
İran-İsrail müharibəsi təkcə regional təhlükəsizlik sistemini deyil, qlobal sabitliyi də ciddi təhdid edir. Hər iki tərəf uzun illərdir bir-birini strateji düşmən kimi tanıyırdı. Ancaq hazırda silahlı toqquşmaların intensiv xarakter alması və bu müharibəyə ABŞ, Rusiya, Çin kimi qlobal güclərin dolayı və ya bilavasitə cəlb olunma ehtimalı dünya ictimaiyyətində narahatlıq doğurur və özlüyündə suallar yaradır: bu müharibə Üçüncü Dünya savaşına çevrilə bilərmi?
İran və İsrail arasındakı gərginliyin kökləri ideoloji, dini və geosiyasi qarşıdurmalara dayanır. İran özünün “İslam inqilabı” modeli çərçivəsində İsrailin varlığını tanımır və onu Yaxın Şərqdə ABŞ-nin əsas dayağı kimi görür. İsrail isə İranın nüvə proqramını və “Hizbullah”, “HƏMAS”, “Husi” kimi vasitəçiləri ilə regionda genişlənmə cəhdlərini öz mövcudluğuna birbaşa təhlükə hesab edir. Bu səbəbdən İranın nüvə potensialı İsrail üçün “qırmızı xətt” sayılır. Bu baxımdan hazırkı müharibə bu iki ölkə arasında illərlə davam edən “gizli müharibə”nin açıq silahlı qarşıdurmaya keçididir. Bu, böyük güclərin maraq toqquşmalarının yaşandığı regionda baş verdiyindən, onun qlobal qarşıdurmaya çevrilməsi ehtimalı da çoxdur.
Vaşinqton İranın regiondakı rolunu ciddi təhlükə kimi qiymətləndirir və İsraili strateji müttəfiq kimi qorumağa çalışır. Prezident Donald Trampın son sərt açıqlamaları ABŞ-nin istənilən anda bu müharibəyə daxil ola biləcəyini göstərir. ABŞ həmçinin Fars körfəzində yerləşən hərbi bazaları və donanması ilə bölgədə güclü varlığa malikdir. ABŞ-ınin müdaxiləsi, müharibəyə çoxcəhətli və daha ölümcül xarakter verə bilər. Rusiya isə İrana silah və diplomatik dəstək göstərir. Moskva üçün İran Yaxın Şərqdə Amerikanın təsirinə qarşı dayaq nöqtəsidir. Ukrayna müharibəsində Qərbin sanksiyalarına məruz qalan Rusiya İranla hərbi-texniki və enerji sahəsində sıx əməkdaşlıq edir. İsrailin Rusiya ilə Ukrayna məsələsində aralıq mövqe tutması Rusiya-İsrail münasibətlərini tam düşmənçilik səviyyəsinə gətirməyib. Lakin müharibənin dərinləşməsi Moskvanı daha kəskin seçim qarşısında qoya bilər. Daha bir tərəf əlbəttə ki, Çindir. Bu ölkə enerji təhlükəsizliyi baxımından İran və körfəz regionunu həyati əhəmiyyətli hesab edir. Pekin müharibənin genişlənməsini istəmir, çünki bu onun “Bir kəmər, bir yol” təşəbbüsünə və neft idxalına zərbə vurur. Amma eyni zamanda Çin ABŞ-nin bölgədə hərbi güc nümayiş etdirməsinə qarşıdır. Bütün bunlar göstərir ki, əgər müharibə genişlənərsə bu, təkcə İsrail və İranla məhdudlaşmayacaq. Savaşın Suriya, Livan, İraq, Yəmən və Qətər kimi ölkələrə yayılması ehtimalı yüksəkdir. İranın dəstəklədiyi husilər artıq Qırmızı dənizdə hərbi əməliyyatlar həyata keçirir. Hizbullahın İsrailə qarşı döyüşə başlaması isə Livanın tamamilə müharibəyə cəlb olunması deməkdir. Digər tərəfdən, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir kimi ərəb dövlətləri İranın zəifləməsini arzulasa da, müharibənin regionu fəlakətə sürükləməsini istəmirlər. Belə bir vəziyyətdə İslam aləmi daxilində də ciddi parçalanma baş verə, şiə və sünni blokları yenidən qarşı-qarşıya gələ bilər.
İran-İsrail müharibəsi artıq qlobal neft və qaz bazarlarında təlatüm yaradıb. Hörmüz boğazının bağlanması ehtimalı neftin qiymətini hər gün dəyişdirir. Əgər bu qarşıdurma beynəlxalq müstəviyə keçərsə enerji resurslarının çatışmazlığı, tədarük zəncirinin pozulması, ərzaq böhranı və inflyasiya bütün dünyanı bürüyə bilər. Belə bir fəlakət pandemiyadan sonra özünə gəlməyə çalışan dünya iqtisadiyyatına ağır zərbə vuracaq. Ən qorxulu ssenari isə nüvə müharibəsi ehtimalıdır. İsrailin nüvə silahına malik olduğu ehtimal edilir, İran isə nüvə proqramını inkişaf etdirməkdə israr edir. Tərəflərdən birinin özünü varlığını qorumaq üçün nüvə silahına əl atması qlobal faciənin başlanğıcı ola, bütün bəşəriyyəti məhv edə biləcək nəticələr doğura bilər.
Tarix göstərir ki, dünya müharibələri məhz regional qarşıdurmaların qlobal maraqlarla toqquşduğu anda başlayır. Bu baxımdan beynəlxalq birliyin bu müharibəni dayandırmaq üçün dərhal və qətiyyətli addımlar atması tarixi zərurətə çevrilib. Əks təqdirdə, müharibə təkcə İran və İsrailin deyil, bütün dünyanın taleyini dəyişəcək.
MTM Analitik Qrup