ERMƏNİSTANIN RƏHBƏRLİYİ ÖZÜNÜTƏCRİD SİYASƏTİNİN FƏSADLARINI ETİRAF EDİR

Ermənistan baş naziri Nikol Paşinyanın 16 iyul 2025-ci il tarixli mətbuat konfransında Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair səsləndirdiyi fikirlər bu ölkənin üzləşdiyi real durumun etirafı kimi dəyərləndirilə bilər. Onun “Ermənistanın Türkiyə ilə barışıqdan savayı alternativi yoxdur” fikri regional və beynəlxalq şərtlərin İrəvan üçün doğurduğu çıxılmaz vəziyyətin təsdiqidir.

Belə görünür ki, baş nazir bu etirafları ilə ölkəsinin düşdüyü acınacaqlı vəziyyətin real mənzərəsini canlandırmağa, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasının vacibliyi qənaətini daxili auditoriyaya aşılamağa çalışır.Bu həm də Ermənistanın illərdir ki, yürütməyə çalışdığı destruktiv regional siyasətin iflasının təsdiqidir. N.Paşinyan daxildəki radikal-revanşt qüvvələrin etirazları fonunda normallşama prosesinin “alternativi”nin müharibə olduğunu vurğulamaqdan da çəkinmir. O, gec də olsa başa düşür ki, yeni şəraitdə Ermənistanın regional təcrid siyasətindən imtinası qaçılmazdır. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq Ermənistana təkcə iqtisadi müstəqillik deyil, həm də təminatlı təhlükəsizlik vəd edir.

Ümumiyyətlə, rəsmi İrəvan son illərdə erməni cəmiyyətini yeni reallıqlarla barışdırmağa, Azərbaycan-Türkiyə müttəfiqliyinin Ermənistana hansı şərtləri diktə etdiyini izah etməyə çalışır. Bu mənada, N.Paşinyanın məlum Dubay görüşündən sonra belə açıqlamalarla ilə çıxış etməsi təsadüfi görünmür. Baş nazir Ermənistanın yeni geosiyasi reallığa qarşı çıxış edəcək durumda olmaması ilə bağlı daxili auditoriyaya və beynəlxalq ictimaiyyətə mesajlar verir. Bu ölkənin regional təcriddən çıxması üçün yalnız cəsarətli siyasi qərarlar da yetərli deyil – cəmiyyətin düşüncə tərzində kardinal dəyişiklik baş verməlidir. Başqa sözlə, Ermənistan cəmiyyətində formalaşmış düşmənçilik stereotipləri dəyişmədən normallaşma cəhdləri real nəticə verə bilməz.

Ermənistan-Türkiyə münasibətlərinin hazırkı mərhələdə normallaşmasının əsas şərti Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasıdır. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin irəliləməsi regionda dayanıqlı sülhdən keçir. İki ölkə arasında normallaşma prosesi Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Bu təkcə rəsmi Ankaranın prinsipial mövqeyi, rəsmi siyasəti deyil, həm də regionda güc balansının diktə etdiyi reallıqdır.

Maraqlı məqam həm də N.Paşinyanın Türkiyəyə iyun ayında reallaşan səfəri, eləcə də qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlə bağlı müsbət və nikbin fikirlər səsləndirməsidir. Uzun illər ərzində rəsmi İrəvan Türkiyənin regional güc və təsirini kiçiltməyə çalışsa da, sarsıdıcı hərbi-siyasi məğlubiyyətindən sonra bunu dilə gətirməyə məcbur olub. N.Paşinyan Türkiyəyə son səfəri fonunda bir daha əmin olub ki, regional sülh, kommunikasiyaların bərpası, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi rəsmi Ankara üçün “qırmızı xəttdir”.

Türkiyə ilə münasibətlərin normallaşdırılmasına edilən cəhdlər həm də Ermənistanın geosiyasi seçimlərinin məhdudlaşdığını göstərir. Rusiya ilə münasibətlərin soyuması, Qərbin “təhlükəsizlik təminatçısı” rolunu üzərinə götürmək istəməməsi, İranın İsraillə müharibənin yaratdığı problemlərin həllinə çalışması fonunda rəsmi İrəvan regionda sülh və barışın əhəmiyyətini daha dolğun şəkildə dərk edir. Ermənistan cəmiyyətində hələ də revanşist, Türkiyə və Azərbaycana düşmən mövqeyində olan qüvvələr olsa da, rəsmi İrəvan bu stereotiplərin ziyanlı olduğunu açıq bildirir.

Ermənistanı baş nazirinin çıxışında tarixi Ani körpüsünün bərpası kimi konkret əməkdaşlıq mövzularına toxunulması göstərir ki, rəsmi İrəvan Türkiyə ilə iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusilə maraq göstərir. İkinci Qarabağ müharibəsinədək Rusiya Ermənistanın iqtisadi həyatında daha dominant siyasi və iqtisadi mövqeyə malik idi. Enerji, infrastruktur, bank sistemi, təhlükəsizlik və müdafiə sahələrində Moskvanın rolui İrəvan üçün alternativsiz görünürdü. 2020-ci ildən sonra bölgədə dəyişən təhlükəsizlik şərtləri, Ukrayna müharibəsi fonunda Rusiyanın beynəlxalq təcridlə üzləşməsi Ermənistanın da mövqelərini zəiflətdi. İrəvan artıq anlayıb ki, bu cür birtərəfli asılılıq onun həm siyasi manevr imkanlarını, həm də iqtisadi müstəqilliyini ciddi şəkildə məhdudlaşdırır.

Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni iqtisadi şaxələndirmə imkanları yaraca, ölkənin Qərbə, Aralıq dənizi limanlarına çıxışını təmin edə bilər. Azərbaycanın nəqliyyat və enerji dəhlizlərinə qoşulmaq isə Ermənistanın həm Orta Dəhlizə, həm də Avropa-Asiya nəqliyyat qovşaqlarına inteqrasiyasına imkan yaradar. Bu isə Rusiya iqtisadiyyatından asılılığın mərhələli şəkildə aradan qaldırılması deməkdir.

Regional əməkdaşlıq Ermənistan üçün yalnız iqtisadi deyil, həm də təhlükəsizlik baxımından da yeni imkanlar açacaq. Ankara və Bakı ilə münasibətlərin düzəlməsi Ermənistanın regional təhlükəsizlik sisteminə inteqrasiyasını təmin edə, ona Moskvanın təsirindən uzaqlaşaraq balanslı siyasət yürütmək imkanı verə bilər.

Nəhayət, N.Paşinyanın son mətbuat konfransında Türkiyə ilə münasibətlərə dair verdiyi açıqlamalar həm də Ermənistanda planlaşdırılan Konstitusiya islahatlarına ictimai və siyasi zəmin hazırlamaq məqsədi daşıyır. Məlum olduğu kimi, bu ölkənin konstitusiyasının preambulasında və rəsmi dövlət simvollarında, xüsusilə gerbində Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiaları yer alıb. Bu məqamlar Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində ciddi hüquqi və siyasi maneəyə çevrilib.

Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Bakı ilə razılaşdırılmış şəkildə həyata keçirir. Bu isə Ermənistana həm regional, həm də daxili siyasətdə səmimi, ardıcıl addımlar atmasını diktə edir. Regional əməkdaşlıq fürsətindən yararlanmaq üçün İrəvan, ilk növbədə, yekun sülh sazişinin imzalanması üçün yaratdığı süni maneələri aradan qaldırmalıdır.

MTM Analitik Qrup