şəkildə üzə çıxardığı deyilir. Ermənistanın çoxsaylı müharibə cinayətlərinə dair də dəlillərin aşkar edildiyi və Ermənistanı beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb etmək üçün Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlər etdiyi diqqətə çatdırılır.
Azərbaycan hökumətinin hazırda azad olunmuş ərazilərdə yenidənqurma işləri həyata keçirdiyi, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü və bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atdığı, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər gördüyü bildirilir.
Sonda Azərbaycanın beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı kimi prinsiplərinə ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazır olduğu söylənilir.