YAXIN ŞƏRQDƏKİ MÜHARİBƏNİN SƏRHƏDLƏRİ GENİŞLƏNİR: İSRAİL VƏ İRANIN SON MƏQSƏDLƏRİ SÜLH ÜMİDLƏRİNİ AZALDIR

İsrail və İran arasında bir neçə gündür davam edən savaşın hansı nəticələrə gətirib çıxaracağı dünya gündəminin əsas mövzuları sırasında yer alır. Real vəziyyət hərbi əməliyyatların hələ yaxın tezlikdə sonuclanmayacağını, əksinə, eskalasiya miqyasının daha da genişlənəcəyini göstərir. Hər iki tərəf nüvə obyektlərini, hökumət binalarını, neft emalı zavodlarını, digər bu qəbildən olan müəssisələri hədəfə alırlar.
Belə olan halda, yaranan əsas sual budur: İsrailin və İranın son məqsədi nədir?
İran tərəfinin açıqlamalarından belə qənaət hasil olur ki, rəsmi Tehran İsrailin zərbələrinin dayandırılması, bunun ardınca ABŞ ilə nüvə danışıqlarına qayıtmaqda maraqlıdır. İsrailin yanaşmasında isə hərbi əməliyyatların ilk günündən fərqli olaraq vaxtaşırı dəyişikliklər qeydə alınır. Bu ölkənin baş naziri Benyamin Netanyahu ilk zərbə günündə bəyan etmişdi ki, əsas məqsəd “İslam rejimindən gələn nüvə və raket təhdidinə” son qoymaqdır. Lakin bunun ardınca iranlılara “azadlığa nail olmaq üçün yolların təmizlənməsi” ilə bağlı mesaj verildi. Söhbət konkret olaraq İranda ruhani hakimiyyətə son qoymaqdan gedir. İsrail mediasının məlumatına görə, indi İsrailin hədəflər arasında İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi də var. Artıq İsrailin müdafiə naziri İsrael Katz Əli Xamneyinin “ən ağır hərbi cinayətlərə” görə məsuliyyət daşıdığını və İranın Ali Rəhbərinin “yaşamağa haqqının olmadığını” vurğulayıb. Benyamin Netanyahunun da artıq eyni yanaşma sərgilədiyinə dair məlumatlar səslənir. Baş nazir özü bu xüsusda qeyd edir ki, orduya İranda kimsənin toxunulmaz olmadığına dair təlimat verib.
Belə bir vaxtda “CBS News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki , ABŞ və Avropa İttifaqından (Aİ) olan diplomatlar İranın ali dini liderinin vəzifəsini kimin yerinə yetirəcəyi ilə bağlı məxfi danışıqlara başlayıblar. Telekanalın həmsöhbətlərinin sözlərinə görə, amerikalı və avropalı diplomatlar hazırkı hakimiyyətin İranı nə dərəcədə effektiv idarə edə bildiyini də müzakirə ediblər. Amma yekun nəticə ilə bağlı konkret məlumat verilmir. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ayətullah Əli Xamneyiyə müraciət edərək , ölkəsinin “onun harada gizləndiyini bildiyini” vurğulayıb. Ağ Evin rəhbəri qeyd edib ki, onun səbri tükənir.
Burada bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, İsrailin ən uzunömürlü baş naziri hesab edilən Benyamin Netanyahu bütün siyasi karyerası boyunca İranın ölkəsi və region üçün yaratdığı təhlükəni ön plana çəkməyə çalışıb. Heç kimə sirr deyil ki, bu illər ərzində Amerika prezidentləri və generalları dəfələrlə Netanyahunu İranın nüvə və digər obyektlərinə zərbə endirməkdən çəkindiriblər. ABŞ Prezidenti Donald Tramp bu dəfə də Netanyahuya yaşıl işıq yandırmadığını bildirib. Ancaq görünən sarı işıq belə İsrailin hücuma başlaması üçün kifayət edib. Həm də İsrail etiraf edir ki, hücum üçün əlverişli şərait məhz indi yaranıb.
Məsələ burasındadır ki, son dövrlərə qədər İranın İsrailə qarşı çoxsəviyyəli müdafiə sistemi olub. İrana bağlı proksi qüvvələr hətta İsrail sərhədlərində əməliyyatlar keçirə bilirdi. Bu kontekstdə İsrail həmin qüvvələr tərəfindən qısamənzilli raketlərlə atəşə tutulurdu, qurudan hücumlar olurdu. Bu, ilk növbədə, Livandakı “Hizbullah” hərəkatına aid idi. Qəzzadakı HƏMAS və digər müəyyən qruplar da İranın mövqeyini dəstəkləyirdilər. Yəmən husilərinin də yanaşması eynidir. Bundan əlavə, İran uzun müddətdir ki, İsrailin özündə hədəfləri vura bilən orta mənzilli raket və buraxılış qurğularının böyük ehtiyatını toplayıb. İran strateqləri qarşı tərəfin bu raketlər səbəbindən də özünü riskə ataraq vəziyyəti gərginləşdirməyəcəyinə inanırdılar. Nəhayət, İran başqa bir maneə yaratdı: 2003-cü ildə nüvə silahı proqramından rəsmən imtina etməsinə baxmayaraq, nüvə tədqiqatları sahəsində ölkə əhəmiyyətli irəliləyiş əldə etdi. MAQATE son rüblük hesabatında bildirib ki, İran 60 faizə saflığa qədər zənginləşdirilmiş kifayət qədər uran ehtiyatı toplayıb. Bundan sonra uranın 90 faizə qədər zənginləşdirilməsinə keçid asandır ki, bu da iranlılara ən azı 9 nüvə silahı istehsal etməyə imkan verə bilərdi.
Bütün bunlar fonunda İsrail ilk olaraq İrana bağlı hesab etdiyi qüvvələrə qarşı əməliyyatlara start verdi. İran HƏMAS-ın 2023-cü ilin oktyabrın 7-də məlum hücumundan sonra İsrailin qətiyyətini lazımi səviyyədə qiymətləndirmədi. HƏMAS İsrailin hərbi əməliyyatları ilə xeyli zəiflədildi. Ardınca İsrail “Hizbullah”a hücum etdi və onu ciddi şəkildə zəiflətdi, təşkilatı atəşkəs bağlamağa məcbur etdi. “Hizbullah” faktiki olaraq, İsrailə təzyiqdən əl çəkdi və hakimiyyəti qismən yeni Livan hökumətinə verdi. “Hizbullah”ın zəifləməsi Suriyada Livan qrupu, İran və Rusiya tərəfindən göstərilən dəstəklə ayaqda qalan Bəşər Əsəd rejiminin süqutuna səbəb oldu. Buna qədər Suriya İran üçün həm hava hücumundan müdafiə forpostu, həm də İsrailin hücum təyyarələrinin erkən xəbərdarlığı, həm də Livana quru dəhlizinin bir hissəsi kimi böyük əhəmiyyət kəsb edirdi. Yəməndəki husilər isə ABŞ ilə atəşkəsə getməyə məcbur edildilər. Nəhayət, raket təhlükəsinin qarşısının alınması mexanizmi işə düşdü. 2024-cü ildə bəzi müttəfiqlərinin və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitlərinin öldürülməsinə görə İran İsrailə iki böyük zərbə endirdi. İsrail buna öz hücumları ilə cavab verdi. Bu prosesdə aydın oldu ki, İran öz raketləri ilə İsrailə kritik ziyan vura bilməz: İsrailin zərbə mübadiləsində üstünlüyü var. Ötən ilin oktyabr ayında İsrailin hava hücumları zamanı İranın uzun mənzilli hava hücumundan müdafiə sistemlərinin əksəriyyətini sıradan çıxardığı da iddia edilir.
Belə bir şəraitdə İsrail hesab edirdi ki, fürsətdən istifadə edib İrana qarşı hava əməliyyatı və kütləvi təxribat təşkil etməklə həlledici zərbə vura bilər. Rəsmi məqsədlərin nüvə və raket proqramlarının məhv edilməsi olduğu elan edildi. Bununla belə, İsrail qələbəyə nail olmaq üçün başqa variantları, o cümlədən İslam Respublikasında rejim dəyişikliyini nəzərdən keçirir. Benyamin Netanyahu bu fonda qeyd edir ki, İran hökumətinin devrilməsi İsrailin İrandakı əməliyyatının məqsədi deyil, nəticəsi ola bilər: “Əsas məqsəd İranın nüvə təhlükəsini aradan qaldırmaqdır. İkincisi, Tehrandan ballistik raket təhlükəsini aradan qaldırmaq lazımdır. Eyni zamanda, İranda hökumətin qeyri-sabit olacağı da göz qabağındadır. Bu, məqsəd deyil, nəticə ola bilər”.
Hələlik İsrail İranda qarşıya qiyduğu məqsədlərə çatmayıb. Düzdür, ilk bir neçə gündə İranın nüvə proqramının həyata keçirildiyi üç əsas ərazi – Natanz, İsfahan və Fordo hücuma məruz qalıb. MAQATE Natanzda eksperimental yeraltı zənginləşdirmə qurğusunun məhv edildiyini bildirib. Qurum həmçinin İsfahanda dörd “kritik binanın” zədələndiyini bildirib. Amma Fordo ilə bağlı vəziyyət fərqlidir.
İranın geniş nüvə proqramına həlledici zərbə vurmaq üçün İsrail ikinci ən böyük və ən təhlükəsiz ərazi olan Fordoya uğurla zərbə vurmalıdır. Bəzi ekspertlər hesab edir ki, İran özünün silah dərəcəli uranının böyük hissəsini dağın dərinliklərində yerləşən kompleksdə toplayıb və İsrailin buranı dağıda bilən bombaları yoxdur. Ancaq ABŞ Hərbi Hava Qüvvələrinin13,5 tondan çox çəkisi olan “Massive Ordnance Penetrators” bombaları bunu edə bilər. ABŞ prezidenti də deyib ki, İsrail İranın yeraltı Fordo nüvə obyektini təkbaşına məhv edə bilməyəcək.
Bundan başqa, İranın raket təhdidləri də tam aradan qalxmayıb. Belə vəziyyətdə İsrailin ABŞ-ni savaşa cəlb etməyə daha çox çalışması diqqətdən yayınmır. İran isə bütün bunlara müqavimət göstərməyə çalışır. Təbii ki, bu halda Yaxın Şərqdə eskalasiyanın genişlənməsi qaçılmaz olacaq. Ancaq İranın nüvə proqramından tam imtinası da savaşın dərhal dayanmasına səbəb olacaq. Bununla belə İranın indiki halda buna gedəcəyi də inandırıcı görünmür. Eyni zamanda İran İsrailin Yer üzündən silinməsi fikrindən də geri addım atmır. Nəticə etibarı ilə Yaxın Şərqin mənzərəsi dəyişməkdə davam edir.

MTM Analitik Qrup