İƏT-İN XANKƏNDİ SAMMİTİ AZƏRBAYCANIN ETİBARLI TƏRƏFDAŞ MÖVQEYİNİ DAHA DA MÖHKƏMLƏDİR

Xankəndi şəhəri öz tarixində ilk dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir, orada İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının XVII sammiti keçirilir. Bu tədbir həm təşkilatın fəaliyyətində mühüm mərhələ, həm də Azərbaycanın qlobal və regional nüfuzunun təsdiqidir. Xankəndidə belə səviyyəli tədbirin baş tutması Qarabağın reinteqrasiyası və inkişafı prosesinin sürətləndirilməsinə əlavə təkan verməklə yanaşı, ölkəmizin beynəlxalq diplomatiyada təşəbbüskar mövqeyini gücləndirir. Digər tərəfdən Qarabağın məhz Azərbaycanın suverenliyi altında sürətli bərpa və quruculuq dövrü yaşadığını nümayiş etdirir. Göstərir ki, Xankəndi artıq təhlükəsizlik, infrastruktur və logistika baxımından beynəlxalq tədbirlərə hazır şəhər statusu qazanıb. Ümumiyyətlə, son illərdə Azərbaycan bir çox beynəlxalq tədbirə uğurla ev sahibliyi edib. Bunların sırasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Qoşulmama Hərəkatının zirvə görüşü, İslam Əməkdaşlıq Təşkilatının tədbirləri, Avropa Oyunları, Formula 1 Qran-Prisi kimi irimiqyaslı layihələr var. Bu təcrübə Azərbaycanın həm təşkilati potensialını, həm təhlükəsizlik imkanlarını, həm də beynəlxalq diplomatiyada etibarlı tərəfdaş imicini möhkəmləndirib. Xankəndidə sammitin keçirilməsi isə bu təcrübənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu baxımdan İƏT sammitinin Xankəndidə keçirilməsini əhəmiyyətinə görə bu cür də qruplaşdırmaq olar: birincisi, Bakı həm Avropa, həm Asiya üçün enerji, nəqliyyat və logistika mərkəzinə çevrilib. İkincisi, Azərbaycan türk dünyasında və İslam ölkələri məkanında təşəbbüskar rol oynayır. Üçüncüsü, ölkəmiz beynəlxalq platformalarda dialoqu, əməkdaşlığı və sabitliyi təşviq edir. Məhz bu səbəblərdən sammit həm iqtisadi gündəm baxımından, həm də beynəlxalq ictimaiyyətin Azərbaycanın yeni reallıqlarını tanıması baxımından əlamətdar hadisədir.

Asiya ilə Yaxın Şərq regionunda iqtisadi əməkdaşlığın ən böyük platformalarından biri olan İƏT 1985-ci ildə yaradılıb. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı, texnologiya və digər sahələrdə əməkdaşlığı dərinləşdirməkdir. XVII sammit bu baxımdan xüsusi əhəmiyyət daşıyır, çünki regionda siyasi-iqtisadi transformasiya prosesi sürətlənir, dövlətlər yeni əməkdaşlıq mexanizmlərinə ehtiyac duyurlar. Azərbaycanın sədrlik etdiyi dövrdə İƏT-in prioritetlərinin müəyyənləşməsi təşkilatın gələcək fəaliyyətinə mühüm təsir göstərəcək.

Sammitdə iştirakçı ölkələrin əksəriyyəti dövlət başçısı səviyyəsində təmsil olunur. Bu da iki mühüm amili ortaya qoyur. Birincisi bu, Azərbaycanın regionda artan nüfuzunun və hörmətinin göstəricisidir. İkincisi, İƏT daxilində əməkdaşlıq formatına verilən yüksək önəmin bariz nümunəsidir. Çünki dövlət başçılarının bu cür tədbirlərdə iştirakı qəbul edilən qərarların daha operativ icrasını təmin edir və gələcəkdəki iqtisadi layihələrə siyasi dəstəyi gücləndirir. XVII sammitin müzakirə mövzuları arasında nəqliyyat dəhlizləri, enerji əməkdaşlığı, rəqəmsal iqtisadiyyat, yaşıl texnologiyalar və ərzaq təhlükəsizliyi var. Sammit Orta Dəhlizin genişləndirilməsini sürətləndirməyi, enerji layihələrində yeni tərəfdaşlıqlar formalaşdırmağı, rəqəmsal infrastrukturun qarşılıqlı əlaqələndirilməsini nəzərdə tutur. Bu proseslər İƏT məkanında ticarətin və investisiya axınlarının həcmini artıracaq, həmçinin regional inteqrasiyanı gücləndirəcək. Nəticə etibarilə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII sammiti təkcə iqtisadi əməkdaşlığın genişlənməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq siyasətdə təşəbbüskar, nüfuzlu və etibarlı tərəfdaş mövqeyinin daha da möhkəmlənməsi baxımından tarixi hadisədir. Qarabağın reinteqrasiyası və inkişafını dəstəkləyən bu tədbir eyni zamanda regionda sabitliyin və qarşılıqlı hörmətin yeni rəmzinə çevrilir.

MTM Analitik Qrup