
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Üçüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumunun əhəmiyyəti
Üçüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq informasiya mühitində Cənubi Qafqazın artan rolunu nümayiş etdirdi. Forumda 50-dən artıq ölkədən media rəhbərləri və ekspertlər iştirak etdi. Tədbir Azərbaycanın informasiya suverenliyi, media azadlığı, dezinformasiyaya qarşı mübarizə və regional sabitlik mövzularında beynəlxalq platformaya çevrildiyini təsdiqlədi.
2. Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampa Azərbaycana və Ermənistana sülhə nail olmaq səylərində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, Trampın beynəlxalq təhlükəsizlik məsələləri ilə yanaşı, Cənubi Qafqazdakı prosesləri də diqqətdə saxladığını qeyd edərək, onun “Vaşinqton bataqlığını qurudan lider” kimi fəaliyyətini yüksək qiymətləndirib.
3. Prezident İlham Əliyev Ukraynaya hansı məsləhəti verdi?
III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Dmitri Qordonun “Uzun illərdir ki, biz müharibə şəraitində yaşayırıq. Hazırda Ukrayna dövlətinin mövcudluğu sual altındadır. Siz qalib ölkənin rəhbəri kimi Ukraynaya nə məsləhət görərsiniz?” sualına Prezident İlham Əliyev belə cavab verib: “Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik”.
4. Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan sülh sazişi bağlamağa çox yaxındır
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün real imkanlar yaranıb və tərəflər əvvəlkindən daha yaxın mövqelərdədir. Prezident bu prosesi pozmağa çalışan qüvvələrin olduğunu da vurğulayıb, lakin Azərbaycanın siyasi iradəsinin sarsılmaz olduğunu qeyd edib.
5. Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirib
Prezident İlham Əliyev Azərbaycan mediasının son illərdə keyfiyyətcə inkişaf etdiyini, peşəkar jurnalistikanın formalaşdığını və qlobal informasiya savaşında milli maraqları müdafiə etdiyini vurğulayıb. O, medianın milli birliyə xidmət edən mövqeyini yüksək qiymətləndirib.