
Rusiya və Azərbaycan arasında şimal qonşumuzun yol verdiyi yanlışlıqlar üzündən yaşanan son gərginliklər dünya miyqasında da xüsusi diqqət mərkəzində yer alır. Məsələni nəzərdə saxlayan media vasitələri, ekspert dairələri, müxtəlif araşdırma institutları diqqəti ilk növbədə ona yönəldirlər ki, Rusiya tarixən yol verdiyi səhvlərdən lazımi nəticə çıxarmayaraq, eyni xətalarını Azərbaycana münasibətdə təkrarlayır, imperiya ambisiyalarnı ortaya qoymağa çalışır. Eyni zamanda Rusiyanın digər bir mühüm yanlışlığı ondan ibarətdir ki, Azərbaycanın geosiyasi aktora çevrilməsini, təkcə Cənubi Qafqazda yox, bu regionun coğrafiyasından kənarda da böyük nüfuz və təsir sahibi olmasını hələ də nəzərə almaq istəməməsidir. Elə bu da şimal qonşumuzun çoxsaylı səhvlərini şərtləndirən başlıca faktorlardan biridir.
Məsələyə qeyd olunan kontekstdə nəzər salan BBC radiosunun rus xidməti yazır ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən Yekaterinburq şəhərində azərbaycanlılara qarşı sərgilənən qeyri-qanuni və qeyri-insani rəftara Bakının sərt cavabı həm də regionun geosiyasətində baş verən böyük dəyişikliklərin nəticəsidir. Qeyd olunur ki, Azərbaycan özü Cənubi Qafqazda Rusiya və digərlərinin əvvəl qeydə alınan dominant roluna meydan oxuyan regional gücə çevrilib. Bu güc faktorunun artıq yenə Rusiya və digərləri tərəfindən nəzərə alınması zərurətdir. Əks halda Cənubi Qafqazda maraqlı olan geosiyasi aktorların uğursuzluğa məhkum olması qaçılmazdır. BBC radiosunun rus xidməti bir daha diqqəti ona yönəldir ki, 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra regional lider kimi mövqeyini daha da gücləndirib. Vurğulanır ki, İkinci Qarabağ müharibəsinə qədər də Azərbaycan artıq regionun ən böyük iqtisadiyyatına malik idi, əhalisi qonşu Ermənistan və Gürcüstanın cəmindən çox idi, lakin Bakı həm də hərbi üstünlüyünü sübut etdi: “Və Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsi Moskvanın Cənubi Qafqazdakı mövqeyini zəiflətdi”. Bu kontekstdə diqqət həm də ona yönəldilir ki, Ukraynanın işğalından əvvəl Azərbaycan və Rusiya lideləri müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalayıblar: “İki ölkə heç vaxt real müttəfiq olmayıblar – Azərbaycan Ukraynanın Rusiya tərəfindən ələ keçirilən ərazilərini işğal olunmuş adlandırır və Kiyevə humanitar yardım göndərir”.
O da qeyd edilir ki, Azərbaycanla münasibətlərin pisləşməsi Rusiyanın özünə daha çox ziyan edir: “Azərbaycandan təkcə əsas qaz kəmərləri deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu keçir və bu, Rusiyaya Asiya bazarlarına çıxış imkanı verir”. Rusiyanın Moskva ağır sanksiyalar altında olduğu bir vaxtda Azərbaycanın mövqeyi bu ölkə üçün müstəsna və həyati əhəmiyyətə malikdir. Amma bunlara baxmayaraq, Rusiyada Azərbaycanla münasibətlərin əhəmiyyətini hələ düzgün şəkildə qiymətləndirə bilməyənlər var və Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən Yekaterinburq şəhərində azərbaycanlılara qarşı məlum əməliyyat bunun daha bir təzahürdür.
Bir daha xatırlatmaq lazım gəlir ki, Yekaterinburqda təhlükəsizlik qüvvələri 50-dən çox azərbaycanlını saxlayıb. Rusiyanın Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi həbsləri təsdiqləyib. Ancaq problem onda oldu ki, əməliyyat etnik zəmində aparılan repressiyaya çevrildi. Saxlanılanlardan ikisi döyülərək öldürülüb, digərləri ağır xəsarət alıb, çoxsaylı işgəncələrə məruz qalıb. Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko iki nəfərin öldüyünü təsdiqləyib. Bundan sonra Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin əmri ilə iş İstintaq Komitəsinin mərkəzi aparatına verilib. Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova azərbaycanlıların həbsinin qanuniliyini və əsaslılığını yoxlamaq üçün Rusiya Baş Prokurorluğuna vəsatətlə müraciət edib. Müraciət Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva ilə əlaqə saxlandıqdan sonra göndərilib. Amma saxlanma zamanı vəzifə səlahiyyətlərini aşan şəxslərə qarşı hələ də heç bir tədbir görülməyib. Bu, eynilə AZAL təyyarəsinin Rusiya ordusu tərəfindən vurulmasından sonra baş verənləri xatırladır. Elə o vaxtdan indiyə kimi bu cinayəti törədənlərə qarşı Rusiya rəhbərliyi heç bir addım atmayıb, həmin şəxsləri məsuliyyətə cəlb etməyib. Azərbaycan bütün bunlara haqlı olaraq narazılıq edir və soydaşlarının hüquqlarının müdafiəsi istiqamətində əməli addımlar atır.
Bütün bunlara müvafiq və müttəfiqlik ruhuna uyğun reaksiya vermək əvəzinə Rusiyada hədyanalara daha çox rast gəlinir. Hətta iş o yerə çatıb ki, rus mediasında, bəzi rəsmi şəxslərin açıqlamalarında Azərbaycana qarşı müxtəlif əməliyyatların keçirilməsinə çağırışlar edilir. Halbuki, Azərbaycanın indi daha qüdrətli ölkə olması, malik olduğu mütəffiqlik əlaqələri ölkəmizin Rusiyaya qarşı hər cür dirəniş göstərməsinə imkan verir. Azərbaycanla düşmənçilik isə Rusiya üçün ölümcül səhv olardı. Burada nəzərə alınması vacib olan hal həm də odur ki, ötən müddətdə ölkəmiz Rusiya ilə münasibətləri müttəfiqlik səviyyəsinə qədər yüksəltdi. Eyni zamanda Azərbaycan Qərbin israrlı çağırışlarına baxmayaraq, anti-Rusiya mövqeyi sərgiləmədi.
Azərbaycan şimal qonşusu ilə qarşılıqlı münasibətlərin bərabərlik prinsipinə əsaslanması üçün müvafiq addımlar atsa da, Rusiya bəzi hallarda adekvat davranış nümayiş etdirə bilmir. Elə bu da iki ölkə arasında zaman-zaman problemlərin yaşanmasına gətirib çıxarır. Dünyada indiki geosiyasi vəziyyət, Rusiyanın düşdüyü vəziyyət nəzərə alınarsa, Azərbaycanla münasibətlərin korlanması böyük ölçüdə şimal qonşumzun özünün mənafeyinə zərbə deməkdir. O səbəbdən Rusiya Azərbaycanın haqlı yaaşmalarını mütləq nəzərə almalıdır.
MTM Analitik Qrup