DAVAMLI SÜLHƏ GEDƏN YOL ZƏNGƏZUR DƏHLİZİNDƏN KEÇİR

Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşması üçün Ermənistanla Azərbaycan arasında mövcud olmuş kommunikasiyaların bərpası, yeni nəqliyyat dəhlizlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, 10 noyabr 2020-ci ildə imzalanmış məlum Üçtərəfli Bəyanatda bu hədəf birmənalı şəkildə qeyd olunub: sənədin 9-cu bəndində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinin təmin olunması əksini tapıb.

Ötən 5 ilə yaxın müddətdə Ermənistan tərəfi bu öhdəliyinin icrasından yayınmaq üçün müxtəlif bəhanələr irəli sürür, prosesi süni şəkildə uzatmağa çalışır. Ermənistan Baş naziri Nikol Paşinyanın iyulun 16-da keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər heç də sülh gündəliyinin irəliləməsinə xidmət etmir. O, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəhlizin idarəçiliyinin hansısa özəl şirkətə verilə biləcəyini bildirməklə, əslində öhdəliklərini yerinə yetirməkdən yayınmağa, prosesə qarşı süni çərçivələr formalaşdırmağa cəhd edir. Bu açıqlama Zəngəzur dəhlizi ilə bağlı öhdəliyin yerinə yetirilməməsi faktını ört-basdır etməyə xidmət edən siyasi manipulyasiyadır.

Beynəlxalq təcrübədə tranzit yollarının idarəçiliyi ilə bağlı müxtəlif modellər mövcuddur. Məsələn, Avropa İttifaqının Trans-Avropa Nəqliyyat Şəbəkəsi çərçivəsində bir sıra dövlətlərin ərazisindən keçən magistralların idarəçiliyində beynəlxalq konsorsiumlar və özəl şirkətlər də iştirak edir. Bütün hallarda dəyişməz prinsip ondan ibarətdir ki, tranzit marşrutunun hüquqi və inzibati suverenliyi həmin yolun yerləşdiyi dövlətə məxsus olur. Özəl şirkətlər yalnız texniki və xidmət sahəsində idarəetməni həyata keçirirlər.

Rəsmi Bakı Zəngəzur Dəhlizi mövzusu ilə əlaqədar dəfələrlə bəyan edib ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyinə qarşı istənilən niyyətdən uzaqdır. Rəsmi Bakının tələbi yalnız 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndinə uyğun olaraq, Azərbaycanın əsası hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin olunmasıdır. Ermənistan rəsmilərinin “dəhlizin idarəçiliyinin özəl şirkətə veriləcəyi” barədə iddiaları isə prosesin süni şəkildə ləngidilməsinə xidmət edən bəhanədən savayı bir şey deyil.

Ümumiyyətlə, qarşı tərəfin Zəngəzur dəhlizi ilə bağlı qeyri-konstruktiv mövqeyi regionda sülh və qarşılıqlı etimad mühitini ciddi şəkildə zədələyir. Halbuki bu dəhlizin açılması regional əməkdaşlığın genişlənməsinə, dalan dövlətə çevrilmiş Ermənistanın özünün iqtisadi təcrid vəziyyətindən çıxmasına şərait yarada bilər. Rəsmi İrəvanın ölkəmizin təklif etdiyi modelə qarşı çıxaraq bunu “suverenliyə zidd” adlandırması isə tamamilə əsassızdır. Azərbaycan, sadəcə, Zəngəzur dəhlizi ilə Naxçıvana gedən yük və sərnişinlərin maneəsiz keçidini tələb edir. Beynəlxalq təcrübədə də belə bir nümunələr mövcuddur. Məsələn, Rusiya ilə Kalininqrad arasında mövcud nəqliyyat bağlantısı bu gün Avropa İttifaqının üzvü olan Litvanın suverenliyini qətiyyən şübhə altına almır. Kalininqrad bu gün Rusiyanın əsas ərazisindən ayrı düşmüş eksklavdır. Bu şəhərlə Rusiya arasında əlaqə Litva ərazisindən keçən yollarla təmin edilir. Bu model tranzit hüququ və dövlət suverenliyi arasında balansın mümkünlüyünü bir daha nümayiş etdirir.

Xüsusi qeyd etmək lazımdır ki, regionun aparıcı dövlətləri, beynəlxalq güclər Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Türkiyə, Rusiya, Çin, Avropa İttifaqı ölkələri və ABŞ üçün bu yollar Orta Dəhlizin inkişafı kontekstində vacib əhəmiyyət daşıyır. Zəngəzur Dəhlizi Çindən Avropaya quru yol şəbəkəsinin şaxələnməsi, enerji və yük daşımalarının sürətlənməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Layihə Türkiyə, Rusiya və Orta Asiya ölkələri üçün əlavə ticarət və turizm imkanları yaradır.Yalnız İran əsassız olaraq bu dəhlizi “maraqları üçün təhlükə” kimi qiymətləndirir. Lakin rəsmi İrəvan razılıq verərsə, təbii ki, İranın bu prosesə hansısa maneə yaratmaq imkanı olmayacaq.

Zəngəzur dəhlizinin ən qısa zamanda açılması Ermənistan üçün də iqtisadi və siyasi baxımdan dividendlər vəd edir. Tranzit gəlirləri, nəqliyyat infrastrukturunun inkişafı, region ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişlənməsi, Rusiyadan asılılığın azalması bu baxımdan xüsusi qeyd edilə bilər. Ermənistan regional əməkdaşlıqda fəal iştirak etməklə, təcrid vəziyyətindən çıxmaq şansı əldə edə bilər.  

Qeyd edilənlər deməyə əsas verir ki, rəsmi İrəvan regionda dayanıqlı sülh və etimad mühitinin formalaşması, dayanıqlı təhlükəsizlik təminatı baxımından Zəngəzur Dəhlizinə razılıq verməyə məhkumdur.

MTM Analitik Qrup