
Ermənitanda ictimai-siyasi mənzərənin təhlili bu ölkədə gözlənilən konstitusiya dəyişikliyi, gələn il keçirələcək parlament seçkiləri öncəsi vəziyyətin daha da gərginləşdiyini nümayiş etdirir. Ölkədə siyasi qütbləşmənin dərinləşməsi mövcud vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Belə vəziyyətdə erməni cəmiyyətinin siyasi qüvvələrə inam və etimadı da azalmaqda davam edir. Amma maraqlıdır ki, mövcud hakimiyyətdən olan narazılıqlara baxmayaraq, xalq müxalif qüvvələrə də etibar etmir. Sabiq prezidentlər Robert Köçəryanın, Serj Sarkisyanın rəhbərlik etdiyi radikal müxalifət cəmiyyətdən hansısa ciddi dəstək almır və bu səbəbdən də hakimiyyət üçün təhdid yaratmırlar.
Digər tərəfədn radikal müxalifətin inzibati yolla sıradan çıxarılması prosesi də yeni vüsət alıb. Bu düşərgənin təmsilçilərinin biri-birinin ardınca həbsə atılması və prosesin davam etməsi də qeyd edilənlərin təsdiqidir. Nikol Paşinyan iqtidarına qarşı müxalifətdə olan və missiyasından kənara çıxaraq siyasətə qarışan kilsəyə qarşı da hakimiyyətin müxtəlif təsir, təzyiq metodlarından istifadə edir. Başları ibadət əvəzinə hakimyyəti devirməyə qarışmış keşişlərin bir-bir həbsə atılması, Erməni Apostol Kilsəsinə qarşı müxtəlif radikal addımların atılması da bunların göstəricisidir. Amma maraqlıdır ki, istər radikal müxalifət təmsilçilərinə, istərsə də siyasətə aludə olmuş din xadimlərinə qarşı hakmiyyətin addımları erməni cəmiyyətində hansısa kütləvi etiraza səbəb olmur. Əsas səbəb isə bu qüvvələrə olan inamın itməsi, onların xalqa fəlakətdən başqa heç nə gətirməyəcəklərinin cəmiyyətdə aydın dərk edilməsidir.
Belə bir şəraitdə meydana yeni siyasi qüvvələrin çıxmağa cəhd etmələri də diqqətdən yayınmır. Bu sırada indi xüsusi diqqət cəlb edən şəxs biznesdən siyasətə gəlməyə çalışan, amma elə mənzil başında həbsə atılan Rusiyadan olan erməniəsilli iş adamı, milyarder Samvel Karapetyandır. Qeyd edilməlidir ki, Erməni Apostol Kilsəsini öz bildiyi metodla müdafiə edəcəyini ehtiva edən bəyanatından sonra Samvel Karapetyan hakimiyyəti zorakılıqla ələ keçirməyə çağırış ittihamı ilə həbs edilib. Saxlandığı təkadamlıq kameradan mütəmadi olaraq müxtəlif mesajlar göndərən “Tashir Group”un sahibi artıq konkret siyasi prosesə başlamaqdan da danışıb. Karapetyan yeni qüvvənin formalaşdığını və onun ətrafında müxtəlif qüvvələrin cəmlənməli olduğunu açıqlayıb. Vəkilləri vasitəsilə iş adamı cəmiyyətə aşağıdakı mesajı ünvanlayıb: “Yeni qüvvə ətrafında birləşməyin, vahid yumruq olmağın vaxtı çatıb. Mən bütün bunları necə edəcəyimi bilirəm. Və biz bunu birlikdə edəcəyik. Nikol Paşinyan və onun hökumətinin Ermənistanla heç bir əlaqəsi yoxdur və bundan sonra da onların erməni xalqının gələcəyi ilə heç bir əlaqəsi olmamalıdır”.
Samvel Karapetyanın yeni yaradılmış siyasi hərəkatına kimin rəhbərlik edəcəyi hələ dəqiq bəlli olmasa da, artıq bu istiqamətdə də işlər aparılır. Bunu iş adamının qardaşı oğlu, “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin Direktorlar Şurasının sədri Narek Karapetyan da təsdiq edib. O qeyd edib ki, yaxın vaxtlarda bütün suallara cavab veriləcək: “Biz bununla bağlı açıqlamalar verəcəyik. Gələcəkdə ictimaiyyəti maraqlandıran bütün sualların cavabı olacaq”. Məsələ ilə bağlı Ermənistanın “Hraparak” qəzeti də yazıb ki, Karapetyan komandasının tərkibində siyasi qüvvənin formalaşdırılması üzrə başlanılan işlər fonunda media orqanın açılması da nəzərdə tutulur. Bununla komanda öz təbliğatını qurmağa da xüsusi diqqət etdiyini nümayiş etdirib.
Erməni siyasi şərhçi Akop Badalyan diqqəti ona yönəldir ki, Samvel Karapetyan siyasi baxımdan deyil, resurslar baxımından kifayət qədər güclü fiqurdur. O xatırladır ki, Ermənistanda böyük resurs sahibi birinin siyasi səhnəyə atıılması birinci dəfə deyil. Müəyyən bir dövrdə iş adamı Haqik Tsarukyan bunun nümunəsini yaradıb. Amma Samvel Karapetyan, analitikin fikrincə, Tsarukyandan daha böyük fiqurdur və ona görə də proseslər fərqli, rusiyalı iş adamı Paşinyan hakimiyyəti üçün riskli ola bilər: “Biz bilirik ki, ictimaiyyətin təxminən 60-70 faizi siyasətdən uzaqlaşır, heç bir siyasi qüvvəyə etibar etmədiyini deyir, bunu sorğular da sübut edir. İndi sual yarana bilər: Samvel Karapetyan həmin şəxslərdən səs qazanmağa iddialı ola bilərmi? Belə olan halda mənzərə dəyişəcək, çünki Robert Köçəryan və Serj Sarkisyan öz səslərini qazanacaqlar, Samvel Karapetyana isə yeni səslər əldə edə bilər. Bu, həqiqətən də hökumət üçün riskdir”.
Samvel Karapetyanın yeni qüvvəsinin baş nazir namizədinin kim olacağına gəlincə, ikili vətəndaş olan Karapetyanın həmin vəzifəyə şəxsən namizədliyini irəli sürmək imkanının olmadığını nəzərə alsaq, analitik qeyd edir ki, milyarder iş adamına namizəd tapmaq problem olmayacaq; o, ictimaiyyət üçün o qədər də tanınmayan bir şəxs, eləcə də çox tanınmış sima, məsələn, keçmiş baş nazir Karen Karapetyan ola bilər. Yeri gəlmişkən, 2018-ci il inqilabından sonra siyasətdən getmiş Karen Karapetyan artıq Samvel Karapetyanı müdafiə edən iki bəyanatla çıxış edərək, bildirib: “Bu gün Samvel Karapetyan və onun ailəsinə qarşı baş verən hər şey hər kəs üçün biabırçı, qəbuledilməz və şərəfsizlikdir, lakin ilk növbədə ölkə üçün bu belədir”.
Samvel Karapetyanın yarada biləcəyi təhdidi hakimiyyət də görür. İqtidar onu da yaxşı başa düşür ki, Samvel Karapetyanın Ermənistan daxilində əsas qüvvəsi “Ermənistan Elektrik Şəbəkələri” QSC-dir. Elə iş adamının müdafiəsi məqsədilə keçirilən aksiyalarda əsas iştirakçılar bu şirkətin işçiləridir. Bunu “Ermənistan Elektrik Şəbəkələri”ndə bir neçə saat axtarış aparan və digər istintaq hərəkətləri həyata keçirən hüquq-mühafizə orqanları da təsdiq edir. Proses çərçivəsində müəyyən olunub ki, “Ermənistan Elektrik Şəbəkələri”ndə Samvel Karapetyanın müdafiəsi üçün insanlar zorla yürüşlərə, etiraz aksiyalarına çıxarılır. Bundan başqa, onlar qeyd edilən məqsədlə pulla da həvəsləndirilir. Hüquq-mühafizə orqanları bildirir: “İki ünvanda eyni vaxtda axtarış aparılıb, nəticədə ibtidai istintaq üçün əhəmiyyət kəsb edən müxtəlif əşyalar, o cümlədən müəyyən məbləğ ödənilmiş şəxslərin adlarının yer aldığı siyahılar və pullar aşkar edilərək götürülüb”. Bu iş üzrə üç nəfərə qarşı ittiham irəli sürülüb. İstintaq Komitəsi keçirilən əməliyyatlar zamanı həmçinin bir sıra şirkətlərin de-fakto rəhbərləri tərəfindən dələduzluq, çirkli pulların yuyulması və xüsusilə külli miqdarda vergidən yayınma halları ilə bağlı başlanmış cinayət işinin araşdırıldığını bəyan edib. Bu proses çərçivəsində isə 51 ünvanda eyni vaxtda axtarış aparılıb. Sözügedən iş çərçivəsində artıq 11 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 5-i barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan əlavə hakimiyyət Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilmək barədə qərarını elan edib. Parlament müvafiq qanunu qəbul edib. Prosesin yaxın tezlikdə başa çatması gözlənilir.
Beləliklə, “Ermənistan Elektrik Şəbəkələri” ilə bağlı baş verən proseslər şirkətin tezliklə dövlət nəzarətində olacağını göstərir. Belə olan halda Samvel Karapetyan Ermənistan daxilində mühüm biznesdən, həm də insani resurs baxımından ciddi dayaqlarından məhrum olacaq. Eyni zamanda hakimiyyət iş adamına ölkə xaricindən olan köməklikləri də əngəlləyir. Hadisələrin bu səpkidə inkişafı Samvel Karapetyanın yeni siyasi hərəkatının hansısa ciddi uğur əldə edəcəyini də böyük sual altına alır.
MTM Analitik Qrup