ERMƏNİSTANIN İSLAMAFOB SİYASƏTİNİN BEYNƏLXALQ PLATFORMALARDA İFŞA OLUNMASINDAN NARAHATDIR

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının bu günlərdə İstanbulda keçirilən 51-ci sessiyasında ölkəmizin beynəlxalq hüquqa söykənən haqlı mövqeyini müdafiə edən 5 mühüm qətnamənin qəbulu Ermənistan rəhbərliyini ciddi təşvişə salıb. Bu ölkənin Xarici İşlər Nazirliyinin həmin qətnamələri “təkzib etməyə” yönəlmiş bəyanatı da deyilənləri təsdiq edir. Rəsmi Bakının indiyədək Ermənistanın müharibə cinayətləri ilə bağlı müxtəlif səviyyələrdə səsləndirdiyi faktların beynəlxalq təşkilatların sənədlərində də əksini tapması fonunda qarşı tərəf məsuliyyətdən yayınmağa, “müdafiəyə” çalışır.

İƏT Xarici İşlər Nazirləri Şurasının qətnamələrində, habelə İstanbul Bəyannaməsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə olunmaqla yanaşı, Ermənistanın müharibə cinayətləri, dini-mədəni irsin dağıdılması, Qərbi azərbaycanlıların geriyəqayıdış hüququnun tanınmaması qəti şəkildə pislənilib. Bu qətnamələrin qəbulu, sadəcə, İslam həmrəyliyinə deyil, real sənədlərə, fakt və dəlillərə əsaslanır. İƏT-in faktaraşdırıcı missiyası ötən illərdə bir neçə dəfə azad edilmiş ərazilərə səfərlər edib, vəziyyətlə yerində tanış olublar. Missiyanın məqsədi Ermənistan tərəfindən dini və tarixi-mədəni abidələrin, qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, nəticələrə əsasən hesabatın hazırlanaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarət olub.

İƏT Xarici İşlər Nazirləri Şurasının Ermənistanla bağlı qəbul etdiyi 5 qətnamə ölkəmizin həyata keçirdiyi çevik xarici siyasətin, hücum diplomatiyasının nəticəsi olaraq, təkcə siyasi-mənəvi deyil, hüquqi məsuliyyət çərçivəsi də müəyyənləşdirir. Azərbaycan əldə edilmiş faktlar əsasında beynəlxalq məhkəmələrə müraciət etmək, qarşı tərəfdən təzminat tələb etmək imkanları qazanır. Ermənistan rəhbərliyi isə bunu ciddi təhlükə kimi qəbul etdiyindən, İƏT-in qətnamələri əleyhinə bəyanat yayır, beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn saxta kampaniya aparır. İrəvanı narahat edən əsas məqamlardan biri İslamofob siyasətinin İƏT kimi nüfuzlu beynəlxalq təşkilat səviyyəsində bəyan edilməsidir və bu təşkilatda Ermənistanın özünə müttəfiq saydığı İran da təmsil olunur.

Ermənistanın XİN-nin məlum qətnamələrlə əlaqədar aqressiv ritorikası, Azərbaycanla paralel İƏT-in ünvanına absurd ittihamlar səsləndirməsi bu ölkənin rəhbərliyinin sülh bəyanatlarının reallıqla uzlaşmadığını, imitasiya xaraterli olduğunu təsdiqləyir. Bu əsassız bəyanat həm də rəsmi İrəvanın 30 ilə yaxın müddətdə yürütdüyü işğal və ərazi ilhaqı siyasətinin, müharibə cinayətlərinin və ağır nəticələrinin beynəlxalq platformalarda ifşasından irəli gəlir. Rəsmi İrəvan bu faktları nə qədər “inkar etməyə” çalışsa da, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdən əldə edilmiş dəlillər, foto və videogörüntülər, beynəlxalq monitorinq missiyalarının nəticələri bu ölkənin “özünümüdafiə taktikası”nı heçə endirir və beynəlxalq hüquq qarşısında cavabdeh olduğunu təsdiqləyir.

Ermənistanın XİN-nin son bəyanatı, eyni zamanda, aparılan sülh danışıqlarına ciddi xələl gətirir. Rəsmi İrəvan lokal antiterror tədbirlərindən sonra sülhə sadiq olduğunu bəyan etsə də, bu bəyanatlar konkret addımlara əsaslanmır. Əksinə, Ermənistanın bir sıra vacib məsələlərdən yayınması, qeyri-konstruktiv mövqeyi danışıqlarda yekun nəticələrin əldə olunmasını ləngidir. Aşkar görünür ki, rəsmi İrəvanın danışıqlar prosesində iştirakı qısa zamanda real nəticələrin əldə olunmasına deyil, daha çox vaxt qazanmağa, beynəlxalq təzyiqlərdən yayınmağa yönəlib.

Ermənistanın vaxtı ilə bu ölkədə yaşamış azərbaycanlıların geriyəqayıdış hüququnu inkar etməsi, bunu qərəzli olaraq “Azərbaycanın ərazi iddiası” kimi təqdim etməyə çalışması da siyasi manpulyasiyadır. Rəsmi Bakı soydaşlarımızın doğma yurdlarına dinc, könüllü və təhlükəsiz şəkildə qayıtması məsələsini beynəlxalq hüquqa uyğun şəkildə gündəmə gətirib. Bu, BMT-nin Qaçqınlar üzrə Konvensiyası da daxil olmaqla, bir çox beynəlxalq sənədlərlə qorunan hüquqdur. Və burada Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hər hansı təhdiddən söhbət gedə bilməz. Qarşı tərəf, sadəcə, ölkəmizin haqlı tələbindən yayınmaq üçün məsələni qərəzli olaraq “ərazi iddiası” kontektində şərh etməyə çalışır. Bu yanaşma, eyni zamanda, Ermənistanın keçmişdə törətdiyi etnik təmizləmə və deportasiya faktlarını gizlətməyə yönəlib. Çünki bu mövzu ətrafında aparılan obyektiv müzakirələr Ermənistanın keçmişdə törətdiyi insanlıq əleyhinə cinayətlərinin gündəmdə qalmasını təmin edir.

Ermənistanın “ərazi bütövlüyünə təhdidin olması” ilə bağlı iki ildən çoxdur ki, apardığı saxta kampaniya həm də bu ölkənin militarizm siyasətindən irəli gəlir. Məqsəd regionda qeyri-sabitlik görüntüsü yaratmaqla, silahlanmanı genişləndirmək,  ərazisində xarici hərbi qüvvələrin mövcudluğuna “haqq qazandırmaqdır”. Azərbaycan bu ölkənin kütləvi silanmasını, ümumilikdə, regionda sülh və sabitliyə təhdid hesab edir.

Azərbaycanın Ermənistana qarşı “ərazi iddiaları olan” dövlət kimi təqdimatı trəsmi İrəvanın həm də təzyiqlərdən sığortalanmaq cəhdidir. Bu ölkənin qüvvədə olan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddialarının yer alması regionda sülhə mane olan əsas səbəbdir. Bu sənəd sülhə açıq təhdid olaraq qalır və rəsmi İrəvanın regional münasibətlərə destruktiv baxışını ortaya qoyur. Məhz bu səbəbdən də rəsmi Bakı bəyan edir ki, Ermənistan Konstitusiyası dəyişməyincə, İrəvanın sülhə dair verdiyi bəyanatlar görüntü və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi kimi dəyərləndiriləcək.

MTM Analitik Qrup