
İcbari tibbi sığorta hesabına əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinə ictimai nəzarətin təşviqi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən “e-Tabib” mobil tətbiqinə yeni funksionallıq əlavə olunub. Artıq istifadəçilər istifadə etdikləri tibbi xidmətlərin keyfiyyətini təqdim olunan məmnuniyyət sorğusunda iştirak etməklə qiymətləndirə biləcəklər.
Bu barədə İTSDA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni bölmə vətəndaşlara müraciət etdikləri tibbi xidməti, həmin xidməti göstərən həkimi və tibb müəssisəsini qiymətləndirməyə imkan verir.
Sorğuda iştirak etmək üçün “e-Tabib” mobil tətbiqinin əsas səhifəsində yerləşən “Müraciətlərim” bölməsinə daxil olmaq, daha sonra tibbi xidməti seçərək “İTS məmnuniyyət sorğusu” keçidinə klikləmək kifayətdir.
Bununla yanaşı, tətbiqdə bir sıra digər yeniliklər də yaradılıb:
– Əsas səhifəyə “Xəbərlər” bölməsi əlavə olunub. İstifadəçilər burada icbari tibbi sığorta sahəsindəki yeniliklərlə tanış ola biləcəklər;
– Maarifləndirici hekayələr bölməsi istifadəyə verilib. Bu bölmədə sağlam həyat tərzini təşviq edən və istifadəçiləri məlumatlandıran məzmunlar paylaşılır;
– “Sağlam və təhlükəsiz hamiləlik” adlı yaradılan yeni bölmədə hamilə qadınlara yönəlik faydalı məsləhətlər və tövsiyələr əks olunur.
Yenilənmiş “e-Tabib” mobil tətbiqi tibb müəssisələri ilə vətəndaşlar arasında daha şəffaf və qarşılıqlı əlaqəli münasibətin qurulmasına töhfə verməklə yanaşı, göstərilən xidmətlərin monitorinqi və davamlı təkmilləşdirilməsi üçün də vacib alətə çevrilir.