XİN: ERMƏNİSTANIN MİNALANMIŞ ƏRAZİLƏRİN DƏQİQ XƏRİTƏLƏRİNİ VERMƏMƏSİ MÜLKİ ƏHALİ ÜÇÜN CİDDİ TƏHLÜKƏ YARADIR

Beynəlxalq ictimaiyyət davam edən humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.

Vurğulanıb ki, iyunun 30-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina hadisəsi baş verib, nəticədə Ağdamda bir polis əməkdaşı ağır yaralanıb. Mina partlamasında xəsarət alan polis əməkdaşının sağ ayağı amputasiya edilib. Bununla da 2020-ci il Vətən müharibəsindən indiyədək 399 nəfər mina qurbanı olub.

“Ermənistanın minalanmış ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı imtina etməsi mülki əhali və bu ərazilərdə yaşayan bütün insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət davam edən humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır”, – deyə məlumatda qeyd edilib.