GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Trampın Azərbaycan-Ermənistan danışıqları ilə bağlı açıqlaması

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq. O, prosesin həllində ABŞ-nin mümkün səylər göstərdiyini və bununun da yaxşı bəhrə verəcəyini deyib.

2. Trampın Ukrayna ilə bağlı Rusiyaya xəbərdarlığı

ABŞ Prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik gömrük rüsumları tətbiq edəcəyini deyib.

3. ABŞ Zəngəzur dəhlizinə nəzarət etmək istəyir

ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.O, hər iki tərəfin – Azərbaycan və Ermənistanın dəhlizlə bağlı müxtəlif təkliflər etdiyini bildirib və deyib ki, “Bu halda ABŞ deyir: Yaxşı, biz onu təhvil alacağıq. Bizə 32 kilometr yolu 100 illik nəzarət üçün verin”.

4. Avropa İttifaqı-Ermənistan münasibətləri

Paşinyan son Brüssel və Paris səfərlərində Ermənistana Avropa İttifaqının siyasi, hərbi və iqtisadi inteqrasiyasını sürətləndirmək məqsədilə dəstək axtarıb. O, Fransadan təhlükəsizlik zəmanətləri, Avropa Komissiyasından isə iqtisadi yardımlar almağa çalışır. Bu addımlar Ermənistanın Qərblə yaxınlaşma xəttinin davamı kimi qiymətləndirilir.

5. Ermənistanda daxili siyasi gərginlik, Samvel Karapetyanın yeni hərəkatı

Ermənistanın tanınmış iş adamı Samvel Karapetyan “Yenilik Hərəkatı” adlı yeni siyasi platforma təsis edərək, hakimiyyətə alternativ olmaq niyyətindədir. Hərəkat ictimaiyyətdə geniş rezonans doğurub və Paşinyan hökumətinə qarşı yeni dalğanın başlaya biləcəyi ehtimal edilir.