İRANIN STRATEJİ SƏHVİ: ERMƏNİSTANA ETİMAD GÖSTƏRMƏK OLARDIMI?

Hazırda davam edən İran-İsrail müharibəsi beynəlxalq münasibətlər sistemində yeni güc xətlərini, bölgə dövlətlərinin prioritetlərini və strateji yönümlərini kəskin şəkildə ortaya qoyur. Bu vəziyyətdə diqqətçəkən məqamlardan biri də Ermənistanın qeyri-adi səssizliyidir. Ənənəvi olaraq Tehranla yaxın münasibətlərdə olan, İranın “Cənubi Qafqazda strateji tərəfdaşı” kimi təqdim olunan Ermənistanın son hərbi-siyasi qarşıdurma fonunda susqun qalması özlüyündə çoxsaylı suallar doğurur.

Qeyd edək ki, Ermənistan-İran münasibətləri 1990-cı illərin əvvəllərindən etibarən xüsusilə İrəvanın regional təcriddən çıxmaq cəhdlərinin ayrılmaz hissəsi kimi formalaşmışdı. Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan Ermənistan üçün İran yeganə nəqliyyat dəhlizi, enerji təchizatçısı və diplomatik nəfəs yeri idi. İran da Ermənistana əsasən Azərbaycanla rəqabət fonunda strateji balans aləti kimi baxırdı. Bu münasibətlərin təməlində “ortaq düşmən” düşüncəsi dayanırdı. Lakin bu gün, İran öz tarixində ən ciddi xarici təhlükə ilə – üzləşib və bu halda Ermənistan nəinki onu dəstəkləmir, hətta diplomatik təmaslara belə girmir. Bu səssizlik Ermənistanın İranla strateji tərəfdaşlığını ya formal xarakterli bir alət kimi dəyərləndirdiyini, ya da artıq bu istiqamətdə prioritetlərinin dəyişdiyini göstərir.

Ermənistanın bu davranışını bir neçə səbəblə izah etmək olar. Birinci səbəb Qərbə inteqrasiya xəttidir. Belə ki, Ermənistanın son illərdə Avropa İttifaqı ilə münasibətləri gücləndirməyə, ABŞ-la hərbi əməkdaşlığa nail olmağa çalışır və bu fonda Rusiya ilə münasibətlərdəki gərginlik artır, ölkənin yeni geosiyasi orientasiyası yaranır. İran isə hazırda Qərbin sanksiyaları və təzyiqləri altındadır. Belə bir vaxtda Tehrana dəstək vermək Ermənistanın Qərblə yaxınlaşma səylərinə zərbə vura bilər. İkinci səbəb İsraillə mümkün diplomatik əlaqələrin perspektivi ilə bağlıdır. Ermənistan uzun müddət İsrailə münasibətdə ehtiyatlı siyasət yürüdüb. Lakin Azərbaycanın İsraillə sıx hərbi əməkdaşlığı fonunda İrəvanda da İsraillə yaxınlaşma meyilləri müşahidə olunur. Ermənistan indiki vəziyyətdə İrana açıq dəstək verməklə İsraili itirmək və ya onu Ermənistan-Azərbaycan qarşıdurmasında tamamilə Azərbaycanın tərəfinə çəkmək istəmir. Üçüncü səbəb isə daxili siyasi balansla əlaqədardır. Ermənistan daxilində də İranla yaxınlaşmanı birmənalı qarşılamayan siyasi dairələr mövcuddur. Xüsusilə erməni diasporunun qərb qanadının təzyiqləri, ABŞ və Fransa ilə münasibətlərdəki incə balans bu məsələni daha da mürəkkəbləşdirir. Deməli, hadisələrin gedişatı göstərir ki, İran Ermənistana etimad göstərməkdə strateji səhvə yol verib. Halbuki İranın etdiyi yaxşılıqlar müqabilində Ermənistanın öz strateji müttəfiqinin hərbi müdaxiləyə məruz qalmasına səssiz qalmamalı, İrəvanın İsraili kəskin tənqid edən bəyanatlarını eşitməli idik. Biz isə bunun əksini görürük. Bu da onu göstərir ki, əslində İranın bölgədəki siyasəti ideoloji yük xarakterindədir və İran-Ermənistan əməkdaşlığı yalnız tərəfdaşlıq səviyyəsindədir. Əksinə, Tehran tərəfindən uzun illər tənqid edilən Azərbaycan bu müharibədə neytral və balanslı mövqe tutaraq, bölgədəki humanitar təhlükəyə diqqət çəkən çıxışlarla fərqlənir. Üstəlik, Azərbaycan cənub bölgəsindəki soydaşlarının təhlükəsizliyini təmin etməklə həm də bir humanitar məsuliyyət daşıyıcısı kimi çıxış edir.

Bir sözlə, İran-İsrail qarşıdurması fonunda Ermənistanın susqunluğu bu münasibətlərin mahiyyətini üzə çıxarır. Bu hadisə göstərir ki, Ermənistanın İranla “dərin dostluğu” daha çox şəraitə uyğunlaşdırılmış, taktiki xarakterlidir. Strateji tərəfdaşlıq anlayışı isə qarşılıqlı etimad və riskin paylaşılması ilə ölçülür. Çox güman ki, Tehran bu riskləri bölüşməyə hazır olmayan tərəfdaşlarla münasibətlərini yenidən gözdən keçirməli olacaq. Yoxsa maskalanmış tərəfdaşlıq işə yaramayacaq.

MTM Analitik Qrup