AVROPA İTTİFAQI ERMƏNİSTANI RUSİYAYA “QURBAN” EDİR, İRƏVAN ÜZƏRİNDƏ GEOSİYASİ TƏHDİDLƏR ARTIR

Son illərdə dünyanın bir çox bölgələrində olduğu kimi Cənubi Qafqazda da geosiyasi balansın sürətlə dəyişməsi məlum həqiqətdir. Bu balansın dəyişməsində Azərbaycanın regionda yaratdığı yeni reallıqların da müstəsna rolu var və indi  Cənubi Qafqazda maraqlı tərəflər mütləq şəkildə ölkəmizin mövqeyini nəzərə alırlar. Eyni zamanda onların öz məqsədlərinə çatmaq üçün regionda hələ də ən zəif bənd olan Ermənistandan da geniş şəkildə istifadə etməyə can atırlar. Elə bu kontekstdə Ermənistanın Rusiya ilə ənənəvi müttəfiqlik münasibətləri zəiflədikcə, Avropa İttifaqının bu boşluğu doldurmaq üçün siyasi və maliyyə alətlərindən getdikcə daha geniş şəkildə istifadə etməsi diqqətdən yayınmır.

Avropa İttifaqı Ermənistana milyardlarla avro dəyərində vədlər verərək onu Rusiya orbitindən çıxarmağa çalışır və bu istiqamətdə nəzərəçarpacaq nəticələr əldə edir. Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə son səfərində bu hal bir daha özünü qabarıq şəkildə büruzə verdi. Brüsseldə Nikol Paşinyan, Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında üçtərəfli görüşün yekunlarına dair yaımlanan press-relizdə yer alan məqamlar qururmun Ermənistanla bağlı son dövrlərdəki siyasətini eynilə davam etdirəcəyini göstərir. Ursula fon der Leyen Avropa İttifaqı ilə Ermənistanın çiyin-çiyinə olması ilə bağlı ötən il verdiyi bəyanatını xatırladıb və əlavə edib ki, Brüssel və İrəvan indi həmişəkindən daha yaxındır. Qeyd edib ki, çox iddialı tərəfdaşlıq gündəliyi, böyümə və dayanıqlıq proqramı çərçivəsində Avropa İttifaqı tərəfindən Ermənistana 270 milyon avro veriləcək. Söhbət 2028-ci ilədək Ermənistanın iqtisadiyyatının dayanıqlılığını artırmaq üçün verilməsi nəzərdə tutulan 270 milyon avrodan gedir. Avropa İttifaqının yanaşmasına əsasən,  bu, biznesə dəstəyi təmin edəcək, Ermənistan və qurum arasında əlaqələri yaxşılaşdıracaq. Von der Leyen bunlarla bağlı Paşinyana xitabən bildirib: “Biz bilirik ki, sizin ölkəniz Avropanın gələcəyində rol oynaya bilər və oynamalıdır. Azərbaycanla sülh müqaviləsi layihəsi onilliklər boyu davam edən düşmənçiliyə son qoya biləcək əlamətdar məqamdır və ümid edirəm ki, o, ən qısa zamanda imzalanacaq. Avropa İttifaqı bu yolda sizə dəstəyini davam etdirəcək”.

Öz növbəsində Nikol Paşinyan Avropa İttifaqı ilə əməkdaşlığın və əlaqələrin sürətlə inkişaf etdiyinni təsdiqləyib.  Üçtərəfli görüşdə qeyd olunub ki, Avropa İttifaqının Ermənistana investisiyasının 2,5 milyard avroya çatacağı gözlənilir. Rəsmilər həmçinin Avropa İttifaqı və Ermənistan arasında təhlükəsizlik və müdafiə üzrə  məsləhətləşmələrin başlanmasını, yeni Aİ-Ermənistan Tərəfdaşlıq Gündəliyi üzrə əldə olunmuş siyasi razılaşmanı alqışlayıblar. Erməni siyasi şərhçi Hakob Badalyan qeyd edir ki, Paşinyanın Brüssel və Parisə səfəri daha çox onunla diqqət çəkir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidə danışıqlardan sonra baş verir: “Paşinyan Əbu-Dabidə keçirilən müzakirələr barədə şübhəsiz Avropa İttifaqı rəhbərliyini məlumatlandırıb: razılaşmalar olubmu, onlar nə idi, yoxsa, niyə yox idi? Avropa İttifaqı bu gündəmdə və xüsusən kommunikasiyaların açılması gündəliyində fəal maraqlıdır. Ermənistan-Azərbaycan sərhədləri  Orta Dəhliz üçün həlledici əhəmiyyət kəsb edir”.

Avropa İttifaqının Ermənistanla münasibətləri, tərəflərin qarşılıqlı əlaqələri daha da dərinləşdirmək cəhdləri Rusiyada narahatlıqla izlənilir. Hələ ötən ay bu xüsusda etdiyi xəbərdarlıqda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk qeyd etmişdi ki, Moskva Ermənistanın Avropa İttifaqına inteqrasiya cəhdlərindən narahatdır. Onun sözlərinə görə, bu proses gələcəkdə Ermənistanın hava məkanının Rusiya üçün bağlanması ilə nəticələnə bilər: “Rusiyanın hazırda Avropa İttifaqı ilə hava əlaqəsi yoxdur. Avropa İttifaqının hava məkanı Rusiya təyyarələrinin uçuşu üçün bağlıdır. Ermənistan da səmasını bağlayacaq? Əgər Avropa İttifaqına daxil olacaqsa, bəli. Çünki Brüsseldə sizdən tələb olunacaq ki, hava məkanını bağlayın və sizin də seçiminiz olmayacaq”. Daha öncə Overçuk bildirmişdi ki, Rusiya biznesi Avropa İttifaqı məsələsinə görə artıq müəyyən sahələrdə Ermənistan bazarında fəaliyyətini azaltmağa başlayıb. Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqı bazarlarını da itirmək təhlükəsiilə üz-üzədir. Amma Ermənistanda bu və digər Rusiya rəsmilərinin xəbərdarlıqlarına ümumiyyətlə, məhəl qoymurlar. Paşinyanın son Brüssel səfərində hətta razılığa gənib ki, Avropa İttifaqı və Ermənistan Ukraynada müharibə səbəbindən Rusiyanın sanksiyalardan yan keçməsinin qarşısını almaq üçün birgə fəaliyyətlərini davam etdirəcəklər.Tərəflər bu məsələdə sıx əməkdaşlığı və birgə səyləri davam etdirməyə razılaşıblar.

Avropa İttifaqı təkcə siyasi bəyanatlarla kifayətlənmir, eyni zamanda maliyyə paketləri və investisiya proqramları vasitəsilə Ermənistanı cəlb edir. Ermənistan hökuməti isə bu maliyyə vədlərini strateji fürsət kimi qiymətləndirir. Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan artıq təhlükəsizlik anlayışını yenidən düşünməlidir və təkcə Rusiyaya arxalanmaq olmaz. Ermənistanın Avropa İttifaqı ilə imzaladığı müxtəlif əməkdaşlıq sazişləri ölkənin Rusiya orbitindən çıxmaqda maraqlı olduğunu göstərir.

Bununla yanaşı, Ermənistan mülki monitorinq missiyası adı altında Avropa İttifaqının hərbi kontingentini öz ərazisində saxlamaqda davam edir. Əvəzində Rusiya sərhədçilərinin ölkədən çıxarılması prosesi gedir və Gümridəki 102-ci bazanın da Ermənistandan çıxarılması da tədricən gündəmə gətirilir.  Amma ilk növbədə Avropa İttifaqı Ermənistanı iqtisadi müstəvidə özündən asılı etməyə can atır. Nəticədə bu ölkənin Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirməyə həvəsləndirir və hətta məcbur edir. Qurum tərəfindən maliyyələşdirilən layihələrin çoxu Ermənistanda Qərbə inteqrasiyanın əsas təkanverici amili kimi təqdim olunur. Düzdür, reallıqda Ermənistanı Avropa İttifaqında heç kim gözləmir və bunu erməni tərəfi də yaxşı bilir. Amma atılan addımlar uzunmüddətli perspektivdə Ermənistanın Rusiya ilə tərəfdaşlığını sıradan çıxarmağa xidmət edir.

Avropa İttifaqının bu siyasəti fonunda Rusiya Ermənistanla münasibətlərdə ciddi gərginliklər yaşayır. Moskva ittifaqın Ermənistanda aktivləşməsini öz nüfuz və mövqeyinə təhlükə kimi qiymətləndirir. Rusiya rəsmiləri və media orqanları Ermənistanın Qərbə meyillənməsini xəyanət kimi təqdim edir. Belə vəziyyət bölgədəki geopolitik mühitin formalaşmasına da təsirsiz ötüşmür. Qərbin pulu və vədləri ilə Rusiyanın təzyiqləri arasında qalan Ermənistan əslində, özünü risklərlə dolu burulğana sürükləyir. Rusiyanın Ermənistanla bağlı təhdidlərini əməldə reallaşdırması ehtimalı artır. Belə vəziyyətdə isə son nəticədə Ermənistan ümumiyyətlə, bir dövlət kimi tamamilə məhv ola bilər.

MTM Analitik Qrup