ƏBU-DABİ GÖRÜŞÜNDƏN SONRA CƏNUBİ QAFQAZDA SÜLH ÜÇÜN YENİ MÜHÜM PERSPEKTİVLƏR AÇILDI

Azərbaycan və Ermənistan liderləri arasında ilk birbaşa yüksək səviyyəli danışıqlar Cənubi Qafqazda sülh ümidlərini daha da artırdı. Qeyd edilməlidir ki, əvvəllər Azərbaycan və Ermənistan rəhbərləri yalnız müxtəlif beynəlxalq sammitlərdə görüşürdülər. Amma bu dəfə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində tamam fərqli mənzərə qeydə alındı. İkinci Qarabağ müharibəsindən sonra iki ölkənin lideri heç bir vasitəçi olmadan görüşdülər, sülh prosesi ilə bağlı təxminən 5 saat davam edən detallı müzakirə aparıldı. Eyni zamanda bu görüş danışıqların ikitərəfli formatda keçirilməsinin nəticəyönümlü olduğunu bir daha təsdiqlədi. 

Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün yekunları ilə bağlı  yaydığı açıqlamada da qeyd edilir ki,  ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. O da vurğulanır  ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Yayılan məlumatlara əsasən, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri olan sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb. O da qeyd olunmalıdır ki, Azərbaycanla yanaşı, Ermənistan da görüşdən, onun nəticələrindən məmnunluq ifadə edir. Beynəlxalq dairələrdə rəsmi səviyyədə verilən açıqlamalarda görüş, sülh prosesi alqışlanır.

Proseslərin inkişafı həm də Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı yeni reallığın, sülh prosesinə yanaşmasının Ermənistan da daxil olmaqla dünyada qəbul olunduğunu göstərir. Xatırlatmaq lazım gəlir ki, məhz Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra sülh təşəbbüsü ilə çıxış edib, bu xüsusda beş prinsipdən ibarət təklifi Ermənistana təqdim edib. Eyni zamanda rəsmi Bakı onu da diqqətə çatdırıb ki, ikitərəfli formatda danışıqlar daha səmərəlidir, konkret nəticələrin əldə olunmasına imkan verir. Ermənistan əvvəllər bütün bunalara etiraz etsə də, sonradan Azərbaycanın yanaşmasının sırf reallqdan irəli gəldiyini, nəticə əldə olunmasına xidmət etdiyini gördü. İki ölkə arasında əsirlərin mübadiləsi, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin mətninin razılaşdırılması məhz bu konteksdə mümkün oldu. İndi də sülh prosesinin irəliləməsi iki ölkə arasında birbaşa danışıqlar nəticəsində mümkünləşir, regionda barış və əməkdaşlıq mühitinin formalaşmasına ümidlər artır. Eyni zamanda artıq bədxah qüvvələrin bu şəraitdə Cənubi Qafqaza məkrli müdaxiləsinin qarşısında da böyük sədd çəkilmiş olur.

Gözləntilər bundan ibarətdir ki, Əbu-Dabi görüşündən sonra ilk növbədə sərhədlərin delimitasiyası və demarkasiyası prosesi, Zəngəzur dəhlizinin açılması sürətlənəcək.    Danışıqlar fonunda Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan “Azatutyun” radiosuna maraqlı açıqlamar verib. ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı təkliflərinin Ermənistan tərəfindən qəbulunun mümkünlüyü ilə bağlı o qeyd edib: “Müxtəlif təkliflər irəli sürülüb, bununla bağlı açıqlamalar vermişik və bunun Ermənistanın maraqlarına nə dərəcədə uyğun olacağından, nə dərəcədə məqsədəuyğun sayılacağından asılı olaraq, proses baş verə bilər, olmaya da bilər.  Yəni bu, Ermənistanın maraqlarına nə dərəcədə uyğun olacaq, tərəflər bu barədə nə dərəcədə razılığa gələcəklər ki, onun müddəaları hər iki tərəfi qane etsin, amma indi bunu demək çətindir”. “ Ermənistanın blokadanın aradan qaldırılması ilə bağlı funksiyaları beynəlxalq təşkilata həvalə etməsi hələ də məqbuldurmu?” sualına Mnatsakan Səfəryan konkret cavab verib: “Bəli”. Onun sözlərinə görə,  üçüncü şirkət, tərəflər razılaşarsa, qarşılıqlılıq prinsipi əsasında o yola nəzarət edə bilər.

Xatırlatmaq lazım gəlir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Bakı və İrəvana Zəngəzur dəhlizi ilə bağlı yeni təklif təqdim edib. Karnegi Fondunun məlumatına əsasən, rəsmi Bakı dəhlizlə bağlı müvafiq müzakirələrin aparılmasına etiraz etmir. Qurum bildirir ki, Bakının yanaşmasına əsasən, proses Azərbaycanı öz anklavı Naxçıvanla birləşdirəcək cənub yolunun açılmasından başlamalıdır. O da vurğulanır ki, Amerika modeli ilə razılaşmaq üçün İrəvana təzyiq göstərilməsi əsas variantlardan biridir. Bu halda marşrutun Ermənistan hissəsinə İrəvan nəzarət tələbindən imtina etməli olacaq. Qeyd edilən variantın daha real olduğunu əsas gətirən Karnegi Fondu bildirir ki, Ermənistan da çox güman, buna razılıq verəcək. Çünki nəticədə ölkə uzun müddətdir düşdüyü təcrid vəziyyətindən çıxacaq.

Azərbaycanla sülh və əməkdaşlıq şəraitində yaşamaq da Ermənistana xeyli üstünlüklər qazandıracaq. Mnatsakan Səfəryan da qeyd edir ki, İrəvan bir müddət əvvəl ABŞ-dan təkliflər alıb: “ İndi deyə bilmərəm, amma bir neçə belə təklif müzakirə olunur. Bir daha qeyd etmək istəyirəm ki, blokadanın aradan qaldırılması çərçivəsində Ermənistanın maraqlarına cavab verərsə, bunlar nəzərdən keçirilə bilər”. Proseslərin gedişi yaxın tezlikdə Zəngəzur dəhlizi ilə bağlı mühüm proseslərin cərəyan edəcəyini deməyə əsas verir.  Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi sammitindən sonra mediaya açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyi yumşalıb. Onun sözlərinə görə, Ermənistan əvvəllər buna qarşı olsa da, iqtisadi inteqrasiyaya qoşulmaq üçün indi daha yumşaq mövqe sərgiləməyə başlayıb.

Qeyd edildiyi kimi Əbu-Dabi görüşünün nəticəsi olaraq iki ölkə lideri sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətlərin  davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Bu vaxta kimi Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb. Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, Sərhədin delimitasiyası ilə bağlı daha bir ciddi irəliləyiş hər iki tərəfdən müvafiq komissiyaların əsasnamələrinin razılaşdırılması olub ki, bu da komissiyaların növbəti mərhələdə birgə işini tənzimləyərək, prosesin irəli aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla Ermənistanın sərhədinin uzunluğunun 1066 kilometr olduğu nəzərə alınarsa, qalan hissənin müəyyən olunması üçün müvafiq komissiyaların qarşısında hələ çox iş durur. Əbu-Dabi görüşündən sonra bu istiqamətdə işlərin daha da intensivləşməsi gözlənilir.

Beləliklə, Azərbaycan və Ermənistan liderinin ilk birbaşa görüşü bu və digər istiqamətlərdə sülh prosesinin daha da sürətlənməsinə xidmət edir. Bundan isə təkcə iki ölkə yox, ümumən Cənubi Qafqaz çoxsaylı faydalar görəcək.

MTM Analitik Qrup