
Son aylarda Avropanın daxilində mühüm geosiyasi və sosial dəyişikliklər baş verir. Hollandiya, Belçika, Almaniya və nəhayət Polşanın da daxili sərhəd nəzarətini gücləndirməsi Şengen məkanının dayaqlarını sarsıdır. Bu ölkələr Polşa-Belarus sərhədində, Almaniya-Çexiya və Hollandiya-Belçika keçidlərində yoxlamaları intensivləşdirərək miqrasiya axınının qarşısını almağa çalışırlar. Gözləntilərin əksinə olaraq, bu qərarlar nə Avropa İttifaqı tərəfindən qınanır, nə də ictimaiyyətin ciddi etirazına səbəb olur. Əksinə, bir çox vətəndaş bu tədbirləri qaçqın təhdidinin qarşısını alan məntiqli addım kimi qiymətləndirir. Lakin bu prosesin uzunmüddətli nəticələri daha təhlükəlidir. Belə ki, Avropa ideyasının təməl daşlarından biri olan sərhədsiz məkan – Şengen zonası – parçalanma təhlükəsi ilə üz-üzədir.
1985-ci ildə imzalanan və 1995-ci ildən etibarən tətbiq olunan Şengen razılaşması Avropa İttifaqının ən uğurlu layihələrindən biri hesab olunurdu. Avropa ölkələrinin daxilində sərbəst hərəkət azadlığı yalnız iqtisadi fayda yaratmadı, eyni zamanda qitənin siyasi birliyini gücləndirdi. İnsanlar bir ölkədən digərinə pasport yoxlaması olmadan keçərək həmrəylik duyğusunu yaşadı, “Avropalı” kimliyinə daha çox bağlandı. Ancaq bu utopik mənzərəni pozan ilk hadisə 2015-ci ildə baş verən miqrasiya böhranı oldu. Suriyadakı vətəndaş müharibəsi və Yaxın Şərqdəki qeyri-sabitlik milyonlarla insanı Avropaya üz tutmağa vadar etdi. Yunanıstandan Macarıstana, oradan da Almaniyaya qədər uzanan miqrant karvanları Şengenin zəif bəndlərini ifşa etdi. Fransa, Avstriya, İsveç və Almaniya müvəqqəti olaraq daxili sərhəd nəzarətlərini bərpa etdi. Amma müvəqqəti addımlar artıq daimi hala çevrilmək üzrədir.
Hazırda Polşanın da sərhəd nəzarətlərinə başlaması bu trendi daha da gücləndirir. Polşa hökuməti Belarus və Ukrayna sərhədində qeyri-qanuni keçidlərin artdığını, Qərbi Avropaya doğru qeyri-nizamlı miqrasiya dalğalarının təhlükəli miqyas aldığını bəhanə gətirərək sərt tədbirlər görür. Bəzi hallarda bu tədbirlər sərhəddə insan haqlarının pozulması ilə nəticələnir. Amma daxili ictimai rəy bu siyasəti dəstəkləyir: çünki “mülkiyyət təhlükəsi”, “mədəni təhdid” və “terror riski” kimi miflərlə bəslənmiş qorxu atmosferi cəmiyyətləri sağçı təhlükəsizlik siyasətlərinə daha çox meyilləndirir. Belçika və Hollandiya kimi liberal ölkələrdə belə bu mövzu üzərində sağçı populist partiyalar güclənir. Almaniyada isə AfD partiyası miqrasiya əleyhinə ritorikanı əsas siyasi silaha çevirib. Avropa Komissiyasının çağırışlarına baxmayaraq, milli hökumətlər suveren hüquqlarına istinad edərək Şengenin əsaslarını bir-bir zədələməklə məşğuldurlar.
Şengenin süqutu yalnız səyahət azadlığının məhdudlaşdırılması deyil. Bu, Avropa inteqrasiyasının simvolik və funksional iflası deməkdir. Sərhədlərin qayıtması birinci növbədə iqtisadi itkilərə səbəb olacaq. Ticarət və turizm sektorları üçün sərhədsiz rejim sürətli və ucuz logistika imkanı yaradırdı. Gecikmələr, yoxlamalar və tranzit problemləri iqtisadiyyatı zərbə altına alacaq. İkincisi, Avropa kimliyinin zəifləməsinə yol açacaq. Sərbəst hərəkət və qarşılıqlı tanıma prinsipləri yerini milli qapanmaya yol açacaq, Avropa vətəndaşlığı anlayışı zəifləyəcək. Digər tərəfdən bu proses populizmin və sağçı ekstremizmin artmasına rəvac verəcək. Çünki sərhədlərin qayıdışı etnosentrik, millətçi düşüncə tərzinin leqitimləşdirilməsidir. Bundan əlavə, ittifaq daxilində ikili standartlar güclənəcək. Bu cür davam edərsə Şərqi və Cənubi Avropa ölkələri Qərbi Avropa tərəfindən “təhlükə zonası” kimi təsvir edilə bilər. Beləliklə, Polşa, Almaniya, Hollandiya və Belçikanın sərhəd nəzarətlərini gücləndirməsi təkcə miqrasiya böhranına cavab deyil, həm də dərinləşən Avropa böhranının əlamətidir. Şengen razılaşmasının dayanıqlığı artıq sual altındadır. Əgər bu proses dayandırılmasa yalnız səyahət azadlığı deyil, bütöv Avropa layihəsi zədələnə bilər.
MTM Analitik Qrup