İRAN-İSRAİL MÜHARİBƏSİ: QLOBAL HUMANİTAR YARDIM ZƏNCİRİNİN FORMALAŞDIRILMASI ŞƏRTDİR

İran-İsrail müharibəsinin davam etdiyi təqdirdə bölgədə genişmiqyaslı humanitar böhranın, qaçqın axınının, etnik və məzhəb gərginliklərinin, enerji təhlükəsizliyi təhdidlərinin və regional güclər arasında yeni qarşıdurma xətlərinin yaranması qaçılmazdır. Belə bir ssenari fonunda qonşu ölkələrin tutacağı mövqe, atacağı diplomatik və praktiki addımlar regionun statusunu, daxili sabitliyini və milli maraqlarını qorumaq baxımından olduqca strateji əhəmiyyət daşıyır. Nəzərə almalıyıq ki, İran-İsrail qarşıdurması hazırda müharibə fazasına keçib. Belə bir şəraitdə bölgədəki sabit və logistika baxımından əlverişli ölkələrin, xüsusilə Azərbaycan və Türkiyənin əsas sığınacaq və yardım dəhlizlərinə çevrilməsi ehtimalı artır. Hadisələrin gedişatı göstərir ki, Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi, onlara humanitar dəstəyin göstərilməsi və təhlükəsizliklərinin qorunması qarşıdakı dövrdə əsas məsələlərdən olacaq. Bu konfiqurasiya beynəlxalq hüquq və BMT mexanizmləri baxımından humanitar müdaxilə və regional yardım zəncirinin formalaşdırılmasını şərtləndirir. Bu kontekstdə əsas funksiya Azərbaycan və Türkiyənin üzərinə düşür.

Böyük ehtimalla müharibə zamanı İranın mərkəzi və qərb bölgələrindən hərbi əməliyyatlardan qaçan insanlar etnik və dil baxımından yaxın olan Azərbaycanı təhlükəsiz məkan kimi görəcək. Bu baxımdan Azərbaycanın cənub bölgələri, xüsusən Astara, Lənkəran, Biləsuvar güneyli soydaşlarımızın mümkün axını üçün ilk təmas nöqtəsi ola bilər. Belə olan təqdirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, UNICEF və Dünya Ərzaq Proqramı  kimi strukturların yardım fondları sürətlə işə başlamalı, İrana qonşu olan ölkələrə üzləşə biləcəkləri humanitar fəlakətin öhdəsindən gəlməyə kömək etməlidirlər. Bu prosesdə İslam Əməkdaşlıq Təşkilatı da xüsusi fəallıq nümayiş etdirməlidir.

İranda qaçqına çevrilmə ehtimalı olan əhalinin üz tutacağı ölkələr sırasında Azərbaycan və Türkiyə ilk sırada dayanır. Buna səbəb əhalinin böyük hissəsinin həmin ölkələrlə mədəni bağlılığı, tarixi qohumluq əlaqələridir. Təbii ki, Türkiyə geniş miqyaslı humanitar planlaşdırma və miqrasiya idarəetməsi təcrübəsinə malikdir. Suriyadan 2011-ci ildən bəri qəbul etdiyi milyonlarla qaçqınların həyat və yaşayış şəraiti təmin olunması nümunəsi göstərir ki, Ankara bu sahədə xüsusi təcrübə qazanıb. Bu dəfə də İrandan çıxmağa çalışan əhali üçün Türkiyə həm logistik körpü, həm də ilk tibbi və sosial yardım məntəqəsi rolunu oynaya bilər. Lakin bu yükün altına təkbaşına girmək Türkiyənin daxili sosial və iqtisadi balansını da sarsıda bilər. Ona görə də Azərbaycan və Türkiyənin belə ağır humanitar yükü təkbaşına daşıması mümkün deyil. Bu ölkələrdə yaranacaq düşərgələrin saxlanılması, miqrasiya idarəçiliyi, tibbi xidmət, ərzaq və su təchizatı, uşaq və qadınların qorunması kimi sahələrdə ciddi beynəlxalq maliyyə və texniki dəstəyə ehtiyac olacaq. Avropa İttifaqı, ABŞ və beynəlxalq maliyyə qurumları baş verəcək hər hansı humanitar böhranın qarşısının alınmasına yalnız siyasi bəyanatlarla deyil, real büdcə və resurslarla qoşulmalıdır. Əks halda, genişmiqyaslı böhran həm Yaxın Şərqdə, həm də onunla qonşu bölgələrdə təhlükəsizliyi ciddi təhdid edə bilər. Belə olan halda Azərbaycan və Türkiyə həm fiziki sərhədlərinin, həm də enerji, kommunikasiya, informasiya infrastrukturunun qorunmasına xüsusi önəm verməli, ehtiyat tədbirləri görməlidir. Azərbaycan bu məsələdə də Ankara ilə koordinasiyalı hərəkət etməli, ölkələrimiz arasındakı hərbi-strateji əməkdaşlıq mexanizmləri bu böhran fonunda daim aktiv saxlanmalıdır.

MTM Analitik Qrup