AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN NÜMUNƏVİ SİYASİ-İQTİSADİ ƏMƏKDAŞLIQ MODELİ YARADIRLAR

Avrasiyada sürətlə dəyişən geoiqtisadi vəziyyət şəraitində ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsinə yönəlmiş regional əməkdaşlığın əhəmiyyəti daha sürətlə artır. Bu kontekstdə Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz dövlətləri arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi regional əməkdaşlıq üçün yeni imkanlar açır. Sözügedən müstəvidə isə səmərəli qarşılıqlı fəaliyyətin parlaq nümunələrindən biri Azərbaycan və Özbəkistan arasında tərəfdaşlığın inkişafıdır. Bir-birini tamamlayan iqtisadiyyatlara və əlverişli coğrafi mövqeyə malik bu iki ölkə regional inteqrasiyanın mühüm elementləri hesab olunur. Dənizə çıxışı olmayan, tranzit marşrutlarından əhəmiyyətli dərəcədə asılı olan Özbəkistanın ixrac imkanlarının genişləndirilməsində Azərbaycanın rolu, tutduğu mövqe indi xüsusilə aktualdır.

Dünya okeanına çıxışı olmayan ölkə kimi Özbəkistan öz məhsullarını ixrac edərkən yaşadığı logistik problemlərlə Azərbaycanla  əməkdaşlıq şəraitində uğurla həll edir. Qeyd edilməlidir ki, Daşkəndin Avropa, Yaxın Şərq və Qafqaz bazarlarına, həmçinin Aralıq dənizi və Qara dəniz limanlarına çıxış üçün etibarlı nəqliyyat dəhlizlərinə ehtiyacı son illərdə xeyli artıb. Bu ehtiyacın ödənilməsində  Azərbaycan mühüm rol oynayır və ölkəmiz Özbəkistana mühüm tranzit marşrutlarına, ilk növbədə, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna çıxış imkanı yaradır.

Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçərək Türkiyə və Avropaya uzanan Orta Dəhliz dünyadakı indiki geosiyasi qeyri-sabitlik fonunda getdikcə daha cəlbedici xarakter daşıyır. Logistika infrastrukturuna investisiyalar sayəsində Azərbaycan ərazisində dünyanın ən qabaqcıl nəqliyyat qovşaqlarından birini yaradıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil və dəmir yolu şəbəkəsi bunların real nümunələrindən biridir. Özbəkistanın bunlardan yararlanması üçün ölkəmiz tərəfindən hər cür imkanlar yaradılır. Prezident İlham Əliyev Özbəkistandan olan həmkarı Şavkat Mirziyoyevlə görüşdən sonra mətbuata verdiyi birgə bəyanatda qeyd olunan məsələ ilə bağlı bildirib: “Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, – mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, – xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır”.

Qeyd edilməlidir ki, Özbəkistan qeyri-resurs ixracını, o cümlədən tekstil, kənd təsərrüfatı məhsulları, mineral gübrələr, tikinti materialları, avtomobil və müxtəlif cihazlar sənayesini fəal şəkildə inkişaf etdirir. Bununla belə, xarici bazarlara uğurlu giriş effektiv logistik həllər tələb edir. Azərbaycanla əməkdaşlıq Özbəkistandan çatdırılma müddətini, daşıma xərclərini azaltmağa və məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini artırmağa imkan verir. Son illərdə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması tərəflərin iqtisadi əməkdaşlığın dərinləşdirilməsində artıq mühüm uğurlara imza atdığını göstərir.

O da faktdır ki, Azərbaycan və Özbəkistan arasında münasibətlərin belə sürətli inkişafında, ölkələrin bir-birinə daha da yaxınlaşmasında iki dövlətin lideri – Prezident İlham Əliyevin və həmkarı Şavkat Mirziyoyevin şəxsi səyləri həlledici rol oynayıb. Son illər ölkələr arasında ticarət və nəqliyyatdan tutmuş kənd təsərrüfatı və energetikaya qədər geniş sahələri əhatə edən çoxsaylı sazişlər imzalanıb. Prezident İlham Əliyevin keçən il Özbəkistana səfəri çərçivəsində Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanması münasibətləri yeni mərhələyə yüksəldib.  Görülən işlər nəticəsində birgə müəssisələrin yaradılması, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, beynəlxalq logistika layihələrində birgə iştirak dinamik vüsət alıb.

Qarşıdakı dövr ərzində də ölkələrimiz arasında müxtəlif istiqamətlər, o cümlədən iqtisadi sferada münasibətlər daha da dərinləşəcək. Çünki Özbəkistanda da nəzərə alınır ki, Azərbaycan regional logistika mərkəzi kimi mövqeyini davamlı şəkildə möhkəmləndirir. Ölkəmizdə logistika proseslərinin rəqəmsallaşdırılması sayəsində yüksək tranzit sürəti təmin edilir. Özbəkistan üçün bu, öz məhsullarının Türkiyəyə, Avropa ölkələrinə, hətta Yaxın Şərqə daha səmərəli ixracının mümkünlüyü deməkdir. Bakı həmçinin Orta Dəhliz ölkələri üçün vahid tarif siyasətinin formalaşdırılmasında fəal iştirak edir ki, bu da tranzit xərclərinin azaldılmasına kömək edir. Digər tərəfdən Azərbaycan Özbəkistana yüklərin saxlanması və daşınması xidmətləri üçün əlverişli imkanlar yaradır.

Azərbaycan və Özbəkistan tranzitlə yanaşı, enerji sahəsində də əməkdaşlığı inkişaf etdirir. Özbəkistan Azərbaycanın neft-qaz sektorunda, eləcə də alternativ enerji sahəsində təcrübəsindən istifadə etməkdə maraqlıdır. Gələcəkdə hər iki ölkənin potensialını nəzərə alaraq günəş və külək enerjisi sahəsində birgə layihələrin həyata keçirilməsi mümkündür. Eyni zamanda Özbəkistanda istehsal olunan yaşıl enerjinin Azərbaycan üzərindən Avropaya nəqli də xüsusi diqqət mərkəzindədir. Beləliklə, bu gün Azərbaycan Özbəkistan üçün təkcə siyasi cəhətdən dost, qardaş dövlət kimi deyil, həm də onun dünya bazarlarına ixrac strategiyasının əsas halqası olaraq çıxış edir. İki ölkə arasında logistika, nəqliyyat və ticarət sahəsində əməkdaşlıq Özbəkistan üçün yeni ixrac imkanları açır. Eyni zamanda, bu qarşılıqlı fəaliyyət geniş Avrasiya məkanında sabitliyi, iqtisadi inteqrasiyanı və qarşılıqlı faydalı tərəfdaşlığı gücləndirir. Bakı və Daşkəndin birgə səyləri təkcə regionun nəqliyyat xəritəsini dəyişmir, həm də yeni geosiyasi və logistik reallıqlar kontekstində səmərəli iqtisadi əməkdaşlıq modelinə çevrilir.

MTM Analitik Qrup