
İranla İsrail arasında hərbi toqquşmaların genişmiqyaslı müharibəyə çevrilməsi regionda yeni geosiyasi risklər və humanitar böhrana yol açıb. Getdikdə şiddətlənən hərbi əməliyyatlar təkcə müharibə aparan tərəflərə deyil, təxirəsalınmaz təxliyənin təşkili anlamında digər bir sıra ölkələr üçün problemlər yaradıb. Vətəndaşlarının təhlükəsizliyinə görə narahatlıq keçirən ölkələr təxliyə prosesi üçün məhz Azərbaycana xahişlə müraciət edir, eyni zamanda, prosesin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ifadə edirlər.
Həyata keçirilən peşəkar təxliyə əməliyyatları çərçivəsində Azərbaycanın diplomatik və logistik imkanları maksimum səviyyədə səfərbər edilib. Xüsusi reyslər, sərhəd keçid məntəqələri vasitəsilə İran ərazisində köməksiz vəziyyətdə qalmış əcnəbi vətəndaşların ölkəmizin ərazisi ilə təhlükəsiz daşınması təmin edilir. Rəsmi Bakı rəsmi müraciətlərə operativ cavab verərək 20-dən çox ölkənin, o cümlədən ABŞ, Rusiya, Çin, Qazaxıstan, Bolqarıstan, Macarıstan, Kanada, İtaliya, Belarus, Tacikistan, Vyetnam, Qırğızstan və digər ölkə vətəndaşlarının təhlükəsiz və rahat şəraitdə təxliyəsinə şərait yaradıb. Azərbaycanın dövlət qurumlarının bu sahədəki çevik fəaliyyəti ölkəmizin beynəlxalq arenadakı etibarlı və məsuliyyətli tərəfdaş statusunu bir daha təsdiqləyib.
Müxtəlif ölkələrin dövlət başçılarının, diplomatlarının, beynəlxalq təşkilatların rəhbərlərinin ölkəmizə təşəkkür ünvanlamaları isə formal diplomatik addım deyil, həm də ölkəmizin strateji məkanda yerləşməsinin, geosiyasi çəkisinin, nüfuzunun etirafıdır. Macarıstan və Boqarıstanın qərarı ilə bu ölkələrin İrandakı səfirliklərinin müvəqqəti olaraq Bakı şəhərinə köçürülməsi ölkəmizin etibarlı, sabit, təhlükəsiz məkan kimi qəbul olunmasının təzahürüdür. Müharibə şəraitində olan iki ölkə – Rusiya və İranla qonşu olmasına rəğmən, ölkəmizin böhran situasiyalara yüksək hazırlığı, təhlükəsizlik adası olduğu etiraf edilir. Avropa ölkələrinin Bakı şəhərini diplomatik missiyaların fəaliyyəti üçün məqsədəmüvafiq uyğun hesab etmələri ölkəmizin həm də tərəfsiz ölkə olması ilə şərtlənir. Macarıstan və Bolqarıstanın bu qərarı digər Avropa ölkələri üçün də presedent rolunu oynayacaq, Azərbaycanın diplomatik cazibəsini artıracaq mühüm hadisə kimi dəyərləndirilə bilər.
Ümumiyyətlə, böhranlar və ekstremal vəziyyətlər zamanı nümayiş etdirdiyi mövqe ölkəmizin son illər ardıcıl şəkildə həyata keçirdiyi “yumşaq güc” siyasətinin və beynəlxalq öhdəliklərə sadiqliyinin məntiqi davamıdır. Rəsmi Bakının beynəlxalq humanitar hüquqa və konvensiyalara sadiqliyi bu fəaliyyətlərin hüquqi-siyasi və mənəvi əsasını təşkil edir. Ölkəmiz 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və digər beynəlxalq sazişlərin tərəfdaşı olaraq münaqişə və böhran vəziyyətlərində mülki əhalinin müdafiəsinə dair öhdəliklərini yerinə yetirir.
Rəsmi Bakı uzun illərdir ki, dünyanın müxtəlif bölgələrində baş verən fəlakət və münaqişələrə operativ reaksiya verərək humanitar diplomatiyanı prioritet istiqamətlərdən birinə çevirib. Ölkəmizin son illər həyata keçirdiyi digər humanitar dəstək və yardım missiyalarını xatırlatmaq da yerinə düşər. 2023-cü ilin fevral ayında qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ zamanı Azərbaycanın göstərdiyi çoxşaxəli, operativ yardımlar təkcə Türkiyədə deyil, beynəlxalq arenada yüksək qiymətləndirilmişdi. Zəlzələdən dərhal sonra yüzlərlə xilasedici, tibbi briqadalar, humanitar yardım karvanları, xüsusi texnikalar Türkiyəyə göndərilmişdi. Ölkə rəhbərliyinin təşəbbüsü ilə zəlzələdən ciddi zərər görən Kahramanmaraş şəhərində “Azərbaycan məhəlləsi”nin inşası üçün dövlət büdcəsindən 100 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması da bu humanitar fəaliyyətinin tərkib hissəsi oldu.
Prezident İlham Əliyev iyunun 19-da Kahramanmaraşda həmin məhəllənin açılışı zamanı deyib: “Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq”.
Rəsmi Bakı Rusiya-Ukrayna müharibəsi nəticəsində milyonlarla insanın ciddi humanitar problemlərlə üzləşməsi faktına da biganə qalmayıb. Ümumilikdə, son üç ildə dövlət səviyyəsində Ukraynaya göstərilən yardımların həcmi 40 milyon ABŞ dollarından çoxdur. Müxtəlif mərhələlərdə göndərilən tibbi avadanlıqlar, dərman preparatları, qida və geyim yardımları rəsmi Kiyev tərəfindən minnətdarlıqla qeyd edilib.
Xatırladaq ki, 2020-ci ildə Livanın paytaxtı Beyrutda baş vermiş dağıdıcı partlayışdan dərhal sonra Azərbaycan hökuməti bu ölkəyə 1 milyon dollar nəbləğində yardım ayırıb, humanitar yardımlar göndərib. Tibbi ləvazimatlar, ilkin yardım vasitələri və digər zəruri ehtiyacları əhatə edən bu yardım çətin durumda olan Livan xalqına real dəstək olub.
Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə birlikdə Suriyada bərpa, sülhyaratma və humanitar fəaliyyətlərdə iştirakı ölkəmizin humanitar fəaliyyətinin geniş coğrafiyanı əhatə etməsinin göstəricisidir. Bu ölkədə illərlə davam edən vətəndaş müharibəsindən Sonra Bəşər Əsəd rejiminin devrilməsi fonunda rəsmi Bakı Türkiyənin humanitar əməliyyatlarına dəstək verib, 2024-cü ilin dekabrında İdlib bölgəsində yerləşən qaçqın düşərgələrinə 200 tona yaxın humanitar yardım göndərib.
Ümumilikdə, İran-İsrail müharibəsi fonunda həyata keçirilən təxliyə əməliyyatları Azərbaycanın beynəlxalq arenadakı imicinin və geosiyasi çəkisinin yüksəlməsi baxımından mühüm əhəmiyyətə malikdir. Humanitar diplomatiyası ölkəmizin qlobal məkanda sülh, təhlükəsizlik və humanizm dəyərlərinə mühüm yer verən ölkə olduğunu bir daha təsdiq edir.
MTM Analitik Qrup