AZƏRBAYCAN BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ SABİTLƏŞDİRİCİ AKTORA ÇEVRİLİB

Müasir beynəlxalq münasibətlər sistemi ciddi problemlər məngəsindədir: klassik beynəlxalq hüquq sistemi işləmir, qlobal səviyyədə etimadsızlıq, resurs və enerji sabotajı, silahlı münaqişələr, güclə təhdid siyasəti artmaqda davam edir. Rusiya-Ukrayna müharibəsinin 3 ildən çox müddətdə davam etməsi, Yaxın Şərqdəki gərginlik, ABŞ-Çin ticarət rəqabəti, İran-İsrail hərbi qarşıdurması fonunda dünyanın yeni çağırışlarla üz-üzə qaldığı, xaotik vəziyyətin dərinləşdiyi aşkar sezilir.

Azərbaycan belə bir mürəkkəb geosiyasi şəraitdə müstəqil, praqmatik və milli maraqlara əsaslanan xarici siyasəti ilə diqqəti çəkir. Ölkəmiz uzun illər ərzində sadiq qaldığı bu siyasətlə beynəlxalq hüquqa əsaslanan, regionda və onun hüdudlarından kənarda sülhə, sabitliyə, əməkdaşlığa töhfə verən mühüm aktor kimi tanınır. Xarici təsirlərdən asılı olmadan müstəqil qərarlar vermək, qlobal konfrontasiyalarda tərəf tutmamaq, ərazilərimizdən üçüncü ölkəyə qarşı istifadə olunmasına yol verməmək rəsmi Bakının xarici siyasətinin səmərəliyini təmin edir. Qoşulmama Hərəkatının fəal üzvü kimi hərbi-siyasi bloklara qoşulmayan Azərbaycan regionda ədalətli və sivil sülh gündəliyini diktə etməklə yanaşı, beynəlxalq mübahisələrin danışıqlar yolu ilə həlli vacibliyini dəfələrlə bəyan edib.

Prezident İlham Əliyevin iyunun 15-də Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd edildiyi kimi: “Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır…Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər”.

Rəsmi Bakı xarici siyasətində geosiyasi dəyişikliklərə uyğun kiçik korrektələr etsə də, əsas prioritetlər dəyişməz qalır: milli təhlükəsizliyin təmini, ərazi bütövlüyünün qorunması, sülhə, təhlükəsizliyə, inkişafa xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq. Məsələn, rəsmi bakı Avropa İttifaqı, ABŞ, Rusiya, Çin, İran və İsrail kimi fərqli siyasi oriyentasiyaya malik güc mərkəzləri ilə münasibətlərdə tarazlığı və balansı daim qoruyub. Üstəlik, qlobal enerji təhlükəsizliyi ilə yanaşı, sivilizasiyalararası dialoqa, sivil əməkdaşlığa verdiyi töhfələr ölkəmizin etibarlı tərəfdaş imicini təmin edib.

 Bütün bunların fonunda ölkəmiz regional və qlobal miqyasda sabitləşdirici rolu ilə də seçilir. Rəsmi Bakının ötən illərdə ikitərəfli münasibətlərdəki gərginlikləri azaltmaq istiqamətindəki təşəbbüsləri konkret nəticələr verib. Hələ 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən müharibə, 2015-ci ildə Rusiya ilə Türkiyə arasında yaşanan “təyyarə böhranı”, eləcə də İsrail-Türkiyə münasibətlərinin kəskinləşməsi zamanı Azərbaycan sabitləşdirici və barışdırıcı mövqedən çıxış edib.

Hazırda Rusiya-Ukrayna, İsrail-İran hərbi qarşıdurmaları fonunda Azərbaycanın yürütdüyü təmkinli siyasət beynəlxalq mərkəzlər tərəfindən müsbət qiymətləndirilir. Ölkəmiz hansısa tərəfi dəstəkləmədən, tərəf tutmadan beynəlxalq hüququ – ərazi bütövlüyü və suverenlik prinsiplərini əsas götürür, sülh, əməkdaşlıq mesajları verir.

Ölkəmizin yerləşdiyi həssas və mürəkkəb coğrafi məkan onun beynəlxalq siyasətinə çevik yanaşma tələb edir. Məhz bu səbəbdən Azərbaycan hazırda həm Rusiya ilə müttəfiqlik münasibətlərini qoruyur, həm Avropada strateji tərəfdaş ölkələrin sırasını genişləndirir, həm də Çin və İranla müxtəlif sahələrdə əməkdaşlıq edir. Neft-qaz kəmərlərinin şaxələndirməsi, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Orta Dəhliz və yaxın perspektivdə reallaşdırılacaq Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanın regional lokomotivə çevrilməsində mühüm rol oynayıb.

Rəsmi Bakı Yaxın Şərqdə cərəyan edən proseslərə də kifayət qədər həssaslıqla yanaşır. Fələstin məsələsinə münasibəti də Azərbaycanın beynəlxalq hüquqa hörmətlə yanaşdığını təsdiqləyir. Azərbaycan BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, Fələstin xalqının müstəqil dövlət qurmaq haqqını tanıyır. Rəsmi Bakı Fələstinin tanınması, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində dəstəklənməsi, bu ölkəyə humanitar yardım göstərilməsi məsələlərində daim fəallıq göstərib.

Azərbaycan bütün bunların sayəsində İran və İsraillə diplomatik, iqtisadi və siyasi əlaqələrini qoruyub saxlaya bilən azsaylı ölkələrdən biridir. Qonşu İranla münasibətlər ölkəmiz üçün coğrafi, mədəni, dini və iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Rəsmi Bakı Tehranla münasibətlərində qarşılıqlı hörmətə, suverenliyə və daxili işlərə qarışmamaq prinsiplərini əsas tutur. Azərbaycan ərazisindən hansısa üçüncü dövlətə, o cümlədən İrana qarşı istifadə olunmasına imkan verməyib və bu yanaşmaya sadiqdir. Xarici işlər naziri Ceyhun Bayramovun bir neçə gün əvvəl iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığı zamanı səsləndirdiyi fikirlər bunun bariz ifadəsidir: “Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil”.

Rəsmi Bakının mövqeyini aydın ifadə edən bu açıqlama Azərbaycanın geosiyasi mənzərədə sabitləşdirici aktor olduğunu, region ölkələri arasında gərginliklərin qarşısının alınmasına xüsusi önəm verdiyini göstərir. “Üçüncü ölkəyə qarşı platsdarm olmamaq” prinsipi ölkəmizin çoxvektorlu diplomatiyasının əsas mahiyyətini təşkil etməklə yanaşı, regionda sabitliyin qorunmasına real töhfə verir. Ölkəmiz suveren hüquqlarını əsas tutaraq, öz ərazisindən yalnız sülh, əməkdaşlıq və regional inkişaf məqsədləri üçün istifadəyə razılıq verə biləcəyini bəyan edir.

Digər tərəfdən, Azərbaycan İsrail Dövləti ilə səmərəli və strateji xarakterli əlaqələr formalaşdırıb. Bu əməkdaşlıq təhlükəsizlik, müdafiə sənayesi, kənd təsərrüfatı, texnologiyalar və ticarət sahələrində xüsusilə inkişaf edib. Son proseslər də təsdiqləyir ki, Bakı və Tel-Əviv arasındakı əməkdaşlıq üçüncü bir ölkənin maraqlarına qarşı yönəlməyib.

Bir sözlə, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanan xarici siyasəti ilə qlobal miqyasda hörmət və etibar qazanan dövlətlərdən birinə çevrilib. Rəsmi Bakının müstəqil diplomatik xətti, qütbləşmiş dünyada dialoq mədəniyyətini təşviq etməsi, qonşularla mehriban münasibətləri qoruması regionda və beynəlxalq münasibətlər sistemindəki siyasi çəkisini artırır.

MTM Analitik Qrup